AZ EN RU

Bahar müjdəli festivaldan təravətli təəssüratlar

Hər qarışı şəhərimizin qədim, zəngin qəhrəmanlıq tarixindən danışan “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi bu gün baharın gəlişi müjdəsiylə öz qapılarını tağbatağ açıb qonaqlarının üzünə. Səhərin erkən saatlarından böyükdən-kiçiyə hər kəs bayramı qeyd etmək üçün yolunu bu ünvandan salır.  Elə qədim qala qapılarının önündəcə yazın təravətli nəfəsi öz ağuşuna alıb içəri çəkir insanları... 
Budur milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin təbliğ olunduğu “Bahar” festivalının keçirildiyi məkandayıq. Novruzun atributları “Səməni”, “Kosa”, “Keçəl” qarşılayır bizi. Muxtar respublikanın hər bölgəsinin özünəməxsus bayram təmtərağını, süfrəsini, naz-nemətini görmək olur burada. Milli geyimli qız-gəlinlər kündə açıb şəkərbura, paxlava, kətə hazırlayır, oğlanlar rəqs edir, yallı gedir, uşaqlar oyunlar oynayır, əylənirlər. Mədəniyyət kollektivlərinin teatr tamaşaları, səhnəcikləri, rəssamların, sənətkarların əl işləri, dekorativ-tətbiqi sənət nümunələri insanlara nostalji duyğular, xoş xatirələr yaşadır.  Naxçıvan Dövlət Filarmoniyasının “Qədim alətlər” ansamblı, Naxçıvan Dövlət Universitetinin Musiqi Kollecinin “Naxçıvanqala” ritm qrupu, “Şərur” Xalq Yallı Ansamblı və digər kollektivlər tərəfindən təqdim olunan musiqi və rəqs nömrələri festivalı daha da əyləncəli, könüloxşayan edir. Baharı burada qarşılayan insanlardan bir neçəsinin təəssüratlarını öyrənməyə çalışırıq. 
Mehman Allahverdiyev əslən Qubadlı rayonunun Xocahan kəndindəndir. Bakı şəhərində yaşayır. Naxçıvana bayramı nəvələri ilə birgə qeyd etməyə gəlib. Deyir artıq 4-cü ildir, Novruzun, baharın gəlişi daha gözəl, daha könülaçan olub. Bütün Azərbaycan xalqı kimi, mənim üçün də bu ikiqat bayramdır. Çünki müzəffər Ordumuz işğal altında qalan bütün torpaqları, o cümlədən ata yurdum Qubadlı rayonunu azad edib. Bu gün Ali Baş Komandanımızın rəhbərliyi ilə qədim Qarabağ elinə əbədi bahar gəlib, başdan-başa dəyişilir, yeni görkəminə qovuşur el-obamız. Fəxr edirik ki, Novruz tonqallarımız Şuşada, Xankəndidə qalanır. Növbəti bayramları öz doğma yurdumda qeyd etməyin arzusuyla yaşayıram. Bu gün Naxçıvanda keçirilən “Bahar” festivalı da olduqca maraqlı və yaddaqalan keçir. Burada əylənən uşaqların sevincini izləmək nəyə desəniz dəyər. Ləziz mətbəx nümunələrindən kətənin, şəkərburanın da dadına baxdım. Çox bəyəndim. Hər kəsin bayramını təbrik edirəm. 
Naxçıvan şəhər sakini Sevinc Rzayeva ailəsi ilə birgə baharı şən əhvali-ruhiyyədə qarşılamaq üçün üz tutub Naxçıvanqalaya. Bakı şəhərindən gələn qızı və nəvələri ilə gözəl bayram keçirdiyini deyən Sevinc xanım bildirir ki, Naxçıvanda hər əlamətdar gün fərqli şəkildə qeyd olunur: “Naxçıvanqalada keçirilən bir sıra festivallara qatılmışam. Qalanın içərisi geniş, şəraiti əlverişli olduğu üçün hər dəfə maraqlı keçir, yaddaqalan olur tədbirlər. Burada eyni anda rahat gəzmək, təamların dadına baxmaq, xalq mahnılarından zövq almaq insanlara mədəni istirahət bəxş edir. Bir neçə gün öncə “Instagram”dan Naxçıvanda “Bahar” festivalının keçiriləcəyini öyrəndim və çox sevindim. Bu gün də nəvələrimi götürüb gəlmişəm ilimizin bu gözəl fəslini qarşılamağa. Uşaqlar doyunca əylənir, biz böyüklər isə qədim adət-ənənələrimizə, xalq tamaşalarına, yallılara tamaşa edirik. Təşkilatçılara təşəkkürümü bildirirəm. Bayramınız mübarək”. 
Bayramı Naxçıvanqalada qeyd edən uşaqlardan biri də Cavidan Həsənovdur. 12 yaşı var. Heydər Əliyev adına tam orta məktəbin 6-cı sinfində oxuyur. Deyir, tətil günlərinin belə bir festivala təsadüf etdiyi üçün çox sevinirəm. Burada çoxlu həmyaşıdım var. Onlarla əyləncəli oyunlar oynayırıq. Bizim üçün gözəl, maraqlı səhnəciklər də nümayiş olunur. Özümüzü xoşbəxt hiss edirik. İnanıram ki, bu istirahət zehni yorğunluğumu tamamilə aradan götürəcək və dərslərimə daha həvəslə yanaşacağam. Hər kəsin bayramı mübarək olsun. 
Qeyd edək ki, martın 24-dək davam edəcək “Bahar” festivalı hər gün fərqli, maraqlı proqramla, sevimli müğənnilərin konsertləri ilə iştirakçıların, qonaqların görüşünə gələcək. 


Nail ƏSGƏROV 

Nəşr edilib : 20.03.2024 17:46