AZ EN RU

Babək rayonunda 53 yeni qaz sayğacı quraşdırılıb

    Muxtar respublikanın digər rayonları kimi, Babəkdə də istehlakçıların, istehsal sahələrinin təbii qaz təminatını həyata keçirmək, baş verə biləcək qəza hallarının, eləcə də qazsızmaların aradan qaldırılması üçün nəzərdə tutulan tədbirlər cari ildə müvəffəqiyyətlə yerinə yetirilir. Cari ilin ötən dövrünün statistik göstəriciləri də bunu təsdiq edir. Babək Rayon Qaz İstismar İdarəsindən aldığımız məlumata görə, bəhs olunan dövrdə Babək şəhərində 12, Nehrəm qəsəbəsində 17, Cəhri qəsəbəsində 14, Qahab kəndində 8, Sirab kəndində 5, Zeynəddində 4, Şıxmahmudda 14, Didivar kəndində 4, Nəzərabadda 3, Xəlilli kəndində 1, Qoşadizə kəndində 3, Şəkərabad kəndində 4, Badaşqanda 2, Hacıvarda 3, Yarımca kəndində 1, Kültəpə kəndində 1,Vayxır kəndində 1, Güznüt kəndində 1, “N” hərbi hissədə 1 olmaqla, ümumilikdə, rayon ərazisində 98 əhali və 1 qeyri-əhali obyekt qazlaşdırılıb. 
    Məlumatda qeyd olunur ki, 2023-cü ilin 7 ayı ərzində Babək rayonunda 14 qutu qoyulub, 53 istismara yararsız sayğac yenisi ilə əvəz olunub, yenidənqurma işləri zamanı 14622 paqonometr borudan istifadə edilib. Qaz təsərrüfatında aparılan yenidənqurma işləri Babək şəhərini, rayonun Cəhri qəsəbəsini, Güznüt, Şıxmahmud, Sirab, Qahab, Yarımca kəndlərini əhatə edib. Bu dövr ərzində rayon ərazisində 176 sızma aşkarlanaraq bərpa olunub, vətəndaşlar tərəfindən 604 çağırış qeydə alınaraq nasazlıqlar dərhal aradan qaldırılıb, sayğaca müdaxilə halı müşahidə olunmayıb.

Nail ƏSGƏROV

Nəşr edilib : 04.09.2023 18:21