AZ EN RU

Baramaçılıq və ipəkçilik ənənələri dirçəldilir

    Tarixi mənbələrə əsasən hələ V-VI əsrlərdə formalaşan baramaçılıq sahəsindən əldə edilən Azərbaycan ipəyi XII əsrdən etibarən Böyük İpək Yolu ilə Avropa və Asiya ölkələrinə ixrac olunub. Alban tarixçisi Musa Kalankatlı “Alban tarixi”  əsərində  Kür çayı sahillərində çoxlu tut ağacı olduğunu və bundan ipək parça istehsalında xammal kimi istifadə edildiyini yazır. Məlumdur ki, Şamaxı, Şəki və digər rayonlarda istehsal olunan ipək parçaların şöhrəti dünyaya yayılıb.
    Ötən əsrin 70-ci illərində Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə baramaçılığın və ipəkçiliyin inkişafında əsaslı dönüş yaranıb. Ulu Öndərin təşəbbüsü ilə qəbul olunmuş “Azərbaycan Respublikasında ipəkçiliyin gələcək inkişafına dair tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Sovetinin 1971-ci il 3 mart tarixli Qərarı baramaçılığın və ipəkçiliyin inkişafına böyük təkan verib, bu sahənin maddi-texniki bazası, sənaye potensialı gücləndirilib. Tut ipəkqurdunun bəslənməsi üçün kümçülərə mövsümi yerlərin ayrılması və yaş baramanın tədarük qiymətinin yüksəldilməsi istehsalçılarda baramaçılığa marağı daha da artırıb, eyni zamanda ipəkçiliyə dair geniş tədqiqatlar aparılıb. 70-80-ci illərdə respublikanın 60 rayonunda baramaçılıq şəbəkəsi yaradılıb ki, bu da istehsal sahəsində ildən-ilə artımla nəticələnib. Mənbələrə əsasən yaş barama istehsalı 1970-ci ildə 3,7 min, 1975-ci ildə 4,4 min, 1980-ci ildə 5,0 min, 1985-ci ildə 5,5 min, 1991-ci ildə  isə 5,9 min tona çatdırılıb. Həmin dövrdə ölkəmizdə Elmi-Tədqiqat İpəkçilik İnstitutu, Qax və Gəncə Damazlıq İpəkçilik stansiyaları,               7 barama toxumu zavodu, 30-dək rayon barama qurutxanası, 80-ə yaxın barama tədarükü və ilkin emalı məntəqələri, 4 tinglik təsərrüfatı, 31ipəkçilik idarəsi, Ordubad Baramaaçma Fabriki, Qarabağ və Şəki İpək kombinatları fəaliyyət göstərib. Ordubad Baramaaçma Fabriki, Qarabağ və Şəki İpək kombinatlarında hazırlanan xam, eşmə və cod ipək parçalar dünyanın bir çox ölkələrinə ixrac edilib. 
    90-cı illərin məlum hadisələrindən sonra Qarabağ İpək Kombinatının yerləşdiyi Xankəndi şəhərinin işğal olunması, Ordubad Baramaaçma Fabrikinin bağlanması və Şəki İpək Kombinatının fəaliyyətində çətinliklər yaranması sonrakı dövrlərdə ölkə ərazisində barama istehsalının kəskin azalmasına səbəb olub. 
    Son illərdə ölkə başçısının baramaçılığın və ipəkçiliyin inkişafı ilə bağlı imzaladığı fərman və sərəncamlar bu sahənin yenidən inkişafına şərait yaradıb, 2016-cı ildən ipək istehsalının müasir infrastrukturunun yaradılmasına başlanılıb. Görülən tədbirlər nəticəsində 2016-cı ildə 70,7 ton, 2017-ci ildə isə 245,2 ton yaş barama istehsal edilib. Barama istehsalı ilə məşğul olan şəxslərə emal müəssisələrinə təhvil verdikləri baramanın hər kiloqramına görə subsidiyanın verilməsi bu sahəyə marağı artırıb. Dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi, ixrac potensialının artırılması və kənd yerlərində məşğulluğun təmin edilməsində əhəmiyyətli rol oynayıb. Dövlət proqramının məqsədi ipəkçiliyin dayanıqlı əsaslarla inkişafına nail olmaq, ipək emalı sənayesinin xammal təminatını yüksəltmək, istehsal edilən məhsulun keyfiyyətini və həcmini artırmaq, yeni təsərrüfat subyektləri yaratmaq, ipək məhsullarının ixrac potensialını gücləndirmək və məşğulluğu artırmaqdan ibarətdir. Bu məqsədə nail olmaq üçün  mövcud bağlarda bərpa və yenidənqurma işləri aparmaqla tut (çəkil) ağaclarının məhsuldarlığının artırılması, barama toxumçuluğunun inkişafı, yeni məhsuldar ipəkqurdu cinsləri və hibridlərinin yaradılması, baramaçılığın və ipəkçilik sənayesinin müasir texnologiyalar əsasında təşkili, ipək məhsulları ixracının dəstəklənməsi və təşviqi diqqət mərkəzində saxlanılır. Dövlət proqramının icrası nəticəsində 2025-ci ilədək yaş barama istehsalı həcminin 6,0 min tona çatdırılması nəzərdə tutulur.
   Naxçıvanda da ipəkçilik  kənd təsərrüfatında vacib sahələrdən biri olub, bölgədə ipəkçiliyin əsas mərkəzi Ordubad sayılıb. “Naxçıvan tarixi”nin ikinci cildində qeyd edilir ki, XIX əsrin 70-90-cı illərində bu əyalətin 46 kəndində ipəkçiliklə məşğul olublar. Bunların da arasında Ordubad şəhəri, Aşağı və Yuxarı Əylis, Aza, Çənnəb, Vənənd, Əndəmic, Dırnıs, Gənzə, Dəstə, Biləv kəndləri daha çox fərqlənib. 1885-ci ildə Tiflisdə keçirilən ipəkçilik sərgisində 10 yaxşı ipək məhsulu içərisində Ordubad ipəyi seçilib və  mükafatlandırılıb. Rayonda barama istehsalı başlıca olaraq iri sahibkar­ların əlində cəmləşib və onlar iri dövlət və şəhərlərlə geniş ticarət əlaqələri yarada biliblər...
    Hazırda muxtar respublikamızda da “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr yerinə yetirilir. Martın 29-da Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyinin əməkdaşlığı çərçivəsində Ordubad rayonunun “Əylis düzü” adlanan ərazisində Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə “Azərbaycan – Türkiyə ipək bağı” salınması bu sahədə atılan mühüm addımlardandır. İki ölkə arasındakı dostluğun və qardaşlığın rəmzi olan, 1,2 hektar ərazidə yeni salınan bağda Türkiyədən gətirilmiş 600-dən artıq tut tingi əkilib ki, bu da gələcəkdə muxtar respublikada baramaçılığın inkişafına mühüm  töhfə verəcək.
    Məlumat üçün bildirək ki, Ordubad ipəkçiliyin inkişaf etdiyi və ipəyi ilə dünyada tanınan bir bölgə olub. 1926-1927-ci illərdə Ordubad şəhərində kiçik bir otaqda barama toxumu istehsalına başlanılıb, 1932-ci ildə barama toxumu zavodu inşa olunub. Ordubadda Avropa tipli baramaaçma fabriklərinin tikintisinə 1870-ci ildə başlanılıb, Yusif Məmmədəliyev adına Ordubad İpək Kombinatı 1883-cü ildə istifadəyə verilib. Sovet hakimiyyəti vaxtında fabrikdə 1935 və 1969-cu illərdə yenidənqurma işləri aparılıb, müasir avadanlıqlar tətbiq edilib, 1970-ci ildə toxucu sexi istifadəyə verilib. 1987-ci ildə kombinatda 108 ton ipək istehsal olunub. İstehsal olunan xam ipəyin bir hissəsindən cod parçalar hazırlanıb, Şəki, Şamaxı, İsmayıllı və digər şəhərlərə, habelə Rusiya, İsveçrə, İtaliya, Belçika, Yaponiya,  Koreya və başqa ölkələrə göndərilib. Muxtar respublikanın  blokada şəraitinə düşməsi ilə əlaqədar istehsal həcmi də azalıb.
    Tarixən ipəkçilik mərkəzi kimi tanınan Ordubadda vaxtilə baramaçılıqla məşğul olan sakinlərlə görüşüb söhbət etdik. Mahir Məmmədov vaxtilə valideynlərinin baramaçılıqla məşğul olduğunu, Ordubad İpək Fabrikində işlədiklərini dedi: – 1987-88-ci illərdə mən də həmin fabrikin avtomat sexində usta kimi çalışmışam. O vaxt Ordubaddakı ailələr barama istehsal etmək üçün toxum zavodundan ipəkqurdu toxumu gətirib fabrikdəki anbar, ya da həyətyanı sahələrdə  onu becərirdilər. Tut yarpağını  bir həftə boyunca ipəkqurdlarına verir, onlar yarpağı yeyib yapışqanlı şirə ifraz edir, bu şirə bərkiyib ipək tellərə dönürdü. İpəkqurdu hazırladığı ipək tellərdən barama toxuyur, özü də baramanın içində qalırdı. Ümumilikdə, iyirmi bir günə barama hazır olurdu.  Ondan ipək fabrikində ipək istehsal olunur, Şəkiyə, Gəncəyə, Xankəndiyə, eləcə də dünyanın bir çox yerlərinə göndərilirdi. Orada müxtəlif çeşidli ipək parçalar, paltarlar toxunurdu. Ordubadlıların o vaxt dedikləri sözü hələ də xatırlayıram. Deyirdilər ki, neftə qara, pambığa ağ qızıl deyirlər. Neftin litri 40 qəpik, pambığın kilosu               6 manat, baramanın kilosu isə 26 manatdır. Demək ki, barama brilyantdır, o da bizim Ordubaddadır. 
    Müsahibim onu da əlavə etdi ki, bu gün də Naxçıvanda, eləcə də Ordubad rayonunda ipəkçilik, baramaçılıq  üçün əlverişli şərait vardır. Dövlətin qayğısı ilə aqrar sahədə uğurla həyata keçirilən islahatlar hesabına unudulan, yaddan çıxan ənənəvi təsərrüfat sahələri bu gün tədricən bərpa olunur. Kütləvi ekoloji tədbirlər zamanı müxtəlif sort tut ağacları əkilməsi, eləcə də ötən günlərdə Əylis düzündə salınan ipək bağı baramaçılığın gələcək inkişafı üçün əsasdır. Ordubadlılar üçün  baramaçılıq əlverişli qazanc yolu ola bilər. 
    Həmsöhbət olduğumuz Yusif Murtuzov isə qeyd etdi ki, bir vaxtlar Ordubadın kəndlərində əksər adamlar ipəkqurdu saxlayıb becərir, onunla dolanırdılar. Biləv, Aza, Gilançay, Baş Dizə, Düylün və digər kəndlərdə əhalinin əsas məşğuliyyəti ipəkçilik,  üzümçülük, tütünçülük, tərəvəzçilik idi. Mənim də valideynlərim baramaçılıqla məşğul olurdular. 10 yaşımdan yarpağın daşınmasında, qurd kollarının qorunmasında  və digər işlərdə onlara yaxından kömək edirdim. Bu gün də baramaçılıq kənd və rayonlarda halal yolla pul qazanmaq istəyənlər üçün əsas yollardan biridir. Qısa müddət ərzində düzgün qulluq və zəhmət nəticəsində əldə edilən barama təsərrüfatın digər sahələri ilə müqayisədə xeyli gəlir gətirə bilər. Bu gün dövlətimiz tərəfindən  yaradılan  hərtərəfli şərait bu sahədə fəaliyyət üçün geniş imkanlar açır. 
    Görülən tədbirlər belə deməyə tam əsas verir ki, muxtar respublikada gələcəkdə baramaçılıq və ipəkçilik ənənələrinin bərpası və inkişafında mühüm rol oynayacaq, bu sahədə məşğulluğun təmin olunmasına şərait yaradacaq, bütövlükdə, ölkənin ümumi iqtisadi potensialına mühüm töhfə verəcək. 

 Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 10.04.2023 23:56