AZ EN RU

Babək rayonunda “Müasir qadınlar mental dəyərləri əks etdirən stereotipləri ləğv edənlərdir” mövzusunda tədbir keçirilib

Martın 18-də Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Babək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Yarımca kəndində “Müasir qadınlar mental dəyərləri əks etdirən stereotipləri ləğv edənlərdir” mövzusunda tədbir keçirilib
Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Fuad Mirzəyev muxtar respublikamızda mövcud olan gender bərabərliyindən danışıb, mütəmadi olaraq bu istiqamətdə keçirilən tədbirlərin maarifləndirici əhəmiyyətini vurğulayıb. 
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Firuzə Hüseynova qeyd edib ki, cəmiyyətimizdə qadın adının uca tutulması Azərbaycan xalqının ən yüksək, ali və mənəvi keyfiyətlərindəndir. Azərbaycanda qadına hörmət xalqımızın öndə gələn ənənələrindən olub. Mental dəyərlər isə müsbət və mənfi çalarları özündə əks etdirən məfhumdur. Cəmiyyətimizdə uğurun açarı olan ağıllı və savadlı qadınlara üstünlük verilir. Bu gün cəmiyyət həyatının elə bir sahəsi yoxdur ki, qadınların fəaliyyəti orada özünü göstərməsin. Bu bir reallıqdır ki, qadınların cəmiyyət həyatındakı rolu mövcud ictimai-siyasi şəraitdən və onlara göstərilən münasibətdən asılı olaraq fərqli sivilizasiyalarda və cəmiyyətlərdə fərqli formalarda özünü göstərib. 

Sonra "Naxçıvan Muxtar Respublikası 100: Azərbaycanın inkişafında qadınların rolu” filmi nümayiş olunub, fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 18.03.2024 13:45