AZ EN RU

“Azsığorta”nın Naxçıvanda filialı fəaliyyətə başlayıb

    Ölkənin aparıcı sığorta şirkətlərindən olan “Azsığorta” ASC-nin Naxçıvanda rəsmi filialının açılışı olub. Filialın açılış mərasimindən öncə şirkətin əməkdaşları Heydər Əliyev Muzeyini ziyarət ediblər, dahi rəhbərin çoxşaxəli fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. 
    Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin əməkdaşı Pənah  Mehdiyev açıb, sığorta şirkətlərinin ölkəmizin iqtisadi-siyasi, sosial həyatındakı uğurlarından danışıb. Diqqətə çatdırılıb ki, ölkəmizdə belə sığorta şirkətlərinin olması və filialların açılması sahibkarlıq və biznes subyektlərinin, kapital və əmlak sahiblərinin daha etibarlı şəkildə fəaliyyət göstərməsini təmin edir, istehsal və kommersiya əməliyyatlarının, həmçinin sığorta şirkətlərinin genişlənməsinə şərait yaradır, əlavə investisiyaların yatırılmasını mümkünləşdirir. Dünya təcrübəsində bu kimi məsələlər daim diqqət mərkəzindədir və iqtisadi fəaliyyətin sığortalanması, sığorta şirkətlərindən fəal istifadə edilməsi bu mexanizmə güclü şəkildə önəm göstərilməsi əsas məsələlərdən hesab edilir. 
    Pənah Mehdiyev qeyd edib ki, ölkə başçısı cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamı muxtar diyarımızda iqtisadiyyatın, biznes əlaqələrinin, kiçik və orta sahibkarlığın inkişafına öz töhfəsini verəcəkdir. Belə ki, Dövlət Proqramının icrası istiqamətində həyata keçirilən tədbirlər 11 prioritet istiqamətdən və 81 tədbir proqramından ibarətdir ki, bu da muxtar respublikanın ictimai-sosial, iqtisadi həyatının günün tələbləri səviyyəsində qurulmasında, inkişaf edib yenilənməsində müstəsna rola malikdir. Həmçinin sözügedən tədbirlərin həyata keçirilməsini konkret müəyyənləşdirən alttədbirlər də müəyyən olunmuşdur ki, onların da yaxın zaman ərzində təsdiq edilməsi gözlənilməkdədir. Bu sahədə əhalinin rahatlığına xidmət edəcək sığorta şirkətlərinin yaradılması da prioritet istiqamətlərdən biri sayılır. Belə ki, ölkəmizdə azad, müstəqil sahibkarlıq subyektlərinin yaradılması, bu sahədə yeni biznes uğurlarının əldə edilməsi, həmçinin sahibkarlar arasında rəqabətin formalaşması fikirlərimizin əyani sübutudur. Şübhəsiz ki, bu gün Naxçıvan şəhərində “Azsığorta”nın yeni filialının açılması da ölkəmizin, eləcə də muxtar diyarımızın iqtisadiyyatına böyük töhfələr verəcək.  
    Tədbirdə çıxış edən Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublika İdarəsinin rəisi Elçin Əliyev diqqətə çatdırıb ki, ölkəmizdə sığorta şirkətlərinin fəaliyyətə başlaması, habelə regionlarımızda yeni filialların yaradılması iqtisadiyyatın aparıcı sahələrindən biri hesab olunur. Həmçinin “Azsığorta” şirkətinin yeni filialının Naxçıvanda açılması da diyarımızda sosial-mədəni həyatın formalaşmasına, insanların rahatlığına müsbət yöndə təsir edəcək. 
    Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı naziri vəzifəsini müvəqqəti icra edən, nazir müavini Xəyalə Dadaşova, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev çıxışlarında sığorta şirkətlərinin ölkəmizin iqtisadi-sosial həyatına verəcəyi töhfələrdən bəhs edib. Çıxış edənlər ölkəmizdə olduğu kimi, muxtar respublikamızda da iqtisadi əlaqələrin, sahibkarlıq subyektlərinin düzgün formalaşmasının zərurətini diqqətə çatdırıblar. 
    Vurğulanıb ki, Dövlət proqramları çərçivəsində görülmüş işlər Naxçıvan Muxtar Respublikasının qarşıdakı illərdə də inkişafı üçün geniş imkanlar yaradıb. Hazırda bu imkanlardan istifadə edilməklə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi həyatında, o cümlədən kənd yerlərində iqtisadi fəaliyyətin sürətlənməsi, əlverişli biznes mühitinin formalaşması, investisiyaların cəlb edilməsi nəticəsində ixracyönlü dəyər zəncirinin qurulması və dayanıqlı iş yerlərinin yaradılması istiqamətlərində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi əsas prioritetlərdən birinə çevrilib. Bu isə, öz növbəsində, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə əlaqədar tədbirlərin, həmçinin kompleks proqramların hazırlanmasını və icrasının davam etdirilməsini nəzərdə tutur.
    “Azsığorta” şirkətinin Direktorlar Şurasının sədri Viladi Maniyev Naxçıvan şəhərində məskunlaşan müştərilərə daha yaxın olacaqları və peşəkar xidmətləri təqdim edəcəkləri üçün məmnunluğunu ifadə edib. Vurğulayıb ki, regional ofislərin sayını artırmaq və əhaliyə daha keyfiyyətli xidmət göstərmək “Azsığorta”nın inkişaf strategiyasında qarşıya qoyulan mühüm hədəflərdən biridir. Viladi Maniyev əminliyini bildirib ki, Naxçıvan filialının açılışı bu istiqamətdə önəmli rol oynayacaq.
    Daha sonra açılış tədbirini simvolizə edən qırmızı lent kəsilib və sığorta binasında yaradılan müasir şəraitlə tanışlıq olub. 
    Qeyd edək ki, Naxçıvan şəhəri, Təbriz küçəsi 1 ünvanında yerləşən yeni filial müştərilərə yüksək səviyyədə keyfiyyətli xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir. Filial ənənəvi olaraq həftənin 5 günü saat 900-dan-1800-dək fəaliyyət göstərəcək.

 Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 08.09.2023 21:29