AZ EN RU

Babək və Culfa rayonlarında “Heydər Əliyev İli” tədbirləri çərçivəsində tibbi aksiyalar təşkil edilib

    Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi münasibətilə Azərbaycan Respublikasında elan olunmuş “Heydər Əliyev İli” tədbirləri çərçivəsində muxtar respublika sakinlərinə humanitar tibbi aksiyalar təşkil olunur. Ümummilli Liderin əziz xatirəsinə həsr edilmiş humanitar aksiyalarda Babək və Culfa rayon sakinləri də iştirak ediblər. Belə ki, fevralın 24-də Babək Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin ixtisaslı həkim briqadası tərəfindən rayonun Vayxır kənd ambulatoriyasında Vayxır və Xalxal kənd sakinləri üçün Mərkəzi Xəstəxananın nevropatoloq, terapevt, pediatr, kardioloq, USM, ginekoloq, oftalmoloq, stomatoloq həkimləri tərəfindən həkim və laborator xidmətlər göstərilib. Ümumilikdə, 204 nəfərin iştirak etdiyi aksiyada 250-dən çox müayinə aparılıb ki, həmin müayinələr zamanı 19 nəfərdə patologiyalar aşkarlanıb. Həmin şəxslər  isə müayinə proseslərinin davamı üçün Babək Rayon Mərkəzi Xəstəxanasına dəvət olunub.
    Eyni məqsədlə Culfa Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin ixtisaslı həkim briqadası tərəfindən isə rayonun Əbrəqunus kənd sakinlərinə müxtəlif tibbi xidmətlər göstərilib. Belə ki, xəstəxananın nevropatoloq, terapevt və otolorinqoloq həkimləri tərəfindən müayinə edilən 46 kənd sakinindən 35-də müxtəlif xəstəliklər (xroniki tonzillit, miqren, hipertoniya, revmatizm, böyrək daşı, qastrit, burun qanaxması, eşitmə zəifliyi və sair) aşkar edilib. 
    İxtisaslı həkimlər müayinələrin nəticələrinə uyğun olaraq yerindəcə lazımi müalicələri icra etməklə yanaşı, bəzi xəstəliklərə görə də müvafiq xəstəxanada müalicələrini davam etdirmələri üçün sakinlərə tövsiyələr veriblər. Yenidən müalicə və müayinələrin aparılması məqsədilə bəzi sakinlər Rayon Mərkəzi Xəstəxanasına dəvət olunub. 

Naxçıvan Muxtar Respublikası 
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 24.02.2023 22:17