AZ EN RU

Baharın gətirdiyi bu xəstəliklərdən necə qorunaq

Yazın gəlməsi ilə havada baş verən dəyişikliklər özü ilə mövsümi xəstəliklər də gətirir. Bu xəstəliklərdən biri allergiyadır. Son dövrlərin statistikasına nəzər salsaq, görərik ki, allergiya çox geniş rast gəlinən xəstəliklər sırasında dayanmaqdadır. Bu da ətraf mühitin və ekoloji vəziyyətin, insanların qidalanma rejimlərinin dəyişməsi ilə əlaqədardır. Mövzu ilə bağlı ətraflı məlumatı Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsin pulmonologiya bölməsinin müdiri, həkim-pulmonoloq Dilarə Abdullayevadan öyrənirik.

Müsahibimizin sözlərinə görə, allergik xəstəliklərə ilin bütün fəsillərində rast gəlinir, lakin bəzi allergik xəstəliklər fəsli xarakter daşıdığından əsasən yaz, yay və payız aylarında özünü daha qabarıq göstərir. Ən çox yaz fəslində rast gəlinən və el arasında “Bahar xəstəliyi” adlandırdığımız xəstəliyə mart ayının əvvəllərindən etibarən başlayaraq may ayının sonları, iyun ayının əvvəllərinə qədər təsadüf edilir. Bu da ağacların çiçək açması, bitki tozcuqlarının çox uçuşması, bitkilərin tozlanması ilə əlaqədardır. Eyni zamanda yaz aylarında keçirilən virus infeksiaları da allergik xəstəliklərin kəskinləşməsinə səbəb olur. Bu periodlarda biz daha çox pollinozlara, allergik rinit, bronxial astmanın kəskinləşməsi ilə müraciət edən xəstələrlə rastlaşırıq. Bu da həmin dövrlərdə allergenlərin tənəffüs yolları, gözün selikli qişası vasitəsi ilə daha çox orqanizmə daxil olması ilə əlaqədardır. Bu zaman xəstələr daha çox gözlərin sulanması, qaşınması, asqırma, burun axıntısı, burun tutqunluğu, boğazda qıcıqlanma, öskürək, nəfəsdarlığı, bədəndə olan səpkilər, qaşınma şikayətləri ilə müraciət edirlər. Eyni zamanda yaz aylarında qida allergiyalarına da digər allergik problemlərlə müqayisədə az da olsa da rast gəlinir.

 Bəs bu zaman nə etməliyik, özümüzü necə qorumalıyıq? – sualımıza cavab olaraq Dilarə həkim öz tövsiyələrini bildirərək deyir ki, ilin bu fəslində bitki tozcuqları ilə minimum rastlaşmaq üçün günün birinci yarısı, xüsusən səhər saatlarında – 09-11 radələrində bayıra az müddətdə çıxmalı, çıxdığımız zamanlarda isə eynək və maskadan istifadə etməliyik. Axşam saatlarında yaşadığımız mənzilin havalandırılması, evə qayıtdıqdan sonra mütləq şəkildə geyindiyimiz paltarların dəyişdirilməsi, duş qəbul edilməsi və yaxud əl-üzümüzün bol su ilə yuyulması virus infeksiyalarına yoluxmağın qarşısını ala bilər. Xüsusi diqqət etmək lazım gələn məqamlardan biri də allergik xəstəliyə yoluxan şəxslərin mütləq şəkildə həkim müayinəsindən keçib müalicə alması, əsasən, bronxial astma və allergik rinit xəstələrinin bu dövr üçün hazırlıqlı olmasıdır.

Müsahibimiz diqqətə çatdırdı ki, allergik rinit və bronxial astma zamanı yaranan simptomlar yuxarı tənəffüs yollarının infeksion xəstəlikləri ilə bənzərlik təşkil etdiyi üçün xəstələr sanki qrip olduqlarını düşünərək lazımsız dərmanlardan istifadə edirlər. Bu hallar baş verməsin deyə mütləq həkim nəzarətində olmaq lazımdır: –Qeyd etdiyim kimi tənəffüs allergiyaları qədər çox olmasa da, qida allergiyalarına da yaz aylarında təsadüf edilir. Həmçinin qida allergiyası fərdi xüsusiyyət daşıyır, yəni hər bir şəxsin fərqli qidalara qarşı allergiyası ola bilər. Təbii ki, bu da insanların orqanizmindən asılıdır. Lakin bəzi qidalar var ki, onlar daha çox allergik vəziyyətlərə səbəb ola bilərlər. Buna misal olaraq, sitrus bitkilərini, dəniz məhsullarını, şokolad, çiyələk, çərəzlər, paxlalı bitkilər və sairi göstərmək olar. Qida allergiyasından qorunmağın əsas yolu hansı qidaya qarşı allergiyanın olduğunu dəqiqləşdirmək və həmin məhsullardan uzaq durmaqdır. Bunun üçün allergik testlərdən keçmək lazımdır.

Çalışaq ki, allergiyaların yarandığı amillərdən uzaq duraq. Belə xəstələr yaz aylarında mütəmadi olaraq həkim nəzarətində olaraq sağlamlıqlarının qeydinə qalmalıdırlar.       

            Bülbül

QULİYEVA

Nəşr edilib : 11.04.2024 18:30