AZ EN RU

Babək rayonunda tikinti-quruculuq işləri aparılır

    “Nəqşicahan İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Babək şəhərinin Hüseyn Cavid küçəsi və ona birləşən 3 küçədə aparılan təmir işləri artıq yekunlaşıb, yollara asfalt örtük salınıb, divarlar rənglənərək vətəndaşların istifadəsinə verilib. Hazırda Qəzənfər Əkbərov, Molla Pənah Vaqif, Mirzə Ələkbər Sabir və 20 Yanvar küçələrində təmir işləri həyata keçirilir. Asfalt örtük üçün yol qatı hamarlanıb, yol kənarlarına beton arx salınır, divarlarda suvaq işləri görülür. 
   Cari il may ayının 1-dən etibarən Babək şəhər mərkəzində rayon şəhidlərinin əziz xatirəsinə həsr olunan abidə kompleksi yaradılır. Artıq abidənin hörgü, beton-konstruksiya işləri görülüb, şəhidlərin fotoşəkilləri daş üzərinə döymə üsulu ilə vurulur. Həmçinin kompleksin ərazisində travertin üzləmə işləri aparılır, yaşıllıq zolağında abadlıq tədbirləri icra olunur.
    2020-ci ildə qəsəbə statusu alan Cəhri də Babək rayonunun abadlaşan yaşayış məntəqələri sırasında yer alıb. Cari ildə qəsəbədə aparılan quruculuq tədbirləri çərçivəsində daha təhlükəsiz və rahat hərəkətin təmin edilməsi məqsədilə daxili avtomobil yolu genişləndirilir. “Cahan İnşaat” MMC-nin inşaatçıları tərəfindən səkilər salınıb, asfalt örtüyün birinci qatı verilib, hazırda yolda təmir işləri davam etdirilir.

Nail ƏSGƏROV

Nəşr edilib : 15.08.2023 11:49