AZ EN RU

Babək rayonunun məktəbləri mükafatlandırılıb

    2021-2022-ci tədris ilində buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinə görə Babək Rayon Təhsil Şöbəsinin tabeliyində olan təhsil müəssisələrinin məzunlarından 330-u tələbə adını qazanıb. Uğurlu nəticə göstərən məktəblərin mükafatlandırılması ilə bağlı tədbir keçirilib. 
    Tədbiri giriş sözü ilə açan Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov qeyd edib ki, təhsilə göstərilən dövlət qayğısı sayəsində Babək rayonunda da məktəblərin infrastrukturu yaxşılaşdırılıb, məktəblər müasir avadanlıq, informasiya texnologiyaları və tədris vəsaitləri ilə təchiz olunub. Bu da ümumtəhsil məktəblərində şagirdlərin keyfiyyətli təhsil almasına və təhsildə yüksək nailiyyətlər qazanmasına geniş imkanlar yaradıb. 
    Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, muxtar respublikada təhsilə göstərilən hərtərəfli qayğı nəticəsində 2021-2022-ci tədris ilinin də yekunları uğurlu olub, imtahanlarda iştirak edən məzunlardan 2159-u, yaxud 76 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunub, 6 məzun Prezident təqaüdünə layiq görülüb. 
    Qeyd edilib ki, Babək Rayon Təhsil Şöbəsinin tabeliyində 2 ümumi, 34 tam orta, 5 məktəbdənkənar və               1 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Hazırda ümumtəhsil məktəblərində 643 sinifdə 9608 şagird təhsil alır ki, onların da təlim-tərbiyəsi ilə 1236 müəllim məşğul olur. Müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqələrdə son 4 ildə Babək rayonunun ümumtəhsil məktəblərinə təyin edilən gənc kadrlardan 111-i müəllim kimi fəaliyyətə başlayıb, 31-i isə müxtəlif vəzifələrə təyin olunub. 
    Bildirilib ki, Babək rayonunun ümumtəhsil məktəblərində yaradılan müasir tədris şəraiti şagirdlərin yaxşı təhsil almasına, buraxılış və qəbul imtahanlarında uğurlu nəticə qazanmalarına öz müsbət təsirini göstərib. 2021-2022-ci tədris ili üzrə də Babək rayonunun ümumtəhsil məktəblərinin məzunlarının 96 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak edib. Onlardan 330-u ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olub, 49-u 500-700 arası nəticə göstərib. 2 məzun “Qızıl” nişana, 7 məzun isə fərqlənmə attestatına layiq görülüb.
    14 şagird 2021-2022-ci tədris ilində keçirilən olimpiada və müsabiqələrin qalibi olub.
    Diqqətə çatdırılıb ki, Babək rayonunda fəaliyyət göstərən məktəblərdən 12-si qəbul nəticələrinə görə muxtar respublika orta göstəricisindən yüksək nəticə əldə edib. Zeynəddin kənd tam orta məktəbinin muxtar respublikada IV ixtisas qrupu üzrə ən yüksək nəticə göstərən məzunu Fuad Məmiyev isə Prezident təqaüdünə layiq görülüb. 
    Təhsil naziri qazandıqları uğurlu nəticəyə görə Babək Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin pedaqoji kollektivinə təşəkkür edib. 
    Babək Rayon Təhsil Şöbəsinin müdiri Həsən Zeynalov çıxış edərək 2021-2022-ci tədris ilində gördükləri işlər və 2022-2023-cü tədris ili üzrə gözlənilən nəticələr barədə məlumat verib, təhsilin inkişafına göstərilən qayğıya görə dövlətimizə  minnətdarlığını bildirib. 
    Sonda ötən tədris ilində keçirilən qəbul imtahanlarında əldə etdikləri uğurlu nəticələrə görə Babək şəhər                      2 nömrəli, Cəhri qəsəbə 1 nömrəli, Çeşməbasar, Nəhəcir, Göynük, Yuxarı Buzqov, Kültəpə, Naxışnərgiz, Xəlilli, Məmmədrza Dizə, Kərimbəyli və Zeynəddin kənd tam orta məktəblərinə diplomlar təqdim edilib.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 27.10.2022 20:10