AZ EN RU

Azərbaycansayağı tarix dərsi

yaxud 20 ilin yekun hesabatı

    Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi bu gün hər birimizdə böyük qürur hissi yaradır. Əlbəttə ki, bu mühüm nailiyyət cənab İlham Əliyevin uzaqgörən liderliyi sayəsində mümkün oldu. Ölkə başçısı uzunmüddətli səyləri ilə bütün Azərbaycan cəmiyyətini vahid amal naminə səfərbər etdi. Bu qətiyyətli Qələbə Qarabağın 30 illik işğalına son qoydu. Qarşıda isə nəhəng vəzifələr var.

    Xüsusilə onu qeyd etmək lazımdır ki, ölkə başçısının möhtəşəm siyasi analizləri, uzaqgörən strateq düşüncələri, strateji yanaşmaları, bütün mövcud proseslərə ən incə detallarına qədər dəqiq və konkret bələd olması Onun hazırkı dünya siyasətinə, geostrateji vəziyyətə hakimliyi fonunda olduqca aydın mənzərə yaradır. Eyni zamanda bir çox məsələlərin aydınlaşdırılmasına, qayıdış prosesinin sosial, iqtisadi, təhlükəsizlik və infrastruktur aspektlərini və Azərbaycanda beynəlxalq təcrübənin tətbiqinə imkan verir. Cənab Prezident Azərbaycanın gələcək strateji planlarının, Ermənistanla sülh müqaviləsi imzalamaq üçün görülən işlərin, Avropa ölkələri ilə əlaqələrin, eyni zamanda yaxın və qonşu regionlarla münasibətlərin gələcək hədəflərini də müəyyənləşdirmək üçün olduqca əhəmiyyətli addımlar atır.  

    Artıq bütün dünya qəbul etməlidir ki, Qafqaz regionunda vəziyyət dəyişir və bu dəyişikliklərin böyük dərəcədə təşəbbüskarı Azərbaycandır. Bu təbiidir, çünki Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin üzərində suverenliyi tam bərpa olunub. Azərbaycan rəhbəri bunu sülh yolu ilə etməyə çalışsa da, təəssüf ki qarşı tərəfin adekvat davrana bilməməsi ucbatından bu mümkün olmadı. Prezident İlham Əliyevin: “Təəssüflər olsun ki, bir daha mənim sözlərim lazımi şəkildə qiymətləndirilmədi. Hazırda separatçıların liderləri Azərbaycandadır. Onlar bura gəlmək istəyirdilər. Onlar bizi hədələyirdilər ki, buraya tank üzərində gələcəklər. Bu gün isə Azərbaycanın ədliyyəsinin hökmünü gözləyirlər”, fikri bu kontekstdən kifayət qədər aydın görünür. 
    Strateji planlaşdırma, nəhəng icra və əlaqələndirmə prosesi, minatəmizləmə, infrastrukturun bərpası və artıq insanların geri qaytarılması - bütün bunlar qısa zamanda görülən böyük işlərdir. Bizim yaşadığımız dövrdə dünyanın heç bir yerində darmadağın edilmiş geniş bir ərazinin yenidən qurulduğu ikinci belə məkan yoxdur. Bu, görünməmiş haldır və biz bunun şahidi oluruq. Onu da etiraf etmək lazımdır ki, Qarabağın yenidən qurulmasında əsas maneə zaman və minalardır. Burada ən yaxşı memarlıq təcrübəsi və ən yaxşı texnologiya, o cümlədən yaşıl texnologiya tətbiq edilir ki, yaşayış üçün ən yaxşı şərait yaradılsın. Beləliklə, azad olunmuş ərazilər şəhərlərin inşası baxımından yeni yanaşma nümayiş etdirir və etdirəcək.  
    Təəssüflər olsun ki, Azərbaycanın dünya miqyasında qazandığı böyük uğurlar və yerləşdiyimiz regionun geostrateji qütblər müsəvisində tətbiq etdiyi tarazlaşdırılmış siyasət fonunda tərəfdaş hesab etdiyimiz bəzi ölkələrin sərgilədiyi münasibət anlaşılmazlıq yaradır. Qəbul olunmalı reallıq ondan ibarətdir ki, beynəlxalq hüququn normaları hər kəs üçün mütləqdir. 
    Anti-Azərbaycan orkestrinin təşkilatçıları isə digər insanların düşüncələrinə təsir göstərirlər, onların beyinlərini “yumağa” çalışırlar. Digər insanlar da Azərbaycanı onların təsvir etdiyi kimi qəbul edirlər. Cənab Prezidentin bu aspektdən fikri isə olduqca maraqlıdır: “Əgər məni hədəf seçirlərsə və mənim haqqımda təhqiramiz ifadələr işlədirlərsə, bu, mənim üçün heç bir şey deyil. Amma İkinci Qarabağ müharibəsində, antiterror tədbirlərində arxamda duran və indi də arxamda olan Azərbaycan xalqı üçün bir siqnaldır ki, bu, Azərbaycana düşmən kimi baxan bir qrup insanlardır.” 
    Digər tərəfdən isə dahi strateqin zaman-zaman hədəfə vuran ironiyalı fikirləri, yəqin ki hər bir Azərbaycan vətəndaşının ürəyindən xəbər verir: “Əgər onlar Mərkəzi Asiyada fəal olmaq istəyirlərsə və biz görürük ki, onlar istəyirlər, biz hər iki istiqamətdə hərəkətləri görürük. Onlar Azərbaycandan necə yan keçə bilərlər? Orta Asiya ölkələri ilə İran vasitəsilə əlaqə quracaqlar, yoxsa Rusiya vasitəsilə? Yoxsa qanadları var? Ona görə də bu bəyanatları verməzdən əvvəl bu barədə düşünməlidirlər.”
    Tarix Cənab Prezidenti 2020-ci il Qarabağ müharibəsində qalib gəlmiş Lider kimi xatırlayacaq. Həmin Qələbə bir çox cəhətdən Onun prezidentliyinin dəst-xəttini müəyyənləşdirdiyi kimi, həm də ölkəmizə və Cənubi Qafqaz regionuna sülh gətirən Lider kimi xatırladacaq. Cənab Prezidentin də dediyi kimi: “Biz sülhü müharibə ilə gətirdik. Düşünürəm ki, bu, Qafqazda lokal vəziyyətdən daha geniş şəkildə qiymətləndirilməli olan bir məsələdir. Hərbi yolla sülhə necə nail olmaq olar? Uzun illər danışıqlar və işğal zamanı mən Minsk qrupunun həmsədrlərindən eşidirdim, onlardan üçü bir ağızdan qeyd edirdilər ki, münaqişənin hərbi yolla həlli yoxdur. Belə məlum oldu ki, onların hər üçü səhv edirdi.”
    “Biz Ermənistanda nə baş verdiyini bilirik və həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox pis məsləhətçiləri var”, fikirləri müstəvisində bu gün qarşılıqlı əlaqələrin də mənzərəsini təsəvvür etmək imkanı yaranır. Azərbaycan bu gün Avropa İttifaqı üçün geoiqtisadi və geosiyasi cəhətdən əhəmiyyət kəsb edir, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşı, Azərbaycan isə onun mühüm enerji təchizatçısıdır. 
    Ölkə başçısının Avropa Parlamentinin sədri xanım Metsolanı nəzərdə tutaraq dediyi “Yəqin o, bu işlərin necə idarə olunduğunu bilmir. Çünki tərəflərdən biri müqaviləni ləğv edərsə, o, cərimə ödəməlidir. Birincisi, o, Avropa İttifaqının enerji siyasətinə cavabdeh olanlardan soruşmalıdır ki, Rusiyadan tədarükün kəsilməsinə görə keçən il Avropa İttifaqı Azərbaycandan Avropa üçün daha çox qazla kömək göstərməsini necə xahiş edib və biz buna necə cavab verdik? Təəssüf ki, belə insanlar var”, fikirləri oyun qaydalarında olacaq böyük dəyişiklik və artıq icra prosesinin sonunu göstərir. Eyni zamanda bütün bunlar dünya siyasətinə dərindən bələdliyin, hər bir prosesdə cənab Prezidentin uzaqgörən diplomatiyasının  təzahürünün izlərini bizə göstərir. Digər tərəfdən isə uzaqda boş bəyanatlar verən Avropa ölkələrinin dalana dirəndiyi məqamda Azərbaycanın enerji ehtiyatları üçün hansı “yazıq” görkəm aldığını biz Liderin çıxışında çox aydın şəkildə müşahidə etdik. 
    Əsas məsələlərdən biri də Naxçıvanla Azərbaycanın Qərb rayonları arasında əlaqənin qurulmasıdır. Biz çox yaxşı bilirik ki, Transxəzər dəhlizi Mərkəzi Asiya üçün imkanlar yaradacaq və o, Qara dənizin Aralıq dənizi ilə, daha sonra isə Avropaya qoşulmaq baxımından çox perspektivli olacaq. Həm də bu yol işğaldan azad edilmiş ərazilərdən, xüsusən də Zəngilandan keçəcək. Ermənistan tərəfi yolun öz ərazisindən davam etdirilməsinə razılaşmadığı üçün İran tərəfi ilə razılıq əsasında artıq maşınlar üçün körpü, sonra qatarların Ermənistandan yan keçməsi üçün və Araz çayının cənub sahilində təxminən 50 kilometr dəmir yolu çəkilməsi üçün körpü inşa edilir. Bu yol Naxçıvandan keçir və sonradan Türkiyə dəmir yolu sisteminə qoşulur. 
    Ermənistan isə çox şeyi itirir. Birincisi, bu, nəinki Azərbaycan ilə ölkəmizin Naxçıvan Muxtar Respublikası arasında yol olacaq, o cümlədən bu, beynəlxalq daşımalar dəhlizinə çevriləcək. Ermənistan isə özünü Azərbaycanla bütün digər kommunikasiyaların açılmasından məhrum edir. Cənab Prezidentin bu kotekstdən fikirləri və mesajları kifayət qədər açıqdır: “Bizim onların suverenliyi ilə bağlı hər hansı şərtlərimiz yoxdur, lakin Azərbaycanın əsas ərazisindən Naxçıvana asan çıxış olmalıdır. Baş nazir Paşinyana artıq söylədiyim kimi, bu, Azərbaycandan Azərbaycana gediş olacaq və ona görə hər hansı gömrük rüsumları, yoxlamalar, sərhəd yoxlanışı olmalı deyil, çünki gediş əsas ərazidən Naxçıvana həyata keçirilir. Azərbaycandan Azərbaycana yoxlamalar, müdaxilə olmalı deyil və bu, bizim legitim hüququmuzdur.” 
    Ermənistanla sülh sazişinin imzalanmasına da Prezident, hər zamankı kimi, kifayət qədər açıq münasibət bildirir:  “Əgər Ermənistan hesab edir ki, bizə sülh onlardan çox lazımdırsa, fikrimcə, onlar yanılırlar. Biz sülhü onlar istədiyi qədər istəyirik. Əgər onlara bu lazımdırsa, onda bizə də lazımdır. Əgər onlara lazım deyilsə, onda bizə də lazım deyil... Əgər siz ərazi bütövlüyümüzü sual altına çəkməkdə davam edəcəksinizsə, onda biz də sizin ərazi bütövlüyünüzü sual altına çəkəcəyik. Mən ona dedim, inanın ki, bizim ərazi bütövlüyünüzü tanımamaq üçün daha çox hüququmuz, daha çox tarixi hüquqlarımız var. Beləliklə, mən ona dedim ki, sizin ərazi bütövlüyünüzü sual altına çəkməkdə bizim daha çox tarixi, siyasi və qanuni hüquqlarımız var. Buna görə, bu davranışı sizə məsləhət görmürəm.” 
    Və son olaraq... Müstəqillik tarixində ilk dəfə olaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yaydı. Azərbaycan Respublikası və Ermənistan Respublikası regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşərək iki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir. Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad etdi. Ermənistan Respublikası öz növbəsində humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq 2 azərbaycanlı hərbçini azad etdi. Eyni zamanda xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəklədi. 
    Bütün bunlar bacarıqlı diplomatın, dahi strateqin, qüdrətli sərkərdənin diplomatiya, siyasət və hərb meydanında qazandığı qələbənin təzahürüdür. Qarşıda isə ölkə başçısının rəhbərliyi ilə bütün ərazilərində suverenliyini bərpa etmiş Azərbaycanı daha parlaq bir gələcək gözləyir. Cənab Preizdentin öz sözləri ilə desək: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.” 

Məmməd BABAYEV 

Nəşr edilib : 31.12.2023 11:50