AZ EN RU

Babək Rayon Xalq Teatrı Naxçıvan şəhərində tamaşa göstərib

9 sentyabr 2022-ci il tarixdə Naxçıvan Dövlət Uşaq Teatrının səhnəsində Babək Rayon Xalq Teatrının kollektivi tərəfindən Süleyman Rüstəm və Səid Rüstəmovun “Durna” üçpərdəli musiqili komediyası əsasında hazırlanan eyniadlı tamaşa nümayiş etdirilmişdir.

Tamaşaçıların böyük maraqla izlədiyi, quruluşçu rejissoru  Yusif Əliyev, musiqi tərtibatçısı Səyyad Məmmədov, rejissor assistenti Ələkbər İsmayılov, tərtibatçı rəssamı Nərmin Seyidova olan tamaşada rolları Nuray Mehdiyeva, Heydərli Gülüzar, Məhərrəm Nadirov, Rasim Qasımov, Gülşən Güləliyeva, Ələkbər İsmayılov, Stella Babayeva və Abbasəli Babayev oynayırlar. Əsərdə sovet dövründə kənd həyatından, briqadalarda çalışan əmək adamlarının fəaliyyətindən bəhs edilir, qabaqcıl, işgüzar, insanların tənbəl, köhnəfikirli insanlara qarşı mübarizəsi təsvir edilir, iki gəncin – Durna ilə Muradın arasındakı saf məhəbbətdən söz açılır.

Qeyd edək ki, son illərdə Babək Rayon Xalq Teatrı tərəfindən hazırlanan, bir-birindən maraqlı əhvalatları, real həyat hadisələrini, vətənpərvərliyi təbliğ edən səhnə əsərləri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanır.

Xatırladaq ki, kollektiv “Durna” tamaşasını may ayında Babək rayonunda, avqust ayında isə Ordubad rayonunda nümayiş etdirmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyi mətbuat xidməti

Nəşr edilib : 09.09.2022 17:38