AZ EN RU

Babək Rayon Xalq Teatrı yeni tamaşanı rayon ictimaiyyətinə təqdim edib

20 may 2022-ci il tarixdə Babək Rayon Mədəniyyət Sarayında bu münasibətlə keçirilən tədbirdə xalq teatrının kollektivi tərəfindən Süleyman Rüstəm və Süleyman Ələsgərovun “Durna” musiqili komediyası əsasında hazırlanan eyniadlı tamaşa nümayiş etdirilmişdir.

Tamaşaçıların böyük maraqla izlədiyi, quruluşçu rejissoru  Yusif Əliyev, musiqi tərtibatçısı Səyyad Məmmədov, rejissor assistenti  Ələkbər İsmayılov, tərtibatçı rəssam Nərmin Seyidova olan tamaşada rolları Nuray Mehdiyeva, Məhərrəm Nadirov, Rasim Qasımov, Gülşən Güləliyeva, Ələkbər İsmayılov, Stella Babayeva və Abbas Babayev oynayırlar. Əsərdə sovet dövründə kənd həyatından, briqadalarda çalışan əmək adamlarının fəaliyyətindən bəhs edilir, qabaqcıl, işgüzar, insanların tənbəl, köhnəfikirli insanlara qarşı mübarizəsi təsvir edilir, iki gəncin – Durna ilə Muradın arasındakı saf məhəbbətdən söz açılır.

Qeyd edək ki, son illərdə Babək Rayon Xalq Teatrı tərəfindən hazırlanan, bir-birindən maraqlı əhvalatları, real həyat hadisələrini, vətənpərvərliyi təbliğ edən səhnə əsərləri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanır. Bu illər ərzində kollektivin uğurları təkcə səhnə əsəri hazırlamaqla məhdudlaşmamış, eyni zamanda istedadlı həvəskar aktyorların üzə çıxarılması və püxtələşməsində müstəsna rol oynamışdır. Kollektivin əməyi yüksək qiymətləndirilmiş, müxtəlif illərdə bədii heyət üzvlərindən bir neçə nəfər Prezident mükafatına layiq görülmüşdür.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 20.05.2022 17:58