AZ EN RU

Babək rayonunun Sirab kəndi – müasirləşmiş qədim yurd yerimiz

    Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım yerinə yetirilsin”. Naxçıvan şəhərindən “sirli suyu” ilə tanınan Babək rayonunun Sirab kəndinə  gedən yolboyunca ümummilli liderin Naxçıvan haqqında arzularının artıq reallaşdığının, Naxçıvanımızın tərəqqiyə qovuşduğunun şahidi oluruq. Ötüb keçdiyimiz kəndlərdəki qaynar həyat, səliqəli tikililər, səhiyyə və mədəniyyət ocaqları, xidmət mərkəzləri, yollarda aparılan təmir-tikinti işləri, bir sözlə, ümumi inkişaf mənzərəsi yaşayış məntəqələrimizin simasının dəyişdiyini, yeni görkəm aldığını sübut edir. Məhz Sirab kəndi də rayonun hərtərəfli dövlət qayğısı ilə əhatə olunan, respublikamızın təbii sərvətlərindən böyük pay alan, muxtar respublika iqtisadiyyatına mühüm töhfə verən yaşayış məntəqələrindən biridir. 

Sirab kənd məktəbində müasir tədris 
şəraiti yaradılıb

Muxtar respublikamızda bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də aparılan işlər diqqət mərkəzindədir. Savadlı cəmiyyətin formalaşması üçün lazımi şərait yaradılmasına, gənclərin əsl vətəndaş kimi yetişdirilməsinə ciddi önəm verilir. Bu istiqamətdə görülən işlərin həcmi getdikcə artır. Cari il sentyabrın 26-da yenidən tikilib istifadəyə verilən Sirab kənd tam orta məktəbinin binası da yuxarıda sadaladığımız şərtlərə xidmət edir. 

    Məktəbin direktoru Əli İsmayılov söhbət zamanı dedi:  – Bu il yenidən tikilib istifadəyə verilən məktəb binamız 960 şagird yerlikdir. Məktəbdə şahmat otağı, internet şəbəkəsinə qoşulu kompüter otağı, 3 laboratoriya, 4 elektron sinif otağı, bufet, kitabxana və müasir tələblərə uyğun STEAM tədris kabinəsi fəaliyyət göstərir. Təhsil ocağının idman zalında yeniyetmələrin fiziki sağlamlığının qorunması üçün lazımi şərait yaradılıb. 

    Mövcud təhsil sisteminin uğurlu nəticəsidir ki, ildən-ilə qəbul imtahanında yüksək nəticə göstərən məzunlarımızın sayı artır. Bu il məktəbimizin 30 məzununun 21-i ali və orta ixtisas məktəblərinə qəbul olub. 

    Cəmiyyətin memarı olan müəllimlərin fəaliyyəti, böyük zəhməti və əvəzsiz xidmətləri muxtar respublika rəhbəri tərəfindən yüksək qiymətləndirilir. Bunun nəticəsidir ki, Sirab kənd tam orta məktəbinin müəllimi Salman Rəhimovun pedaqoji fəaliyyəti də diqqətdən kənarda qalmayıb, ölkə başçımız tərəfindən “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Salman müəllim ona göstərilən qayğıdan ürək dolusu danışır: – “Əməkdar müəllim” fəxri adı Azərbaycan müəlliminin əməyinə verilən ən yüksək qiymət, həm də böyük bir məsuliyyətdir. Bundan sonrakı fəaliyyətimdə də bu adı şərəflə daşımağa və özümü daha da inkişaf etdirməyə çalışacağam. Bu adı almaq çox qürurverici bir hissdir. Bu ad mənim timsalımda öz müəllimlik peşəsini sevə-sevə yerinə yetirən hər bir müəllimin zəhmətinə verilən qiymətdir. Fəxri ad almağımla bağlı xəbəri eşidəndə keçirdiyim sevinc hissi sözlə ifadə oluna bilməz. Bu sevinc və qürur hissini mənə yaşatdığına görə dövlətimizə minnətdarlığımı bildirirəm”.

Kənd və xidmət mərkəzləri 
yerli əhalinin xidmətindədir

Daxilində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, statistika otağı, mədəniyyət evi, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv və 44 yerlik zal yerləşən kənd mərkəzi əsaslı təmir işlərindən sonra istifadəyə verilən binalar arasındadır. 

    Sirab kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Rufan Orucov yaradılan şəraitdən danışaraq deyir ki, Sirab kəndində insanların əsas məşğuliyyət sahəsi bağçılıq, heyvandarlıq və arıçılıqdır. Kənd sakinləri güzəştli şərtlərlə kreditlər götürərək öz təsərrüfatlarını genişləndirirlər. Son illər götürülən kreditlər hesabına kənddə meyvə bağları salınıb, iri və xırdabuynuzlu heyvanların baş sayı, arı ailələri artırılıb. Sirab kəndində də baytarlıq xidmətinin təşkili bu istiqamətdə tədbirlərin vaxtında və mütəşəkkil aparılmasına, keyfiy­yətli kənd təsərrüfatı məhsullarının istehsalına imkan yaradacaq.
    Rabitə xidmətinin yaxşılaşdırılması istiqamətində Sirab kəndində mühüm tədbirlər görülüb, mərkəzdə yerləşən rabitə evində poçt bölməsi yaradılıb, avtomat telefon stansiyası quraşdırılıb. Kəndə fiberoptik xətt çəkilib, sürətli internetə çıxış imkanı yaradılıb. 
    Eyni zamanda kənddə əhalinin istifadəsinə verilən xidmət mərkəzi də əhalinin tələbatını yüksək səviyyədə ödəyir. Mərkəzdə bərbərxana, gözəllik salonu, ət satışı yeri, dərzi, ərzaq və təsərrüfat malları olmaqla, 2 mağaza fəaliyyət göstərir. Mağazada yerli istehsala üstünlük verilir, kənddə yetişdirilən meyvələrin və hazırlanan müxtəlif ərzaq məhsullarının satışı həyata keçirilir. 

  Müasir həkim ambulatoriyası 
sağlamlıq keşiyində

Əhalinin sağlamlığının etibarlı şəkildə təmin olunması dövlətin qarşısında duran vəzifə kimi mühüm yer tutur. Bu səbəbdən son yenilikləri özündə əks etdirən avadanlıqlarla təchiz olunmuş tibb ocaqlarının istifadəyə verilməsi bu sahədə atılan ciddi addımlardan biridir. Yenidən təmir olunub istifadəyə verilən kənd ambulatoriyasının xidmətindən bu gün 4 minə qədər insan istifadə edir. Yaradılan şərait və mövcud tibbi personal kənddə səhiyyə xidmətinin nümunəvi şəkildə qurulmasına imkan verir.
    İki mərtəbədən ibarət olan binada stomatoloq və fizioterapiya kabinələri, pediatr, palata, doğuş, peyvənd və aptek yerləşir. Ambulatoriya lazımi tibbi avadanlıqlar və dərman vasitələri ilə təmin olunmuşdur. Ambu­latoriyanın baş həkimi Ülkər Quliyeva burada həyata keçirilən tədbirlərdən bəhs etdi: – Kəndimizdə müasir səhiyyə infrastrukturunun yaradılması insan amilinə verilən dəyərin ifadəsidir. Kənd ambulatoriyası da bu məqsədə xidmət etməkdədir. Tibb işçiləri peyvənd işinin vaxtlı-vaxtında aparılmasına və gigiyenik qaydalara riayət edilməsinə, səhiyyə maarifi işinin ardıcıl olaraq həyata keçirilməsinə diqqət yetirirlər. İşçilərimiz həftədə bir dəfə kəndin ahıl və xəstələrinə baş çəkərək onları müayinə edirlər. Məktəbə təyin olunmuş tibb bacısı hər gün məktəbə gedir, uşaqların sağlamlıqlarının qeydinə qalır. Həmçinin məktəbdə aparılan peyvənd işləri uşaqların viruslardan qorunmasını təmin edir. İndi kəndimizdə hər cür şərait yaradılıb. Bütün bunlara görə muxtar respublika rəhbərinə minnətdarıq. 

Dünənin, bu günün şahidi

Kəndin heyranedici quruculuq mənzərəsini izləyərkən kənd sakini Möhsün Ələkbərovla qarşılaşdıq. Bizi böyük qonaqpərvərliklə evinə dəvət edən 79 yaşlı Möhsün dayı deyir ki, mənim hər şeyim buradır – mənim Vətənim də, evim-eşiyim də Sirab kəndidir. Bu kənddə doğulub boya-başa çatmışam, kəndimizin dünəninə də, bu gününə də şahidlik etmişəm. Əvvəllər bu cür şərait olmadığı üçün insanların yaşayış tərzi tamamilə fərqli idi. Günü-gündən gözəlləşən doğma elimizin indiki mənzərəsi məni də heyran edir. Kəndimin əvvəlki mənzərəsini yaxşı xatırlayıram. Çox gəzsəm də, dolansam da, Naxçıvanımın gözəlliyinə, təmizliyinə bənzər bir yerə rast gəlməmişəm. Bu günlərdə yeni istifadəyə verilmiş məktəb binasında gənc nəslin daha yaxşı şəraitdə təhsil alması, gələcəkdə Vətəninə, millətinə yararlı bir fərd olması üçün bütün imkanlar yaradılıb. Kənddən şəhərə asanlıqla getmək üçün təşkil edilmiş marşrut xətləri bizim gedib-gəlişimizi asanlaşdırır. Doğma obamızda biz yaşlı nəsli düşünərək kənd ambulatoriyası işçilərinin hər həftə apardığı müayinə dövlətimizin bizi düşünərək yaratdığı imkanlar sırasına daxildir. 
    Əvvəllər 20 evdən ibarət olan kəndimiz bu gün yüzlərlə insanın məskənidir. Onu da deyim ki, kəndimizin torpağı çox bərəkətlidir. Heyvandarlıq, arıçılıq, əkinçiliklə məşğul oluruq. İstehsal etdiyimiz məhsullarla həm yaşayışımızı təmin edib ehtiyaclarımızı ödəyir, həm də ehtiyacımızdan artıq olan məhsulu bazara çıxarırıq. Mən özüm üzümçülüklə məşğul olmuşam – həyətyanı sahəsindəki geniş üzüm bağını göstərir – indi yaşım ötdüyü üçün dövlətimizin bizə ayırdığı müavinət ilə dolanışığımızı təmin edirik. Muxtar diyarımızda yaradılan şəraitə, bizə göstərdikləri qayğı gənclərdə sabaha inam, biz yaşlı nəsillərdə isə yaşamaq həvəsi yaradır.

Aysel YUSİFZADƏ
Bülbül QULİYEVA

Nəşr edilib : 26.10.2022 19:07