AZ EN RU

Bahar təravətli, zəhmət ətirli yaşıl dünyamız...

Yaşıl Dünya Naminə Həmrəylik İli

Sehrinə daldıqca dalırsan müəllifi təbiətlə insan zəhməti olan həmrəylikdən yoğrulan “Bahar təravətli, zəhmət ətirli yaşıl dünyamız” adlı möhtəşəm sənət əsərinin. Hər naxışı bir-birini müfəssəl şəkildə tamamlayan canlı, həyati əsər baxdıqca baxılır, doymaq olmur fiziki, əqli sağlamlığı gücləndirən, mənəvi dünyanı paklaşdıran saflığından, lətifliyindən, çıxmaq olmur bir-birinə sarılaraq qol-boyun olan al-əlvan rənglərin ecazkar harmoniyasının təsirindən, dərin təəssürat, silinməz izlər buraxır yaddaşlarda. Oba-oba, qarış-qarış, oymaq-oymaq gəzərək zövq almağa çalışın, seyrinə, sehrinə tələsin hər daşından, qayasından, yamacından tariximin ululuq sədası, əcdadlarımın nəfəsi duyulan Oğuz yurdunun sinəsində bərq vuran bahar təravətli, zəhmət ətirli, zövqoxşayan sənət nümunəsinin...
“Yaşıl Dünya Naminə Həmrəylik İli”nin bu aylarında yola çıxın. Bütün kənd və şəhərlərimizi bir arada canlandıran bu canlı sənət əsərinin ilkin çalarlarının ecazkarlığını dolu-dolu, içdən yaşamaq, o əsərin bir parçasına çevrilmək, həyatdan, yaradılışdan zövq almaq üçün yubanmayın, tələsin rəsmin tamaşasına. Uşaqlıq çağlarınızın yaz aylarına xas şən-şıltaq keçən dövrünə səyahət etmək üçün buyurun günü-gündən müasirləşən kəndlərimizə, keçdikcə arzular, istəklər dolaşan abad küçələrdən, döngələrdən qeyri-iradi boylanacaqsınız illər arxasına. Xəyalınızın dünənə açılan pəncərəsindən bir anda eşidiləcək munis duyğulu səslər, xatirənizdə canlanacaq ötənlər-keçənlər, unudulmaz, yaddançıxmaz anlar. Əllərində çörək dəstələri evə tələsən xanımlar görən kimi hafizənizdə canlanacaq ana-nənələrin təndir salıb xəmir açmasını, çörək yapmasını, pendir dürməyi ilə yemək üçün məhəllə uşaqları ilə bağınızdan oğrun-oğrun pomidor qoparmağınız, həmyaşıdlarınızla oynadığınız, sağlam həyat, düşüncə, rəqabət aşılayan oyunlar: “Qovalaqaç”, “Gizlənqac”, “Qəcəmədaş”, “Bənövşə”, “Ocaq yandı” və daha nələr, nələr...
Günəşin zərrin şəfəqləri canınızı isitdikcə daha da isinəcək xatirələr, bu əsərin hər naxışı var-gəl etdirəcək sizi keçmişlə bu gün arasındakı nostalji duyğularla köklənən, bahar təravətli gül-çiçəyin bihuşedici ətri ilə bəzənən mənəviyyat körpüsündə. Bugünkü firavanlığa, büsatlığa rəğbət bəsləyib ürəkdən alqışlayacaq, giley-güzar edəcəksiniz xalq uşaq oyunlarının unudulmasından, indiki balacaların mənəviyyat dünyasının mənasız vərdişlərin əsiri olmasından. Ürəkaçan mənzərələr görmək naminə qonaq olacaqsınız həyətlərə. Qulaq asacaqsınız torpağın bağrına sığal çəkərək onu qış yuxusundan oyadan insanların, bir çiçəkdən o birinə uçuşan arıların zəhmət nəğməsinə, yaz tarla işlərinə başı qarışan zəhmətkeşlərin söhbətindən hasil olacaq bu mükəmməl sənət əsərinin bəzi incə məqamları: həyətlərdə baş qaldıran nəfis göyərtilərə, həyata kövrək addımlarla qədəm basan fidanlara, qol-budağı talvar olunan üzüm kollarına göstərilən qayğı, bağçılıqda vacib amil sayılan, həssas yönləri ilə seçilən bahar calağı, torpağı ətə-qana gətirən aqrotexniki qulluq qaydaları... 

Üz tutun bir-birindən bənzərsiz mənzərələri ilə könülləri riqqətə gətirən, şairlərin, yazıçıların ilham mənbəyinə çevrilən, sinəsini lalələr, süsənlər, nərgizlər bəzəyən Xalxal, Payız, Tillək, Xəlil, Cəlil meşələrinə, qalxın mərcan gözlü Batabat yaylağına, salamlayın turizmin gözü sayılan Ağbulağı, qulaq asın Arpaçayın zümzüməsinə. Hər bir təbiət guşəsi fərqli aurada, özünəxas naxışları, qonaqpərvərlik üsulu ilə qarşılayaraq mehman edəcək sizi öz isti qoynuna, canınıza şuxluq gətirən ehmalca əsən meh, ağac yarpaqlarında bərq vuran Günəş şüala­rı, yeridikcə ayaqlarınız altında sızıldayan yenicə cücərmiş otlar, quşların cəh-cəhi yayılacaq ruhunuza heç zaman bitməsini istəmədiyiniz, təkrar-təkrar dinləməkdən yorulmadığınız həzin musiqi kimi. Əgər yaradıcı insansınızsa mütləq ya yeni şeirin, rəsm əsərinin, musiqinin, ya da essenin, düşüncə yazılarının yaranmasına vəsilə olacaq bu doyumsuz mənzərələr. Yaxınlıqda qaynayan bulağın gözyaşı kimi dumduru suyundan götürüb açacaqsınız gözəl Naxçıvan nemətləri ilə bəzənən yaz süfrəsini. Ruhunuzu öz kəraməti ilə şuxlandıran təbiət qeyri-iradi sıralayacaq yaddaşınızda Xalq şairi Məmməd Arazın misralarını:
    Sinəmdə o yerin dağ havasıdır,
    Qaynar bulaqları qaynar qanımda.
    Mənim ürəyimin bir parçasıdır,
    Doğma Şahbuzum da, Naxçıvanım da.
Bol bəhrəli Şərur, Babək ellərindən, dağlarında min bir nemət bitirən Şahbuzdan, qocaman çinarlar məkanı Ordubaddan, inkişaf salnaməsi ilə düşmənə gözdağı olan Sədərəkdən, gənclik işığı kimi parlayan Kəngərlidən, Şərqə açılan qapı Culfadan sonra bahar təravətli, zəhmət ətirli, zövqoxşayan sənət əsərinin ana xətti – bayramlar şəhəri Naxçıvanı da gəzin mütləq, çıxın pişvazına başdan-başa hər prospektin, küçənin. Mədəni-kütləvi tədbirlərin sevimli ünvanına, rəssamların, incəsənət adamlarının, yaradıcı şəxslərin ilham ocağına çevrilən, yaşıl xalıya bürünən Əcəmi seyrəngahından daha çox duyacaqsınız baharın təntənəsini, təbiətin səsini. Salın yolunuzu hər yaş dövründən olan insanları köksünə mehman eləyən xüsusi landşaft dizaynına malik, əsrlərin sərt sınaqlarına sinə gərən, köksündə illərin həsrətini, hicranını, sevincini, kədərini gizlədən qocaman çinar ağaclarının çətir tutduğu park və xiyabanlara. Ahıl çağındasınızsa həmyaşıdlarınızla rahat oturacaqlarda əyləşib olanlardan – keçənlərdən, həyatlarınızın ayrı-ayrı dönəmlərində baş verən hadisələrdən söhbət açın, gəncsinizsə doyunca gəzin füsunkar təbiət ərməğanlarının qoynunda, dəyərini bilin bir daha ələ düşməyəcək belə mənalı günlərin, xatirələşdirin hər anınızı, şəkillər çəkdirin gözəl günlərinizdən yadigar qalsın deyə. Burada da, heç şübhəsiz, qaçılmazdır nostalji hisslərin caynağına düşməyiniz, keçmişdə yaşananlar yenə pərvaz edəcək düşüncənizdə ağacların əhatəsində qaçdı-tutdu oynayan şən-şaqraq gülüşlü, məsum duyğulu uşaqların şıltaqlığı ilə. Bu mənzərələri gördükcə insan övladının təbiətə, yaşıllıqlara sıx bağlılığının bir daha şahidi olub haqq qazandıracaqsınız mütəxəssislərin, psixoloqların yaşıl rəngin insana sakitləşdirici təsir göstərdiyi, gözlərə müsbət enerji bəxş etdiyi, ətraf mühitin yaşamaq-yaratmaq ruhu aşıladığı, təbiət sağlamlığın rəhnidir fikirlərinə. Beləcə, yaşıl dünya naminə həmrəylik göstərib sağlamlığınızın keşiyində duran, ana təbiəti qoruyanlara, yaşadanlara daha da çoxalacaq rəğbətiniz. Artacaq yaşıllıqlara cidd-cəhdlə qulluq göstərən insanlara minnətdarlıq hissiniz, dərindən dərk edəcəksiniz bu xeyirxah missiyanı yerinə yetirmək üçün mənəvi məsuliyyətinizi... 
Oğuz yurdunun köksündə xalı kimi toxunan insan zəhməti ilə təbiətin harmoniyasından yaranan “Bahar təravətli, zəhmət ətirli yaşıl dünyamız” əsərini seyr etdikdə Xalq şairi Bəxtiyar Vahabzadənin “Dərin qatlara işıq” kitabındakı ana təbiətin mühafizəsi ilə bağlı böyük ictimai məzmun kəsb edən fikirlərinin həqiqətinə bir daha varacaqsınız: “Həyatda hər cür çatışmazlıq nizamın, tarazlığın pozulmasından doğur. İstər təbiət, istərsə də cəmiyyətdəki bütün nizamlılıq və mütənasib inkişaf adamların fəal həyat mövqeyindən asılıdır. Xalq demişkən, qayda-qanun olan yerdə xeyir-bərəkət üzülməz. Bərəkətin tükənməsi halı insanların yalnız və yalnız ətraf mühitə laqeydliyindən, torpağa, suya, bir sözlə, flora və faunaya xor baxmasından irəli gəlir. Təbiəti müqəddəs bilmək, onu ana hesab etmək əsrlər boyu insanları zaman-zaman düşündürmüşdür. Bu hissə ehkam kimi yanaşmaq olmaz”. Elə bu düşüncələrlə qəlbinizdə dünyamızı yaşıllaşdırmaq həvəsi daha da şövqlənəcək, bu mənəvi zövqü nəsib edənləri alqışlayıb, dilə gətirəcəksiniz ən pak, ülvi istəklərinizi: “Yaşıl Dünya Naminə Həmrəylik İli”ndə yurdumuzun köksündə daha da çox parlayan bu sənət əsərinin çalarlarının hər ötən il daha zəngin, elimizin-obamızın bar-bərəkətinin bol, əmin-amanlığın, firavanlığın, nizamın daim belə bərqərar olması, ömrümüzün bahar rayihəsinə bürünməsi, arzularımızın, ümidlərimizin həmişəbahar gülü kimi parlaması diləyi ilə...

Nail ƏSGƏROV

Nəşr edilib : 10.06.2024 09:54