AZ EN RU

Bakı məktəbliləri Naxçıvanda konsert verib

    Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Bakı Şəhər 5 nömrəli Uşaq İncəsənət Məktəbi şagirdlərinin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən hesabat konserti keçirilib.
    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “El bilir ki, sən mənimsən” adlı konsert proqramı başlamazdan öncə iştirakçılar məktəbin istedadlı şagirdlərinin rəsm əsərlərindən ibarət sərgiyə baxıblar. Ulu Öndərə, Vətən müharibəsinə, şanlı Zəfərimizə, tarixi və mədəniyyət abidələrinə həsr olunmuş əsərlər, müxtəlif əl işləri maraqla qarşılanıb.
    “Qələbə” mahnısı ilə başlayan konsert tamaşaçılarda əsl qələbə ovqatı yaradıb. 
    Konsertdə Fikrət Əmirov, Niyazi, Qara Qarayev və digər görkəmli bəstəkarlarımızla yanaşı, bir sıra dünya klassiklərinin  əsərləri, maraqlı kompozisiyalar, marşlar da ifa edilib.
    Respublika və Beynəlxalq müsabiqələr laureatı olan şagirdlərin ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
    Konsert “Qələbəyə gedən yollar” əsəri ilə başa çatıb.

Xəbərlər şöbəsi

Nəşr edilib : 14.06.2023 22:53