AZ EN RU

Bakıdan 10 medalla geri döndülər

    Şağan Olimpiya İdman Kompleksində MMA, pankration və qrepplinq üzrə Bakı şəhər açıq birinciliyi keçirilib. Muxtar respublikanı yarışda Naxçıvan Kikboksinq Federasiyasının sədri, məşqçi Xəyal Abdullaye­vin rəhbərliyi ilə “Turan” Döyüş Klubunun 6 idmançısı təmsil edib. 
    İdmançılarımızdan ən yaxşı nəticə Nurəddin Əliyevə məxsus olub. O, 12-13 yaşlılar arasında 30 kiloqram çəki dərəcəsi üzrə həm MMA, həm də qrepplinq növündə qızıl medal əldə edərək ikiqat sevinc yaşayıb. Dünya çempionu Sadiq Kərimov (14-15 yaş, 47 kiloqram) qrepplinqdə ikinci olmasına baxmayaraq, MMA növündə birinciliyi əldən verməyib.     Gələcəyinə böyük ümidlər bəslənilən digər idmançımız Oğuz Məmmədli (12-13 yaş, 42 kiloqram) 1 qızıl və 1 gümüş medalla adını mükafatçılar sırasına yazdırıb. Bu tipli yarışlarda ilk təcrübəsini yaşayan Mətin Tapdıqovun (14-15 yaş, 42 kiloqram) debütü uğurlu alınıb. Belə ki, Mətin bütün rəqiblərini məğlub edərək yarışı qrepplinq üzrə qızıl medalçı olaraq bitirib. Məhəmmədəli Qasımov (14-15 yaş, 53 kiloqram) təkcə qrepplinqdə, Fuad Quliyev (18-19 yaş, 71 kiloqram) isə hər iki növdə üçüncü olub. 
    Nəticələrə əsasən təmsilçilərimiz yarışı 5 qızıl, 2 gümüş və       3 bürünc medalla tamamlayıblar. 

 Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
 mətbuat xidməti

Nəşr edilib : 01.03.2022 19:23