AZ EN RU

Azərbaycanla Slovakiya arasında qida məhsullarının dövriyyəsinin genişləndirilməsi müzakirə olunub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Slovakiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Milan Layçak arasında görüş keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib ki, görüş zamanı Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər, həmçinin bu sahədə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə səfirə məlumat verilib.

Görüşdə iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin genişləndirilməsi müzakirə olunub, idxal və ixrac üzrə statistik göstəricilər nəzərdən keçirilib. “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Slovakiya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında heyvan sağlamlığı və qida təhlükəsizliyi sahəsində əməkdaşlığa dair” və “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Slovakiya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumları ilə bağlı müzakirələr aparılıb.

Eyni zamanda qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmək məqsədilə Slovakiyanın müvafiq qurumu ilə onlayn görüşün keçirilməsi məsələsinə toxunulub.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 04.04.2024 20:07