AZ EN RU

“Bahar gəldi-Yaz gəldi” adlı sərgi açılıb

Dünən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Bahar gəldi-Yaz gəldi” adlı sərgi təşkil edilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək bildirib ki, yurdumuza baharın, yazın  gəlişini simvolizə edən qədim xalq bayramımız Novruz gəlir. Milli varlığımızı əks etdirən Novruz təbiətin oyanışını müjdələyən, ümid, bolluq və bərəkət dolu bayramdır. Bu gün sevinirik, qürurluyuq həm də ona görə ki,  insanlarımızı bir və həmrəy edən,  milli dəyərlərimizi özündə daşıyan Novruz bayramını Şuşada, Cıdır düzündə və digər  işğaldan azad edilən qədim torpaqlarımızda da qeyd edə bilirik. Həmçinin bu bayram ölkəmizdə və onun ayrılmaz hissəsi olan muxtar respublikamızda da təntənəli şəkildə qeyd olunur. 

Ülviyyə Həmzəyeva çıxışının sonunda qarşıdan gələn bayram münasibətilə təbriklərini çatdırıb.

Sərgidə çıxış edənlər tarixi keçmişimizi, adət-ənənələrimizi yaşadan bahar bayramı ilə bağlı fikirlərini bölüşüb, bayramın elimizə sülh, əmin-amanlıq gətirməsini, xalqımız üçün xeyirli, düşərli olmasını arzu ediblər.

Sonra sərgiyə baxış olub. Qeyd edək ki, 30 rəssamın 40-a yaxın əl işinin nümayiş etdirildiyi sərgidə əsl bayram əhval-ruhiyyəsi hiss olunurdu. Burada Ülviyyə Həmzəyevanın Xonça”, Nəsrullah Musayevin “Bayram”,  Həbibə Allahverdiyevanın “Nəsillərdən ötürülən izlər”, Sabir Məmmədovun “Dədə Qorqud”, Telman Abdinovun “Xalçaçı qız”, Qəhrəman Tağıyevin “Bayram” və digər rəssamların əl işləri maraqla qarşılanıb. Sərgi bir həftə davam edəcək.

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 17.03.2022 17:08