AZ EN RU

Bahar Muradova Naxçıvan şəhərində vətəndaşları qəbul edib - YENİLƏNİB

Oktyabrın 26-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində keçirilən qəbulda Naxçıvan şəhər, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayon sakinlərinin müraciətləri dinlənilib.

Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.

 Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidovanın və AQUPDK-nin aidiyyəti struktur bölmələri rəhbərlərinin də iştirakı ilə baş tutan qəbulda vətəndaşların müxtəlif mövzularda müraciətləri dinlənilib. Mövzular əsasən alimentin ödənilməsi, vəkillə təmin olunma, atalıq məsuliyyətinin yerinə yetirilməməsi, işlə təmin olunma, uşaqla ünsiyyət, məişət zorakılığı,  uşaqların himayəyə verilməsi, müalicəsi, təhsilinə dəstək və digər məsələlərlə bağlı olub.

 Vətəndaşların Komitənin səlahiyyət dairəsinə aid müraciətləri dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Həlli araşdırma tələb edən müraciətlər qeydə alınaraq, icraata götürülüb.

 Qeyd edək ki, görüş mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilib.

***

 

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Komitənin sədri, Bahar Muradova – Qəbullarda bir qayda olaraq maddi-iqtisadi problemlər, ailə üzvləri arasında ailədaxili məsələlər olaraq aparıcı istiqamətlər var. Bu gün də bu istiqamətdə məsələlərlə bağlı müraciətlər oldu. Xüsusilə, rəsmi boşanmış xanımlar bu gün daha çox müraciət etmişdilər. Müraciətlər məhkəmə prosesləri, uşağın hansı valideynlə qalması, əmlak məsələləri bu və ya digər psixoloji problemlərlə bağlı oldu. Əsa mövzu boşanma və onların fəsadları idi. Əlbəttə biz məsələlərlə bağlı aidiyyatı qurumlara müraciət edəcəyik. Əvvəlcə onlara düzgün məsləhət və yönləndirmə etmək lazımdır ki, onlar aidiyyatı üzrə məsələlərin həllinə çalışsınlar. Məhkəməlik məsələlər çoxdur. Xüsusilə, övladları təhsil imkanlarından məhrum olan ailələr var idi. Onlarla bağlı müvafiq dəstək xidmətləri göstəriləcək. Ən əsası belə məsələlərlə üzləşən şəxslərin dövlət orqanlarına müraciət etmək problemi olduğunu hiss etdim. Bu mənada ki, insanların özləri bunu məqsədəuyğun hesab etmirlər. Təəssüf ki, bu günə qədər onlar problemlərilə bağlı indiyədək aidiyyatı qurumlara müraciət etməyiblər. Əksəriyyəti ilk dəfə idi problemlərilə bağlı müraciət edirdilər. Başqa rayonlarda dəfələrlə müvafiq qurumlarda olurlar, sonda bizə üz tuturlar. Amma burada belə məsələlər olduğu halda heç bir yerə müraciət olunmayıb. Bu özü onu göstərir ki, bu cür qəbulların daha tez-tez keçirilməsinə ehtiyac var.  Xüsusilə, insanların həyatının bu hissəsi daha çox diqqətdə saxlanılmalıdır. Çünki, belə olduğu halda iqtisadi problemlər təkcə ailənin dağılmasına deyil, həm də psixoloji problemlərə gətirib çıxarır ki, bu da son nəticədə daha ağır fəsadlar verir. Üzə çıxan məsələ ondan ibarətdir ki, bütün bu kimi problemlərin mövcudluğu ailələrdə bir qayda olaraq erkən nigahdır, həmçinin, təhsilin tam olmamasıdır. Ailədaxili münaqişələrdə ədalətsiz mövqenin tutulması son zamanlar ailələrdə kök salıb. Ona görə düşünürəm ki, sosiallaşma olmalıdır ki, belə məsələlərlə bağlı qadınların müraciət etmələri problem olmasın. İstənilən dövlət orqanı və ya hər hansı bir ictimai quruma müraciət etmək lazımdır ki, məsələlərlə məşğul olunsun. Müraciət olunmadıqca problemlər qapalı qalır və getdikcə daha ağır nəticələrlə sonlanır.

Bu gün qəbula gələn 40 nəfərlə görüşdük, əksəriyyəti gənc xanımlardır. Bir neçə uşaqla, təhsilsiz, işsiz. Belə xanımlara təkcə məsləhət yox həm də yardım lazımdır ki, məsələlərin öhdəsindən gələ bilsinlər. Çalışdıq əksəriyyətinə doğru istiqamət göstərək. Bir qismiylə aidiyyatı qurumlarla birlikdə işləyəcəyik. Ən əsası odu ki, yerli komitə ilə birlikdə taleləri sona qədər izləyəcəyik.

 Gülcamal TAHİROVA

Nəşr edilib : 26.10.2023 22:27