AZ EN RU

Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirilib Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər YENİLƏNİB

Oktyabrın 2-də Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev tədbirdə iştirak ediblər.

Əvvəlcə Konqres iştirakçıları ilə birgə foto çəkdirildi.

Açılış mərasimində səhnələşdirilmiş musiqili tamaşa, 1973-cü ildə Bakıda keçirilmiş 24-cü Beynəlxalq Astronavtika Konqresi və Azərbaycan haqqında videoçarxlar nümayiş etdirildi.

Sonra Beynəlxalq Astronavtika Federasiyasının tanıtım videoçarxı təqdim olundu.

Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Kley Mouri açılış mərasimində çıxış etdi.

Sonra Çinin Milli Kosmik Stansiyasının astronavtlarının videomüraciəti oldu.

Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Klay Mouri 1973-cü ildə Bakıda keçirilmiş 24-cü Beynəlxalq Astronavtika Konqresində Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin astronavtlarla çəkdirdiyi, kosmosda nümayiş edildikdən sonra geri gətirilən fotoşəkil və digər atributlardan ibarət xatirə hədiyyəsini Prezident İlham Əliyevə təqdim etdi.

Daha sonra Beynəlxalq Kosmik Stansiyanın astronavtlarının videomüracəti dinlənildi.

Dövlətimizin başçısı Konqresin açılış mərasimində çıxış etdi.

Prezident İlham Əliyevin

çıxışı

- Beynəlxalq Astronavtika Federasiyasının hörmətli prezidenti.

Hörmətli xanımlar və cənablar.

Əziz qonaqlar.

Azərbaycana, Bakıya xoş gəlmisiniz. Əlli ildən sonra Konqres burada yenidən keçirilir. İlk olaraq, Konqresin Azərbaycanda təşkil edilməsi şərəfinə layiq görüldüyümüz üçün Beynəlxalq Astronavtika Federasiyasına dərin minnətdarlığımı bildirmək istəyirəm. Eyni zamanda, mütəmadi dəstəyə görə Beynəlxalq Astronavtika Akademiyasına və Kosmos Hüququ üzrə Beynəlxalq İnstitutuna təşəkkür edirəm.

Belə bir mühüm qlobal tədbirə ev sahibliyi etmək bizim üçün şərəfdir. Bu gün burada 100-dən artıq ölkəni təmsil edən 5000-dən çox iştirakçı var. Əminəm ki, qonaqlarımızın Konqresdəki işlərindən əlavə, Azərbaycanı, onun xalqını, tarixini və mədəniyyətini daha yaxından tanımaq imkanı olacaqdır.

Azərbaycan on ildən artıq müddət əvvəl beynəlxalq kosmik ailənin üzvü olub. Bu gün ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi peykinə malik olaraq biz Azərbaycanda kosmik sənayenin inkişafını davam etdiririk. Onu da bildirim ki, bu üç peyk azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur və onlar təkcə Azərbaycana deyil, 45-dən artıq ölkəyə xidmət göstərirlər.

Bakıda keçirilən bu Konqres ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onun müasirləşdirilməsinə mütləq yeni təkan verəcəkdir. Müasirləşdirilmə sözü bizim gələcəklə bağlı baxışımızı, gündəliyimizi və planlarımızı səciyyələndirir.

Müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib. Bizim siyasətimiz hər zaman aydın, şəffaf və birmənalı olub və dostlar qazanılmasına və əməkdaşlığın gücləndirilməsinə yönəlib. Beynəlxalq ictimaiyyətin fəal üzvü kimi Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edir. Dördüncü ildir ki, biz BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisata – Qoşulmama Hərəkatına sədrlik edirik və belə bir təşkilata sədrlik etmək şərəfinə biz 120 dövlətin yekdil qərarı ilə layiq görülmüşük. Bu, həqiqətən də Azərbaycanın geniş beynəlxalq dəstəyə malik olmasının göstəricisidir.

Bununla yanaşı, bizim Avropa institutları ilə də əməkdaşlığımız uğurla inkişaf edir. Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb. Bu, bizim xarici siyasət gündəliyimizi nümayiş etdirir. Bu, tam açıq gündəlikdir və artıq qeyd etdiyim kimi, əməkdaşlığa və daha geniş regional iştirak və inklüzivliyə yönəlib.

Azərbaycan iki mühüm beynəlxalq təsisatın – İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvüdür. Biz eyni vaxtda hər iki təşkilata üzv olan azsaylı ölkələrdənik və bu iki təşkilatın yüzdən artıq üzvü var. Bu, yalnız bizim coğrafiyamız və mədəniyyətimizin deyil, həm də siyasi niyyətlərimizin göstəricisidir. Çünki Azərbaycanın Avropa ilə Asiya arasında yerləşməsi və iki qitəni birləşdirən, təbii olaraq mədəni, nəqliyyat və hazırda iqtisadi körpü rolunu oynaması bizə regionumuzda geniş beynəlxalq əməkdaşlıq qurmaq imkanı verir.

Hesab edirəm ki, dünyanın hər bir ölkəsi üçün coğrafi yerləşmə böyük əhəmiyyət kəsb edir. Bizim üçün isə coğrafiya fürsət deməkdir. Əsrlər boyu birgə yaşayış və tərəfdaşlıq tarixinə malik qonşularımız ilə yaxşı münasibətlər sayəsində biz coğrafi yerləşməmizi müsbət ssenariyə çevirə bilmişik. Bu gün biz üfüqlərimizi genişləndiririk. Bu mühüm beynəlxalq tədbirin keçirilməsinin bizə həvalə olunmasını ölkəmizə olan etimadın və fəaliyyətimizə dəstəyin göstərici hesab edirik.

Əlbəttə, qitələrarası körpü olmağımız cəmiyyətimizin inkişafında mühüm rol oynamışdır. Azərbaycan əsrlər boyu çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyətə malik olub. Otuz ildən artıq müstəqillik dövründə biz həyat tərzimizin bu faktorunu gücləndirmişik. Biz bunu sabitliyin, proqnozlaşdırmanın və Azərbaycanda yaşayan bütün etnik qrupların və bütün dini konfessiyaların dinc birgə yaşayışı üçün əhəmiyyətli faktor hesab edirik. Biz həqiqətən də bir ailə kimi yaşayırıq və bir sıra beynəlxalq təşkilatlar bunu qeyd edib və bu, onların qərarlarında öz əksini tapıb. BMT Azərbaycanın multikulturalizmin təşviqi sahəsindəki səylərini tam dəstəkləyir. Yeri gəlmişkən, ölkəmizin təşəbbüsü ilə mütəmadi olaraq keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif sivilizasiyaların nümayəndələri arasında təmasların daha nəticəyönümlü olması üçün unikal platformadır.

Azərbaycan on ildən çoxdur ki, Bakı Prosesinin təşəbbüskarıdır. Tarixdə ilk dəfə idi ki, Avropa Şurası və İslam Əməkdaşlığı Təşkilatı vahid platforma çərçivəsində bir araya gətirildi və burada qlobal siyasət, mədəniyyətlərarası dialoq və dinc inkişafa dair vacib məsələlər müzakirə edildi.

Azərbaycan, həmçinin dünyada ilk dəfə - XIX əsrin ortalarında neftin hasil edildiyi ölkə kimi tanınır. O zaman dünyada neft hasilatının yarısı Azərbaycanın payına düşürdü. Bir çoxları bəlkə də bunu bilmir, ancaq XX əsrin ortalarında dünyada ilk dəfə dənizdə neft məhz Azərbaycanda - Xəzər dənizində azərbaycanlı neftçilər tərəfindən hasil edilib.

Bu gün müstəqil ölkə olaraq, bizim təbii sərvətlərimiz xalqımızın mənafeyinə xidmət edir. Müstəqillik illərinin sürətli transformasiyası bizim təbii sərvətlərimizin düzgün istifadəsinin təzahürüdür. Neftlə zəngin olan bəzi ölkələr üçün neft lənət deməkdir. Bizim üçün isə bu inkişaf etmək, müstəqilliyimizi gücləndirmək, milli kimliyimizi qorumaq və güclü iqtisadiyyat qurmaq üçün vasitə idi.

Bu gün enerji və nəqliyyat marşrutlarının, o cümlədən boru kəmərlərinin xəritəsinə nəzər salsanız, orada Azərbaycanın dəst-xəttini görərsiniz. Bizim təşəbbüskarı olduğumuz, qonşularımız və tərəfdaşlarımızla uğurla həyata keçirdiyimiz layihələr təkcə bizim regionun enerji təhlükəsizliyinə töhfə vermir. Bu gün hər kəsə məlumdur ki, enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin tərkib hissəsidir. Bu gün Azərbaycan beynəlxalq bazarlarda enerji ehtiyatlarının etibarlı təchizatçısıdır və Avropa İttifaqı tərəfindən etibarlı pan-Avropa təchizatçısı hesab edilir. Lakin tərəfdaşlarımız arasında müxtəlif qitələrdə yerləşən onlarla ölkə var və bütün səylər beynəlxalq əməkdaşlığa, proqnozlaşdırmaya və eyni zamanda, ölkəmizin uğurlu iqtisadi inkişafına xidmət edir.

Üç il əvvəl biz təxminən 30 il ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdik. Biz təcavüzdən, işğaldan və etnik təmizləmədən əziyyət çəkdik və bu, millətimiz üçün böyük faciə, böyük humanitar fəlakət idi. 1990-cı illərin əvvəlində torpaqlarımız işğal olunanda, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü və o vaxt əhalimizin sayı 8 milyon idi. Bu rəqəm hər hansı ölkə ilə müqayisədə, bəlkə də adambaşına olan ən yüksək qaçqın sayı idi. Həmin vaxt, biz çox yoxsul idik. Biz öz təbii sərvətlərimizin istismarına hələ başlamamışdıq. Açıq dənizə çıxışı olmayan ölkəmizdə hərc-mərclik hökm sürürdü və gələcək üçün perspektivlər o qədər də aydın görünmürdü.

Lakin xalqımız güclü siyasi iradəsini nümayiş etdirdi. Biz uzun illər münaqişənin sülh yolu ilə həllini tapmağa və işğala dinc yolla son qoymağa çalışdıq. 28 il ərzində biz danışıqlar prosesinə qəti surətdə sadiq qaldıq, lakin əfsuslar ki, biz anladıq: bunu sülh yolu ilə etmək mümkünsüzdür. Biz özünümüdafiə hüququmuzdan istifadə etdik. Biz BMT nizamnaməsinin hər bir ölkəyə verdiyi hüquqdan, özünümüdafiə hüququndan istifadə etdik və üç il əvvəl öz ərazilərimizi azad edərək işğala son qoyduq. Bir aydan da az müddət əvvəl biz ölkəmizin suverenliyini tam bərpa etdik.

Əfsuslar olsun ki, işğala son qoymaq öhdəliyini üzərinə götürmüş beynəlxalq təşkilatlar hər hansı nəticəyə nail olmadı. BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdi. Lakin həmin qətnamələr 27 il icra olunmadı. Biz həmin qətnamələri insanlarımızın həyatını qurban verərək özümüz icra etdik. ATƏT kimi beynəlxalq təşkilatların da danışıqlarda vasitəçilik etmək mandatı var idi, lakin nəticə sıfır oldu və Azərbaycan cəmiyyətində tam məyusluq və narazılıq yaratdı.

Ərazi bütövlüyünün və suverenliyin bərpasında əldə etdiyimiz təcrübə müəyyən formada unikal oldu. Zorakılıqla üzləşdiyimiz münaqişəyə son qoyduq. Biz ləyaqətimizi qoruduq. Biz ədaləti və beynəlxalq hüququ bərpa etdik. İndi isə Qafqazda sülh üçün vaxt yetişib. Bu, bizim gündəliyimizdir. Gündəliyimiz Qafqazda sülhün, regionda sülhün, əməkdaşlığın qurulmasıdır və hamı üçün faydanın gətirilməsidir.

Bu gün biz göstəririk ki, həqiqətən müstəqil ölkə olmaq üçün güclü iqtisadiyyat lazımdır. Biz aydın şəkildə anlayırıq ki, bütün əsas səylərimiz özünü təmin edən iqtisadiyyatın necə qurulmasına yönəlmişdir. Yəni, biz hər hansı qlobal güc mərkəzindən və ya hər hansı maliyyə təsisatından asılı vəziyyətə düşməyək. Biz buna nail olduq.

Nəzərə alsaq ki, qonaqlarımızın əksər hissəsi Azərbaycana ilk dəfədir səfər edir, mən sizə bəzi rəqəmlərlə bağlı məlumat vermək istərdim. Hesab edirəm ki, həmin rəqəmlər Azərbaycanda son zamanlarda əldə olunmuş nailiyyətləri aydın şəkildə nümayiş etdirir. Beləliklə, son 20 il ərzində, ümumi daxili məhsul dörd dəfə artıb, büdcə gəlirlərimiz 30 dəfədən çox artıb, xarici ticarət dövriyyəsi on dəfədən çox artıb. Biz birbaşa xarici borcun həcmini azalda bildik və hazırda o, ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. 2024-cü ilin sonuna qədər, planlarımıza uyğun olaraq, onun həcmi ümumi daxili məhsulun təxminən 7-7,5 faizini təşkil edəcək. Azərbaycanın xarici valyuta ehtiyatları birbaşa xarici borcumuzu on dəfə üstələyir. Başqa sözlə, əgər lazım gələrsə, biz bütün borclarımızı bir neçə ay ərzində ödəyə bilərik. Biz çox müsbət sərmayə mühitini nəinki enerji, o cümlədən digər sektorlarda yaratmışıq. Beləliklə, son 20 il ərzindəki sərmayələrin ümumi həcmi 300 milyard ABŞ dollarından çoxdur və onlardan 190 milyard dolları qeyri-enerji sektoruna yatırılmışdır.

Müstəqilliyimizin əvvəlində üzləşdiyimiz böyük çağırışlardan biri məlum olan yoxsulluq idi. 20 il əvvəl yoxsulluq şəraitində yaşayan insanların sayı 50 faizə yaxın idi. Hazırda isə yoxsulluq 5,5 faiz təşkil edir və onu göstərir ki, hasil etdiyimiz və beynəlxalq bazarlara çıxardığımız təbii sərvətlər lazımi qaydada idarə olunub. Milli sərvətlərin bərabər paylanması bu gün beynəlxalq ekspertlər və ən vacibi isə, Azərbaycan xalqı tərəfindən qeyd olunur. Bir sözlə, bütün bunlar əslində göstərir ki, ölkə çox dayanıqlı vəziyyətdədir. Siyasi, iqtisadi və sosial sabitlik inkişafımızın mühüm meyarıdır, çünki aydındır ki, əgər vəziyyət sabit və proqnozlaşdırılan olmasa, investorların gələrək öz kapitalını risk altına atmasını gözləmək olmaz.

Ümid edirəm ki, qonaqlarımızın söylədiklərimi öz gözləri ilə görmək, insanlarla tanış olmaq və Azərbaycanı daha yaxşı tanımaq imkanı olacaq. Bəli, bizim qədim tariximiz var və o, videoçarxda göstərildi. Bizim qədim mədəniyyətimiz var. Lakin müstəqil ölkə kimi biz hələ çox gəncik, cəmi 32 yaşımız var.

Yekunda bir daha söyləmək istərdim ki, biz Konqresə ikinci dəfə ev sahibliyi etməkdən olduqca fərəhlənirik, çünki qeyd edildiyi və göstərildiyi kimi, o, artıq bir dəfə 1973-cü ildə təşkil olunmuşdur. 24-cü Konqres Bakıda keçirilmişdir. Mən bütün qonaqlarımıza və xüsusən də, mənə əziz olan fotonu kosmosa çıxaran cəsur Çin astronavtlarına çox minnətdaram. Bu, sanki onu göstərir ki, mən özüm də oradayam. Mən sizin icmanızın bir hissəsiyəm.

Əlbəttə ki, belə bir mühüm tədbirə ikinci dəfə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir və mən həmin qərarın qəbul olunmasında iştirak edən bütün şəxslərə bir daha təşəkkürümü bildirirəm. Beləliklə, Konqres ikinci dəfə Bakıda, eyni şəhərdə keçirilir. Lakin ölkə eyni deyil. Bu gün həmin qlobal tədbirin ev sahibi müstəqil Azərbaycandır. Bizimlə olduğunuza görə bir daha təşəkkür edirəm və Konqresə uğurlar arzulayıram.

x x x

Sonra bir sıra nominasiyalar üzrə qaliblərə mükafatlar təqdim olundu.

Açılış mərasimi konsert proqramı ilə davam etdi.

x x x

Qeyd edək ki, 2022-ci il mayın 28-də Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında Azərbaycan

Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə “Akıncı” pilotsuz uçuş aparatının üzərinə imza atmışdılar.

74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Selçuk Bayraktar həmin pilotsuz uçuş aparatının kiçikölçülü maketini dövlətimizin başçısına hədiyyə etdi.

Nəşr edilib : 02.10.2023 10:23