AZ EN RU

Bahar gəlibdi, bizim dağlara-dağlara

Az adam tapılar ki, Azərbaycan milli musiqisinin həmişəyaşar siması Məhəbbət Kazımovun “Bizim dağlara-dağlara” mahnısını dinləməsin. Məhəbbət müəllim bu ifanı elə ürəkdən və ürək yanğısı ilə səsləndirir ki, onun Laçın eşqinə, Qarabağ sevgisinə heyran qalmamaq mümkün deyil. İlahi, minlərlə qarabağlı kimi o da doğulub boya-başa çatdığı Laçın elinə necə də vurğun imiş... Bir dəfə “Youtube”da qarşıma çıxmışdı, 2000-ci illərin əvvəlində Naxçıvana gələn Məhəbbət müəllim israrla Batabata getmək istəyir və sonra məlum olur ki, onun bu istəyinin təməlində elə Laçın dayanır. Fikir verin, Batabat yaylağından Laçının havasını duymaq üçün neçə kilometr yol qət edir məlahətli səsin sahibi. Hətta Azərbaycan Televiziyasının müxbiri ona sual vermək istəsə də, Laçın qəhərindən özünü  ələ alıb danışa bilmir. Allah erməniyə lənət eləsin, işğal dövründə nələr yaşadılar bu insanlar, hansı iztirabları çəkdilər, bir Ulu Yaradan bilir, bir də keçmiş məcburi köçkünlər...

Dünən möhtərəm Prezidentin Xankəndi torpağında Novruz tonqalını alovlandırmasını, Azərbaycan xalqını “Zəfər meydanı”ndan təbrik etməsini görəndə qeyri-ixtiyari Məhəbbət müəllimin “Bizim dağlara-dağlara” mahnısını xatırladım. Fəryada baxın: “Bu il yenə gedənmədim, bizim dağlara-dağlara, görən gedib çatacaqmı, ahım dağlara-dağlara”. Deyirəm, kaş ömür vəfa edəydi bu günləri görərdin, ey Laçın sevdalı adam. Böyük bir tarix yazdıq, dağ vüqarlı oğullarımızın – şəhid və qazilərimizin sayəsində, canından çox sevdiyin Laçın dağlarına da gedib çıxdıq. Böyük sənətkar, ah-nalə ilə yox, Qələbə şüarı ilə gəlib çıxmışıq sizin dağlara-dağlara. Başı dik, alnıaçıq, üzüağ, tarixə Zəfər möhürünü vuran xalq kimi qayıtmışıq. Ruhun şad olsun, həsrəti ilə dünyadan köçdüyün Laçında bu gün toy mağarı qurmuşuq, beynəlxalq hava limanı inşa edirik, el-obana Novruzu qaytarmışıq.

Yeni dövrün Sərkərdəsi – sözü və imzası bir olan İNSANın 2021-də Şuşada, ardınca Suqovuşanda, Talış kəndində bu il isə Qarabağın mərkəzində – Xankəndidə alovlandırdığı Novruz tonqalı Qalib xalqın ürəyinə su səpir, qürurlandırır, 30 il bu torpaqda separatçılıqla məşğul olanların isə ürəyini yandırıb kül edir. Bu, ədalətin, haqqın, cənab İlham Əliyevin xarizmatik Lider kimi siyasi səbrinin möhtəşəm təntənəsidir. Vətən müharibəsindən sonra Xankəndi ilə bağlı yerli-yersiz danışanlara keçilən master-klasdır... Çünki O yarıcan, bətnində separatçı yuvası gəzdirən yox, bütöv, suveren, üçrəngli göylər gözəlinin səsinin çatıb, ününün yetdiyi Azərbaycan uğrunda yola çıxmışdı. Siz bunu bacardınız, möhtərəm Prezident!

Gözün aydın, Azərbaycan xalqı! Xankəndi yaz fəslini qürurla qarşılayır, qoynunda övladlarının, doğmalarının isti nəfəsini, sığalını duyur. Novruzun mübarəkdir, Qarabağ!

Muxtar RZAZADƏ

Nəşr edilib : 19.03.2024 13:20