AZ EN RU

Babək Rayon Mərkəzi Xəstəxanasında səyyar kollegiya iclası keçirilib - FOTOLAR

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi oktyabrın 29-da Babək Rayon Mərkəzi Xəstəxanasında səyyar kollegiya iclası keçirib.
Səhiyyə naziri Niyazi Novruzov 2022-ci ilin oktyabr ayı ərzində görülən işlər barədə məlumat verərək bildirib ki, muxtar respublika rəhbərinin qayğı və diqqəti nəticəsində son illər muxtar respublikamızda səhiyyə sisteminə dövlət qayğısının artırılması, səhiyyə müəssisələrinin maddi-texniki bazalarının gücləndirilməsi, keyfiyyətli tibbi xidmətin təmin edilməsi, səhiyyə müəssisələrinin tikilərək yenidən istifadəyə verilməsi və müasir avadanlıqlarla təchiz olunması, kadr hazırlığı sahəsində tədbirlər davamlı xarakter almışdır. 
Ordubad rayon Pəzməri və Unus kənd feldşer mama məntəqələri bütün növ tibbi avadanlıq və ləvazimatlarla təmin edilərək əhalinin istifadəsinə verilmişdir.
 Ay ərzində 10 həkim Türkiyə Respublikasında və Bakı şəhərində, 37 orta tibb işçisi müxtəlif ixtisaslar üzrə Naxçıvan şəhərində iş yerində təcrübə keçməsi üçün göndərilmişdir. 
Naxçıvan Dövlət Universitetinin Tibb Fakültəsinin 46 tələbəsi və Tibb Kollecinin 181 tələbəsi tibb müəssisələrinə hamiliyə verilmişdir.  Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş imtahan nəticələrinə əsasən müxtəlif ixtisaslar üzrə 20 həkim və 11 orta tibb işçisi tibb müəsisələrində işlə təmin olunmuşdur.
Səhiyyə Nazirliyi tərəfindən ay ərzində müxtəlif mövzularda Bakıdan dəvət edilmiş həkimlər və yerli həkimlərin iştirakı ilə 5 konfrans və 2 maarifləndirici tədbir keçirilmişdir.
Ay ərzində tibbi aksiyalar keçirilmiş və Bakıdan dəvət edilmiş həkimlər və yerli həkimlər tərəfindən müxtəlif xəstəliklər üzrə 191 nəfərdə müayinə, 24 nəfərdə isə cərrahi əməliyyat aparılmışdır.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov Babək rayonunda əhaliyə göstərilən tibbi xidmətin vəziyyəti haqqında çıxış edərək bildirib ki, Babək rayonunda əhaliyə tibbi xidmət rayon mərkəzi xəstəxanası, iki qəsəbə sahə xəstəxanası,13 kənd həkim ambulatoriyası və 18 feldşer-mama məntəqəsi, gigiyena və epidemiologiya şöbəsi tərəfindən göstərilir. Sonra Babək rayonunun tibb müəssisələri tərəfindən əhaliyə göstərilə stomatoloji, pediatrik, fizoterapevtik, dispanserizasiya, ginekoloji, epidemioloji və digər tibbi xidmətlər barədə məlumat verilmişdir. 
 Sanitar - epidemioloji  nəzarət sektorunun baş məsləhətçisi Türkan Hüseynova Şərur  rayon səhiyyə müəssisələrinin sanitar-gigiyenik vəziyyəti haqqında çıxış edib. Çıxışda nazirlik tərəfindən yardılan komissiya tərəfindən rayon ərazisində fəaliyyət göstərən tibb müəssisələrində sanitar-gigiyenik vəziyyətin yoxlamasına dair məlumat verilmişdir. 
Kollegiya iclasında digər məsələlər də müzakirə olunub. Nazir müavini Samrat Gəncəyeva icbari tibbi sığorta ilə əlaqədar göstərilən tibbi xidmətlər, Zeynəb Mənsumova isə sanitar-epidemiolji xidmətə dair tapşırıq və tövsiyələri dinlənilmişdir. Tibb müəssisə rəhbərləri maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır. 
Kollegiya iclasında müzakirə olunan məsələlərlə əlaqədar müvafiq qərarlar qəbul olunub. Səhiyyə naziri Niyazi Novruzov  noyabr ayı ərzində görüləcək işlər barədə tapşırıqlar verib.
 Sonda tədbir iştirakçıları Babək Rayon Mərkəzi Xəstəxanasının maddi-texniki bazası ilə tanış olublar. 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 30.10.2022 14:14