AZ EN RU

Baş konsul Asip Kaya: “Naxçıvanda çox önəmli layihələr həyata keçirəcək, xalqlarımız və ölkələrimiz arasındakı birliyə töhfə verməyə çalışacağıq”

    Türkiyə Respublikasının Zəfər Bayramı və Türkiyə Silahlı Qüvvələri Günü Naxçıvanda da geniş şəkildə qeyd olunub. Bu münasibətlə keçirilən tədbirdən sonra Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya Türkiyə Respublikasının Zəfər Bayramı və Türkiyə Silahlı Qüvvələri Gününün əhəmiyyəti, Azərbaycan və Türkiyə respublikaları arasında qardaşlıq, dostluq münasibətləri, gələcək əməkdaşlıq əlaqələri barədə fikirlərini “Şərq qapısı” qəzeti ilə bölüşüb: – Bu gün 30 avqust – Zəfər Bayramımızı qeyd etdik. Bilirsiniz ki, 30 avqust zəfəri türk tarixində çox önəmli bir dönüş nöqtəsidir. Yunanlara qarşı qazandığımız bu zəfər sonrası “Lozanna” müqaviləsi imzalandı və Türkiyə Cümhuriyyəti yenidən müstəqil bir dövlət olaraq dünya səhnəsinə çıxdı. Bu baxımdan 30 avqust bizim tariximizin ən önəmli dönüş nöqtələrindən biridir. Bu gün Naxçıvanda gözəl bir formatda bayramımızı qeyd etdik, çoxlu qonaqlarımız oldu. Səlahiyyətli nümayəndə Fuad Nəcəfli başda olmaqla bütün dövlət və hökumət nümayəndələri, naxçıvanlı qardaşlarımız, mətbuat üzvləri, buradakı iş adamlarımız bu tədbirdə iştirak etdilər. Bayramımızı, bu coşqunu bizimlə paylaşdıqları üçün təşəkkür edirəm. Bu il Cümhuriyyətimizin 100-cü ildönümüdür. 29 oktyabrı da böyük bir coşqu içərisində, yenə burada naxçıvanlı qardaşlarımızla birlikdə qeyd edəcəyimizə ümid edirik.
    Asip Kaya Türkiyə-Azərbaycan əlaqələrindən, Naxçıvanın bu əlaqələrdəki rolundan da bəhs edərək deyib: – Mən burada fəaliyyətə başladığımdan bəri Türkiyə ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasındakı əlaqələri hər sahədə genişləndirməyə çalışıram. Naxçıvandan Türkiyəyə və ya Türkiyədən Naxçıvana uzun illərdir, geniş tərkibli işgüzar səfərlər olmayıb. Türkiyədən çox sayda iş adamı və ya müxtəlif qruplar buraya səfərə gəlirlər. İnşallah, bu səfərlərin intensivləşməsinə dəstək olacağıq. Gələcəkdə rəsmi səfərlərin də çox olacağına ümid edirik. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasındakı əlaqələr gələcəkdə çox sürətlə inkişaf edəcək. Çox önəmli layihələri həyata keçirəcəyik. “Ziraat” Bankı açılacaq. Türkiyə-Naxçıvan ticarət dərnəyi qurmaq istiqamətində hazırda işlər davam edir. Gələcək həftə iş adamlarından ibarət böyük bir qrup Türkiyədən buraya gələcək, müxtəlif araşdırmalar aparacaqlar. Dediyim kimi, münasibətlərimiz hər sahədə inkişaf edir, biz də Baş Konsulluq olaraq burada başda səlahiyyətli nümayəndə olmaqla bütün dövlət rəhbərləri ilə gözəl əlaqələr qurmuşuq. Xalqlarımız və ölkələrimiz arasındakı birliyə əlimizdən gəldiyi qədər töhfə verməyə çalışırıq. Bu il həm Türkiyə, həm də Azərbaycan üçün çox önəmlidir. Türkiyə Cümhuriyyətinin yaradılmasının, eyni zamanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür. Ulu Öndərlə bağlı bir çox tədbirlər keçirilir. Gələcək aylarda biz də bu münasibətlə bir neçə tədbir təşkil etməyi nəzərdə tuturuq, inanırıq ki, həmin tədbirləri yüksək səviyyədə keçirə biləcəyik. 

 Nail ƏSGƏROV

Nəşr edilib : 30.08.2023 22:23