AZ EN RU

“AzerGold”un növbəti qızıl sikkəsi Naxçıvan MR-nın 100 illiyinə həsr olunub

“AzerGold” QSC tərəfindən Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə qızıl sikkə kolleksiyası istehsal edilib.
"Şərq qapısı" xəbər verir ki, nəfis tərtibatda dizayn edilmiş, incə naxışlarla zərb edilmiş 999.9 əyarlı, 5, 10 və 20 qram çəkiyə malik qızıl sikkələr bəşər sivilizasiyasının ilk beşiklərindən olan, antik, orta əsrlər, yeni dövr maddi-mədəniyyət nümunələri, təbiət, həmçinin tarixi abidələri ilə seçilən mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi böyük şöhrət tapmış qədim diyarın şanlı keçmişinə işıq salır.
Sikkə dairəsinin üzərində “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Naxçıvan Xan sarayı, Möminə Xatun türbəsi, Qazançı körpüsü, Qarabağlar türbəsi, Gülüstan türbəsi, Yusif Küseyir oğlu türbəsi, “İmamzadə” kompleksi və İlandağ təsvir olunub. Dairənin mərkəzində “Naxçıvanqala” Kompleksinin qala divarlarının mazğallarından bir fraqment dizayn edilib. “100” ədədini xatırladan dizayn elementi muxtar respublikanın 100 illik yubileyini ifadə edir.

Nəşr edilib : 13.05.2024 11:10