AZ EN RU

Azərbaycanla Gürcüstan arasında əlaqələrin inkişafında dini qurumların roluna dair müzakirə aparılıb

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfəri çərçivəsində qonşu ölkənin Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze ilə görüşüb.
Bu barədə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilir ki, görüşdə iki qurum arasında əməkdaşlığın aspektləri, Gürcüstandakı müsəlman icması ilə Azərbaycandakı gürcü pravoslav icmasının dini hüquqlarının müdafiəsi məsələləri və perspektivlər müzakirə olunub. Z.Vaşakmadze Gürcüstanda ənənəvi tolerant mühitin olduğunu vurğulayıb, qonaqları Gürcüstan dövlətinin dini siyasətinin əsas istiqamətləri ilə tanış edib, dövlətin dini qurumlara, o cümlədən müsəlman icmasına göstərdiyi yardımlara diqqət çəkib.
R.Məmmədov dini qurumlarla fəal əməkdaşlıq etmək arzusunda olduğunu bildirib. Qeyd edib ki, Gürcüstanda yaşayan azərbaycanlıların dini və etnik kimliklərini qoruyub saxlamaları üçün hər cür şərait mövcuddur.
Tərəflər Azərbaycanla Gürcüstan arasındakı dostluq münasibətləri, ikitərəfli əlaqələrin inkişafında dini qurumların rolu barədə də müzakirələr aparıblar. Görüşdə Azərbaycan Respublikasının Gürcüstandakı səlahiyyətli səfir Faiq Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.

Nəşr edilib : 13.06.2024 21:02