AZ EN RU

Bakı şəhərindən 5 nömrəli uşaq incəsənət məktəbinin şagirdlərinin Naxçıvanda konserti keçirilib

İyunun 14-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə  Naxçıvan şəhərində yerləşən Gənclik Mərkəzində  Bakı şəhər 5 nömrəli uşaq incəsənət məktəbinin şagirdlərinin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən hesabat konserti keçirilib. “El bilir ki, sən mənimsən” adlı  konsert başlamadan öncə tədbir iştirakçıları məktəbin istedadlı şagirdlərinin rəsm əsərlərindən ibarət sərgiyə baxış keçiriblər. Ulu öndərə, Vətən müharibəsinə, şanlı zəfərə, tarixi və mədəniyyət abidələrinə həsr olunmuş əsərlər, müxtəlif əl işləri maraqla qarşılanıb.

          Konsert başlamadan əvvəl çıxış edən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Piri Nağıyev bildirib ki, ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikada da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 ilik yubileyi böyük təntənə ilə qeyd olunur, dahi liderə  həsr olunmuş  çoxsaylı konsertlər, konfranslar,  sərgilər keçirilir. Qeyd olunub ki, Naxçıvanda ilk dəfə təşkil edilən bu konsert uşaq musiqi, incəsənət məktəbləri arasında yaradıcılıq əlaqələrinin güclənməsinə  öz töhfəsini verəcək.

“Qələbə” mahnısı   ilə başlayan konsert tamaşçılarda əsl qələbə ovqatı yaradıb.  Konsertdə Fikrət Əmirovun, Niyazinin, Qara Qarayevin və digər bəstəkarlarla yanaşı, bir sıra dünya bəsətkarlarının  əsərləri, maraqlı kompozisiyalar, marşlar  ifa edilib. Respublika və Beynəlxalq müsabiqələr laureatı olan şagirdlərin ifaları naxçıvanlı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsert Azad Zahidin “Qələbəyə gedən yollar” əsəri ilə sona çatıb. Sonda Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin müdiri İ.Alırzayev tamaşaçılar adından konsertlə bağlı təəssüratlarını bölüşüb, musiqi məktəbinin direktoru Emin Nağıyev çıxış edərək Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinə və Gənclik Mərkəzinin rəhbərliyinə minnətdarlıq edib.

 Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 14.06.2023 17:41