AZ EN RU

Bank sektorunun inkişafı təkmilləşdirilir

    Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqı Şurasının birgə təşkilatçılığı, Azərbaycan Respublikası Mərkəzi Bankı, Azərbaycan Beynəlxalq Bankı ASC və “International Consulting Company”dən cəlb olunmuş əməkdaşların təlimçi qismində iştirakı ilə Ağbulaq İstirahət Mərkəzində “Bank-Təlim Məktəbi” layihəsi çərçivəsində muxtar respublikada fəaliyyət göstərən banklardan, ümumilikdə, 40 nəfər seçilmiş fəal gənc bank əməkdaşı cəlb olunması ilə tədbir keçirilmişdir. 
    Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev layihənin əhəmiyyətinə toxunaraq keçirilmiş təlimlərin muxtar respublikada bank sektorunun inkişafı baxımından həlledici rol oynadığını qeyd etmişdir. Bildirilmişdir ki, layihə çərçivəsində keçirilmiş təlimlərin məqsədi muxtar respublikada bank savadlılığının ictimai dəyər kimi tanınması, bank əməkdaşlarının maliyyə savadlılıq səviyyəsinin artırılması, həmçinin bank məsələləri ilə bağlı düzgün qərarların verilməsini dəstəkləmək, bank sektoru ilə əlaqəli bilik və bacarıqları daha da təkmilləşdirməkdən ibarət olduğunu vurğulamışdır.
    Tədbirdə “International Consulting Company”nin direktoru Ramin Bayramov, Azərbaycan Respublikası Mərkəzi Bankının eksperti İbrahim Ağayev, Azərbaycan Beynəlxalq Bankı ASC-nin Rəqəmsal marketinq şöbəsinin müdiri Sərvər Cəfərov müasir bank məhsulları və xidmətləri, biznes etikası, bankçılıqda rəqəmsal trendlər və bank məhsullarının onlayn satışı haqqında məlumat vermişlər.
    Təlimin sonunda bank əməkdaşları arasında sorğu keçirilmişdir.

Xəbərlər şöbəsi

Nəşr edilib : 19.04.2022 18:26