AZ EN RU

Bakının işğaldan azad edilməsi Azərbaycan tarixinin qürur səhifəsidir

Osmanlı və Azərbaycan hərbçilərindən təşkil olunmuş Qafqaz İslam Ordusunun 1918-ci il sentyabrın 15-də Bakı şəhərini yadelli qüvvələrdən azad etməsindən 104 il keçir. Bununla əlaqədar olaraq Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının həmin hadisənin hərbi-siyasi, tarixi və mənəvi-psixoloji əhəmiyyətindən bəhs edən “15 Sentyabr – qürur tariximiz” adlı məqaləsini təqdim edir.

1917-ci ilin oktyabr ayında bolşeviklər hakimiyyətə gəldikdən sonra Rusiya Birinci Dünya müharibəsindən çıxdı. Qafqaz cəbhəsindən geri çəkilən rus ordusu ilə birlikdə Anadoluda türk-müsəlman əhaliyə qarşı kütləvi qırğınlar törədən erməni silahlı dəstələri də Cənubi Qafqaza gəldilər. Bu zaman anarxiyanın hökm sürdüyü regionda rəsmi və qeyri-rəsmi olaraq üç hakimiyyət - müvəqqəti hökumətin orqanları, sovetlər və milli şuralar fəaliyyət göstərirdi. Rusiya hərbçiləri silahlarını erməni terrorçularının başçılıq etdiyi bandalara verdilər. Həmin bandalar Anadoluda törətdikləri qırğınları bu dəfə Borçalıda, İrəvan quberniyasında, Cənubi Azərbaycan və indiki Azərbaycan Respublikası ərazisində türk-müsəlman əhaliyə qarşı etdilər. Anarxiyanın hökm sürdüyü regionda azərbaycanlı əhalinin vəziyyəti ağır idi. Türk-müsəlman olduqlarından etibar etmədiyi üçün çarizmin hərbi xidmətə çağırmadığı azərbaycanlıların ordusu yox idi. Yalnız könüllülərdən ibarət “Vəhşi diviziya” var idi. Hərbi xidmətə çağırılmayan azərbaycanlılar hərb sənətini, özünümüdafiəni yadırğayır, hərbi xidmət keçmədikləri üçün vergi ödəyirdilər. Beləliklə, ikitərəfli ziyan dəyirdi: həm özlərini müdafiə edə bilmirdilər, həm də vergi verirdilər. 1917-ci ilin noyabr ayında Bakıda Stepan Şaumyan başda olmaqla qurulan sovet hökuməti dinc türk-müsəlman əhaliyə zülm edirdi. Bakı Sovetinin başlıca məqsədi Müvəqqəti hökumətin orqanlarının fəaliyyət göstərdiyi Tiflisi ələ keçirmək və bütün Cənubi Qafqazda sovet hakimiyyətini elan etmək idi. Azərbaycanlı əhaliyə zülm edən Bakı Soveti erməni silahlı dəstələri ilə bərabər hərəkət edirdi. Erməni silahlı dəstələrinin Cənubi Qafqazın müxtəlif yerlərində həyata keçirdikləri qırğınların qarşısını Transqafqaz Komissarlığı və onun yerində qurulan Transqafqaz Seymi ala bilmədi. Qırğınlar amansızlıqla törədilirdi. Türk-müsəlman əhaliyə qarşı zülmün zirvə nöqtəsi 1918-ci ilin martında Bakı şəhərində törədilən soyqırımı oldu. Başlıca məqsəd Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsinin qarşısını almaq, Bakı və Abşeron yarımadasını türksüz, müsəlmansız əraziyə çevirmək, neftə yiyələnmək idi.

1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyi Tiflisdə elan edildi. Müsəlman Şərqində ilk dəfə olaraq Xalq Cümhuriyyəti quruldu. Azərbaycan dövlətinin qurulması üçün lazım olan ilkin zəruri şərtlər - ərazi və əhali mövcud idi. Regionun digər xalqlarından sayca çox olan azərbaycanlılar Cənubi Qafqazda ən böyük əraziyə də sahib idilər. Hökumət də quruldu. Gəncə şəhəri Azərbaycanın müvəqqəti paytaxtı elan edildi. Lakin Bakı şəhəri yadelli qüvvələrin əlində idi. Yeni qurulmuş Azərbaycan dövlətinin şəhəri azad etmək üçün kifayət qədər qüvvəsi olmadığından xarici yardıma ehtiyac duyulurdu. Osmanlı dövləti iyunun 4-də Batumda imzaladığı müqavilə ilə Azərbaycana yardım etməyi üzərinə təəhhüd olaraq götürdü. Qeyd etmək lazımdır ki, buna qədər türk hərbi təlimatçıları artıq Gəncəyə gəlmişdilər. Batum müqaviləsinin şərtlərinə uyğun olaraq Azərbaycan yardım üçün Osmanlıya rəsmi müraciət etdi. Osmanlı dövlətinin hərbi naziri Ənvər Paşanın qardaşı Nuru Paşanın komandanlığı altında Qafqaz hərəkatı başladı. Müvəqqəti paytaxt olan Gəncədə yerləşən Azərbaycan hökumətinin başlıca məqsədi Bakı şəhərini azad etmək idi. Cərgələrini yerli əhalidən doldurmaqdan və Bakı şəhəri azad edildikdən sonra siyasi-diplomatik problemlərin yaranmamasından ötrü ordu Qafqaz İslam Ordusu adlandırıldı. Hərəkatın hüquqi-siyasi təməlini Batum müqaviləsi təşkil edirdi.

Bakının azad edilməsi uğrunda hərəkatın milli-mənəvi əsasları da var idi. Dünya türklüyünün və İslamın mərkəzi olan Osmanlı dövləti Cənubi Qafqazda milli və dini əlamətlərə görə öldürülən türk-müsəlmanlara yardım etməli idi. Türk-müsəlmanlar Osmanlı dövlətinə xilaskar, nicat gözü olaraq baxırdılar. Osmanlı ilə dil, din, mədəniyyət baxımından bir olan Cənubi Qafqazın türk-müsəlman əhalisi erməni-daşnak dəstələrinin və bolşevik qoşunlarının soyqırımına uğramışdılar. Özü nə qədər ağır vəziyyətdə olsa da, türk-müsəlmanlara yardım etmək Osmanlının milli-mənəvi borcu idi. Qeyd etmək lazımdır ki, buna qədər çoxlu azərbaycanlı gənc Balkan savaşlarında və Çanaqqala döyüşlərində türk qardaşlarına yardım etmək üçün çarizm orqanlarından xəlvəti olaraq getmişdilər. Onlar Osmanlı dövlətinin məğlub olmasını istəmirdilər. Bakı hərəkatının, heç şübhəsiz, hərbi-strateji və iqtisadi səbəbləri də var idi. Azərbaycan Cənubi Qafqazın açar ölkəsi hesab edilirdi. Bakıya sahib olan təkcə Azərbaycana və Cənubi Qafqaza deyil, Xəzərə də nəzarət qazanırdı. Xəzər üzərində hakim olmaq Şimali Qafqaza nəzarət, Orta Asiyaya, oradan da Hindistana gedən yola çıxmaq, Orta Asiyaya sahib olmaq isə dünyanın ürəyi olan Avrasiyaya yiyələnmək demək idi. Dünyanın ürəyinə gedən yol qızıl körpü olan Azərbaycandan, Bakıdan keçirdi. Bu hərəkatın iqtisadi səbəbləri də var idi. Bakı zəngin neft mənbəyi idi. Dünya müharibəsinin son mərhələsində yaxın və orta Şərqdə, Qafqazda başlıca olaraq iki neft mənbəyi – Mosul və Bakı uğrunda müharibə gedirdi. Birinci Dünya müharibəsi həm də neft savaşı idi. Osmanlı dövlətinin bu strateji yola, mövqelərə və neft mənbəyinə yiyələnməsi üçün imkanları digər ölkələrdən üstün idi. Cənubi Qafqazda yaşayan təqribən 6 milyon nəfər əhalinin 3 milyonu türk-müsəlman idi. Onlar Osmanlını qardaş bilirdilər. Qafqaz İslam Ordusunun hücumları qarşısında tab gətirə bilməyən Bakı Soveti 1918-ci il iyulun 31-də devrildi. Onun yerində xarici yardımlarla əslində koalisiyalı hökumət olan Sentrokaspi diktaturası quruldu. Sentrokaspi hökuməti general Leonel Denstervil başda olmaqla ingilis qüvvələrini Ənzəlidən Bakıya dəvət etdi. Bu zaman Bakı uğrunda təkcə amansız döyüşlər deyil, eyni zamanda, gərgin siyasi-diplomatik mübarizə gedirdi. Regionda maraqları olan hər bir dövlət əlverişli coğrafi-siyasi mövqeyi və zəngin neft mənbələri olan Azərbaycana yiyələnməyə çalışırdı. Qafqaz İslam Ordusunun Bakıya yürüşünün qarşısını almaq üçün hərəkətə keçən bolşevik Rusiyası müharibədə Osmanlının müttəfiqi olan Almaniya ilə avqustun 27-də müqavilə imzaladı. Müqaviləyə görə, Almaniya Bakı neftindən alacağı bəlli pay müqabilində Osmanlı qoşunlarının Kür çayını keçməməsi üçün öhdəlik götürürdü. Belə bir müqavilənin imzalanması göstərdi ki, Bakı məsələsində Almaniya Osmanlının müttəfiqi deyildir. Lakin bu oyunlar Qafqaz İslam Ordusunun yürüşünü dayandıra bilmədi. Azərbaycan əhalisi alman qoşunlarının hərəkətinə mane oldu. İqtisadi baxımdan ətraf ərazilərdən asılı olan Bakı mühasirəyə alındıqdan sonra şəhərin ərzaq təchizatı kəsildi və ağır vəziyyət yarandı. Bakıya gələrkən əhaliyə çörək, yaxşı şərait vəd edən ingilis komandanlığı az sonra özü çörəyə və suya möhtac qaldı. Bakı şəhərinə hücum hərb sənətinin ən parlaq səhifələrindən biri idi. Türk topçuları şəhəri elə dəqiqliklə atəşə tuturdular ki, tarixi-memarlıq binaları dağıdılmadı. İngilislər və Sentrokaspi diktaturası türk hücumları qarşısında tab gətirə bilməyib şəhəri qoyub qaçdılar. Bakıya gələrkən ermənilərə arxalanan L.Denstervil onları qorxaqlıqla təqsirləndirirdi.

Bakı şəhəri sentyabrın 15-də azad edildi. Sentyabrın 17-də Azərbaycan hökuməti müvəqqəti paytaxt olan Gəncədən Bakıya köçdü. Azərbaycan dövləti milli-mənəvi, elm və mədəniyyət mərkəzinə qovuşdu. Şəhərin azad edilməsi ilə “başla bədən birləşdi”. Bakının azad edilməsi əhəmiyyətinə görə Cümhuriyyətin elan edilməsindən sonra ikinci böyük tarixi hadisə oldu. Bu, Azərbaycan və türk silah qardaşlığının parlaq göstəricisi oldu. Qardaşların birliyi imperiya dövlətlərinin Bakıya dair iyrənc planlarını puça çıxardı. Bu hadisə sübut etdi ki, Azərbaycan və Türkiyə birgə hərəkət etdikdə heç kim onları dayandıra bilməz. Şəhər azad edildikdən dərhal sonra qayda-qanun yaradıldı. Dükan-bazar işləməyə başladı. Milli ruhu yüksələn azərbaycanlılar Azərbaycanın şimal torpaqları çarizm tərəfindən işğal edildikdən sonrakı bütün dövr ərzində ilk dəfə olaraq Bakı küçələrində başlarını dik tutaraq, özlərinə güvənərək gəzməyə başladılar. Osmanlı dövləti Birinci Dünya müharibəsinin gedişində imzalanmış Mudros müqaviləsinə görə qoşunlarını çıxarmağa məcbur olanda Bakıda Nuru Paşanın şərəfinə ziyafət təşkil edildi. Azərbaycan və Türkiyə qardaşlığı şərəfinə şüarlar səsləndirildi. Ordu çıxsa da, bir çox türk əsgər və zabiti Azərbaycanda qalaraq bolşevik işğalına qarşı mübarizədə iştirak etdilər. Bakının azad edilməsi qardaşlığın təməllərini daha da möhkəmləndirdi. Qardaşlıq yardımları sonrakı illərdə də davam etdirildi. Bu dəfə Azərbaycan xalqı sovet hakimiyyəti şəraitində türk qardaşlarının istiqlal savaşına yardımlar etdi. Sovet dövründə ağır şərtlər altında yaşamasına, 30-cu illərin sonlarından 50-ci illərin ortalarınadək sovet-türk münasibətlərində gərginliyin olmasına baxmayaraq, Azərbaycan xalqı türk əsgərlərinin məzarlarını qoruyub saxladı, dağılmağa qoymadı, ətrafına çiçəklər, ağaclar əkdi, onları ziyarətgaha çevirdi. Bu, qardaşlığın bütün ideologiyalardan və sistemlərdən üstün, köklərinin dərin olduğunu göstərdi.

Türkiyə qətiyyətli addımlarını sonralar da davam etdirdi. NATO üzrə müttəfiqlərinin təzyiqlərinə baxmayaraq, SSRİ-nin hələ mövcud olduğu bir zamanda, 1991-ci il noyabrın 8-də Azərbaycan Respublikasının dövlət müstəqilliyini ilk olaraq tanıdı. Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində bu qardaşlıq münasibətləri daha da möhkəmləndi. 1918-ci il 31 Mart soyqırımı qurbanlarının, 1990-cı il 20 Yanvar, Ermənistanın təcavüzünə qarşı ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan müharibədə həlak olan şəhidlərimizin dəfn olunduğu və hər bir azərbaycanlı üçün müqəddəs olan Şəhidlər xiyabanında Qafqaz İslam Ordusu döyüşçülərinin xatirəsinə Bakı Türk Şəhidliyi abidəsi ucaldıldı. Bu, təkcə ziyarət edilərək əklil qoyulan bir abidə deyil, qanı torpaqlarımızda bir-birinə qarışmış qardaşların əbədi birliyinin rəmzidir.

44 günlük müharibədə qardaş Türkiyə Azərbaycanın haqq işini birmənalı olaraq siyasi-diplomatik və mənəvi-psixoloji baxımdan müdafiə etdi. Azərbaycan xalqı sentyabrın 15-ni Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun ərazilərimizi Ermənistan işğalından azad etmiş olduğu şəraitdə qalib millət və qalib dövlət kimi yenidən qeyd edir. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın imzaladıqları Şuşa Bəyannaməsi münasibətlərə yeni xarakter verib. Kökləri dərin olan qardaşlığımız əbədi və sarsılmazdır. Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü Azərbaycanın gücüdür.

Nəşr edilib : 15.09.2022 10:15