AZ EN RU

“Azerspace-1” peyki ölkəmizə məxsus orbitdə fəaliyyət göstərəcək

46 dərəcə şərq uzunluğu (ş.u.) orbital mövqeyində yerləşən “Azerspace-1” peykinin xidmət göstərdiyi C və Ku tezlik diapazonlarının idarəsi Azərbaycan hökumətinin adına qeydiyyata alınıb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, qeydiyyat Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən təsdiqlənib.

Məlum olduğu kimi, 2013-cü ildə orbitə buraxılan “Azerspace-1” telekommunikasiya peyki Malayziya administrasiyasına məxsus 46° şərq uzunluğu orbital mövqeyinin C və Ku tezlik diapazonlarında fəaliyyət göstərirdi. Bu diapazonların Azərbaycanın adına keçməsi o deməkdir ki, “Azerspace-1” peyki artıq Malayziyanın deyil, ölkəmizə məxsus orbitdə fəaliyyət göstərir. 46° ş.u. mövqeyinin Azərbaycana verilməsi üçün 8 dekabr 2020-ci ildə zəruri sənədlər BTİ-yə təqdim olunub ilə fəaliyyətə başlanılıb. Qlobal təcrübədə bir orbital mövqenin əldə olunması yeddiillik fəaliyyət dövrünü əhatə etsə də, Azərbaycanın bu sahədə ixtisaslaşmış mütəxəssisləri tərəfindən bu proses üç ilə tamamlanıb. Bu müddət ərzində ölkəmiz ümumilikdə 34 ölkənin 265 peyk şəbəkəsi ilə bağlı koordinasiya danışıqlarını uğurla yekunlaşdıraraq razılaşmalar əldə edib. Qeyd edək ki, 46° ş.u. mövqeyi Azərbaycanın geostasionar kəmərdə malik olduğu ilk və yeganə orbital mövqedir. Bu da Azərbaycanın gələcəkdə telekommunikasiya peyklərini heç bir dövlətdən asılı olmadan özünəməxsus orbital mövqedə, yəni 46° ş.u.-da yerləşdirməsinə imkan verir.

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 16.01.2024 10:04