AZ EN RU

“Bank Respublika” Açıq Səhmdar Cəmiyyəti Naxçıvanda müasir konseptdə yeni filialını açmışdır

    Aktivlərinin həcminə görə ölkənin ilk 5 bankından biri olan “Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinin yaranmasının 30-cu ildönümündə Naxçıvan şəhərində yeni filialının açılışı olmuşdur.
    “Bank Respublika” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Mərkəzi Bankı ilə Naxçıvan Muxtar Respublika İdarəsinin iştirakı ilə müasir konseptdə olan yeni “Naxçıvan” filialı müştərilərin istifadəsinə verilmişdir. Ən müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş filialda müştərilərin rahatlığı üçün bütün məqamlar nəzərə alınmışdır.
    Yeni filialın açılışı ilə bağlı “Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Tarıyel İsmayılov qeyd etmişdir ki, regional şəbəkənin aktiv inkişafı bankın prioritet strateji məqsədlərindən biridir. “Naxçıvan” filialının açılışı yerli əhaliyə və iş adamlarına müasir bank xidmətlərini təqdim edərək muxtar respublikanın iqtisadi və sosial inkişafına müsbət təsir göstərəcəkdir. O həmçinin vurğulamışdır ki, bankın əsas istiqamətlərindən biri kiçik və orta biznes, həmçinin mikro­kreditləşmə sahələrində müasir texnologiyalardan istifadə edilməklə daim müştərilərə keyfiyyətli bank xidmətləri göstərilməsi olacaqdır.
    Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev ölkənin aparıcı 5 bankından biri olan “Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvanda filial açmasının sahibkarlıq fəaliyyətinin dəstəklənməsində, real sektorun, xüsusən də kənd təsərrüfatının inkişaf etdirilməsində, bununla da muxtar respublikanın maliyyə sabitliyinin dəstəklənməsində, eləcə də vətəndaşların maliyyə imkanlarına əlçatanlığının təmin olunmasında  mühüm əhəmiyyət kəsb edəcəyini vurğulamışdır.
    Qeyd edək ki, yeni filial Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, ev 37-3 ünvanında yerləşir.

Xəbərlər şöbəsi

Nəşr edilib : 13.06.2022 21:00