AZ EN RU

Babək rayonunun Cəhri qəsəbəsində vətəndaşlarla görüş keçirilib

Yanvarın 12-də Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Babək rayonunun Cəhri qəsəbəsində  İcra Nümayəndəliyinin inzibati binasında qəsəbə sakinləri ilə görüşüb, onların müraciətlərini dinləyib. Görüş zamanı Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova görüşün əhəmiyyətindən bəhs edib.
Qəsəbə sakinləri ilə görüşdə komitə sədri Ramilə Seyidova Azərbaycan Respublikasında ölkə rəhbərinin  20 il ərzində həyata keçirdiyi dövlət qadın və uşaq siyasətindən bəhs edərək, bildirdi ki, sosial sahədə mühüm işlər görülür, əhalinin, o cümlədən ailələrin, uşaqların sosial müdafiəsi istiqamətində tədbirlər həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 15 sentyabr tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı” təsdiq edilmişdir. Müvafiq Sərəncama uyğun olaraq muxtar respublikada Regional Ailə Mərkəzlərinin yaradılması nəzərdə tutulub.  
Komitə sədri görüş zamanı əminliyini ifadə edərək qeyd etdi ki, muxtar respublika  sakinləri, xüsusilə də qadınlar 2024-cü il 7 fevral tarixində keçiriləcək Prezident seçkilərində fəal iştirak edərək öz layiqli namizədinə səs verəcəkdir. 
Görüşdə 35 nəfər qəsəbə sakininin müraciətləri ayrı-ayrılıqda dinlənilib, protokollaşdırılıb. Müraciətlər əsasən ailə məsələsi, işlə təmin olunma, peşə kursuna cəlb olunma, ünvanlı dövlət sosial yardımın təyin edilməsinə köməklik göstərilməsi, qış geyiminin verilməsi, məktəbli formasının verilməsi, pensiya məsələsi, özünüməşğulluq proqramına cəlb  edilməsinə köməklik göstərilməsi və digər məsələlərlə bağlı olub. 
Vətəndaşlara müraciətlərlə bağlı hüquqi izahat verilmiş, komitənin səlahiyyət dairəsinə aid  müraciətlər yerindəcə həll olunmuş və digər məsələlərin isə aid orqanlar qarşısında vəsatət qaldırılması ilə əlaqədar qeydiyyatı aparılmışdır.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 12.01.2024 20:49