AZ EN RU

Azərbaycanın və azərbaycanlıların Ümummilli Lideri

Dahi şəxsiyyət haqqında danışarkən öncə qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyevin xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin şanlı səhifələrini təşkil etməkdədir. Millətinin və dövlətinin ali mənafeyini öz fəaliyyətində daim təməl prinsip və norma kimi qəbul edən Ümummilli Liderimiz bugünkü müstəqil Azərbaycanın memarıdır.

Ulu Öndərin ölkəmiz üçün misilsiz xidmətlərindən söhbət açarkən, Onun Azərbaycan gəncliyinə göstərdiyi xüsusi diqqət və qayğı barədə danışmamaq olmaz. Ümummilli Liderimizin gəncliyə diqqət və qayğısı barədə detallara keçməmiş onu vurğulamaq yerinə düşər ki, hazırda ölkəmizdə həyatın bütün sahələrində xüsusi fəallıqları ilə seçilən gənclər cəmiyyətin məsul və şərəfli yükünü öz çiyinlərində daşıyırlar.

Məlum olduğu kimi, Ümummilli Lider Heydər Əliyev hələ respublikaya rəhbərlik etdiyi birinci dövrdə Azərbaycanda gənclərin inkişafına, öz potensialını həyata keçirməsi üçün gənclərə şərait yaradılmasına daim diqqət yetirirdi. Ulu Öndər Heydər Əliyev Azərbaycanın inkişafını heç vaxt gənclərsiz təsəvvür etmir, gəncliyin parlaq zəkasını, qaynar və tükənməz enerjisini vətənimizin hərtərəfli yüksəlişinə səfərbər edirdi. Məsələn, həmin vaxt Heydər Əliyevin təşəbbüsü ilə gənclərin yüksək elm və biliklərə yiyələnməsi üçün bir neçə yeni ali məktəb, bir çox orta ixtisas məktəbləri açılmış, minlərlə azərbaycanlı gənc ən müasir ixtisaslar üzrə nüfuzlu ali məktəblərdə oxumağa göndərilmişdi. Təsadüfi deyil ki, bugünkü Azərbaycanın elmi potensialının böyük bir hissəsi, məhz, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü sayəsində formalaşıb və həmin insanların çiyinləri üzərində qərar tutmaqdadır.

Ümummilli Liderimiz Heydər Əliyev həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışmışdır. Eyni zamanda, Ulu Öndər gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi: “Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”.

Milli-mənəvi dəyərlərimizin mənimsənilməsində, onun daha da təkmilləşdirilməsində doğma dilimizin müstəsna rol oynadığı şübhəsizdir. Bu vacib amili nəzərə alan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və qətiyyəti ilə 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan  dili dövlət dili kimi təsbit olunmuşdu. Ümummilli Lider Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə xalqımızın milli-mənəvi dəyərlərinin, onun adət-ənənələrinin dirçəldilməsi, xüsusən İslam mədəniyyəti nümunələri olan məscidlərin, tarixi memarlıq  abidələrinin, ziyarətgahların bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi onun bir daha xalqa mənən bağlılığını və islami dəyərlərə sədaqətini göstərən parlaq misallardır.  Ümummilli Lider Heydər Əliyev həmişə həm müdrik el ağsaqqalı, həm də təcrübəli dövlət başçısı kimi cəmiyyətimizin mənəvi əsaslarını təşkil edən ən mühüm prinsiplər və onların qorunub inkişaf etdirilməsi istiqamətləri barədə çox dəyərli fikirlərini xalqla bölüşmüşdür. Belə bir ünsiyyətin fərqləndirici əlaməti onun rəsmiyyətdən uzaqlığı, Ulu Öndərin cəmiyyətin sadə üzvləri ilə daim təmasda olması, həmişə xalqa bağlılığı ilə şərtlənirdi.

Ulu Öndərin Azərbaycan xalqının maddi və mənəvi həyat sferasına gətirdiyi zənginlikləri saymaqla bitməz. Çünki millətinin dərdi, ağrısı onun dərdi, xalqının xoşbəxtliyi isə onun xoşbəxtliyi idi. Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə mənsub olduğu millətin dilini, tarixini, mədəniyyətini dünyaya tanıtdı. Bu mövzuda söhbət düşəndə deyirdi ki, “Dil də, tarix də, mədəniyyət də millətsiz mövcud ola bilməz və hər hansı bir milləti yer üzündən silmək üçün onun dilini, tarixini, eləcə də mədəniyyətini əlindən almaq kifayətdir”.

Mənalı həyatını öz xalqına bəxş etmiş Ulu Öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq. Heydər Əliyev irsi gələcək nəsillər üçün zəngin xəzinə olacaq.

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu iqtisadi inkişaf strategiyası Azərbaycanın bir dövlət kimi öz ayaqları üzərində sərbəst inkişafını təmin etdi. Bu strategiyanın bu gün də uğurla davam etdirilməsi nəticəsində Azərbaycan iqtisadi baxımdan regionun lider dövlətinə çevrilib.

Əlbəttə ki, bütün bunlarla yanaşı, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin liderlik xüsusiyyətlərini, Onun rəhbərlik manevrlərinin özünəməxsusluğunu da nəzərə almaq lazımdır. Təsadüfi deyil ki, hələ 2003-cü ildə keçirilmiş prezident seçkisi ərəfəsində Ümummilli Liderimiz Heydər Əliyev xalqa müraciətində, məhz Azərbaycanın Prezident İlham Əliyevə etibar olunmasını məsləhət bildi: “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin firavanlığı yolunda çoxlu işlər görəcəkdir... İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümid bəsləyirəm”.

Möhtərəm Prezident İlham Əliyevin yüksək erudisiyası, uzaqgörən siyasəti, möhkəm iradəsi, sarsılmaz qətiyyəti, mükəmməl rəhbərliyi, yorulmaz fəaliyyəti ilə xalqın əzmkarlığının vəhdəti nəticəsində durmadan qüdrətlənən Azərbaycan bu gün dünyada böyük nüfuz qazanaraq ən qüdrətli dövlətlər sırasında özünəməxsus yerini müəyyən etməklə əsl söz sahibinə çevrilmişdir. Bir sözlə, məhz Ümummilli Liderimiz Heydər Əliyevin görmək istədiyi Azərbaycan bu günün reallığına çevrilib və ölkəmiz Heydər Əliyev siyasi kursu ilə inamla addımlayır.

Bütün bunlar qəti əminlik yaradır ki, nə qədər Azərbaycan milləti və dövləti var dünya miqyaslı böyük tarixi şəxsiyyət Heydər Əliyev həmişə xatırlanacaq, onun parlaq siması insanların qəlbində yaşayacaq, əziz və unudulmaz xatirəsi hər zaman xüsusi ehtiramla anılacaqdır.

Şəhriyar KƏRİMLİ

Şahbuz rayon Notariat Ofisinin notariusu

Nəşr edilib : 10.05.2024 12:40