AZ EN RU

Azərbaycanla Özbəkistan arasında bitkiçilik məhsullarının idxal və ixracı ilə əlaqədar müzakirələr aparılıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Özbəkistan Respublikasının kənd təsərrüfatı nazirinin müavini Akmaljon Kasimovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Görüş zamanı AQTA sədrinin müavini Balarəhim Quliyev ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı görülən işlər, həmçinin bu sahədə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə nümayəndə heyətini məlumatlandırıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, görüşdə iki ölkənin müvafiq qurumları arasında əlaqələrin genişləndirilməsi, bitkiçilik məhsullarının fitosanitar nəzarəti sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Meyvə-tərəvəzin, o cümlədən həmin məhsulların emalı nəticəsində əldə edilən məhsulların ixrac coğrafiyasına dair fikir mübadiləsi aparılıb. Ölkəmizlə Özbəkistan arasında həyata keçirilmiş bitkiçilik məhsullarının idxal və ixracı ilə bağlı statistik göstəricilər nəzərdən keçirilib, gələcək əməkdaşlığa dair məsələlər müzakirə olunub.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.

Görüşdən sonra Özbəkistan nümayəndə heyətinin üzvləri Qida Təhlükəsizliyi İnstitutunda olublar. Onlar iş prinsipini öyrənmək məqsədilə İnstitutun laboratoriyalarına baxış keçiriblər. Səfər zamanı nümayəndə heyəti laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyiblər.

Nəşr edilib : 11.06.2024 18:24