AZ EN RU

Baş-leytenant Amin Gülməmmədovun xatirəs yad olunur YENİLƏNİB

Dekabrın 28-də Culfa rayonunun Saltaq kəndində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn baş leytenant Amin Gülməmmədovun xatirəsi yad olunub. Tədbirdə şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, Culfa Rayon İcra Hakimiyyətinin rəhbərliyi, media nümayəndələri, rayon gəncləri, ağsaqqallar və ziyalılar, hərbçilər, şəhidin döyüş yoldaşları iştirak ediblər.
Şəhidin məzarı başında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Anım mərasimində çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.
Anım mərasimində məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Şəhidin ailə üzvləri çıxış edərək bildirib ki, Vətən müharibəsində Azərbaycan xalqı, sözün həqiqi mənasında, birlik nümayiş etdirərək böyük Zəfərə nail oldu və bu Qələbə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hərbçilərin, o cümlədən gənclərin göstərdiyi şücaətin əsl vətənpərvərlik nümunəsi idi. 
Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Sonda tədbir iştirakçıları üçün ehsan süfrəsi açılıb, şəhidlərimizin ruhuna dualar oxunub.
Xatırladaq ki, Amin Gülməmmədov 1995-ci il iyulun 31-də Culfa rayonunun Saltaq kəndində anadan olub. 2001-ci ildə Saltaq kənd tam orta məktəbinə qəbul olur, 2010-cu ildə hərb sənətinin ilkin mərhələsinə yiyələnmək üçün Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseydə təhsilini davam etdirir. 2013-cü ildə bu təhsil ocağından məzun olan Amin Mayis oğlu Gülməmmədov paytaxt Bakıdakı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olur. 2017-ci ildə AAHM-i bitirərək leytenant rütbəsinə yiyələnir və təyinat üzrə Füzuli rayonuna göndərilir.
27 sentyabr 2020-ci ildə başlanan İkinci Qarabağ savaşına baş leytenant kimi qoşulan Amin Gülməmmədov Füzuli, Xocavənd, Cəbrayıl və Hadrutun düşmən işğalından azad olunması üçün qəhrəmalıqla döyüşüb. 2 noyabr 2020-ci il tarixdə Daşaltı istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. 28 dekabr 2020-ci ildə Saltaq kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhid Amin Gülməmmədov ölümündən sonra 4 medala – “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “İgidliyə görə” və “Xocavəndin azad olunmasına görə” layiq görülür.

Nəşr edilib : 28.12.2023 11:26