AZ EN RU

Azərbaycanın Türkiyə üçün tək ürək olduğu o gündən bir il ötür

Bir səhər Azərbaycanın bütün media orqanlarında dəhşətli mənzərələr gördük, inanılmaz dərəcədə böyük bir faciənin şahidi olduq. Daim qəlbimizin, ürəyimizin bir atdığı türk qardaşlarımızın düşdükləri ağır, çətin vəziyyət bütün azərbaycanlıları dərindən sarsıtdı. Onlar üçün nə edə bilərik? Necə kömək edə bilərik? – kimi suallar beynimizi, ürəyimizi rahat buraxmır və yardım əlimizi uzatmaq istəyirdik… Bu sarsıdıcı tarixdən tam bir il ötür artıq. Lakin onun yaratdığı fəsadlar, qəlbimizdə açdığı yaralar elə bil dünəniymiş kimi bir daha gözlərimiz önündə canlanır…

Ötən il fevralın 6-da Türkiyənin 11 vilayətində, xüsusilə Kahramanmaraşda 7,7 və 7,6 bal gücündə baş verən zəlzələlər yeraltı təkanların intensivliyi şkalasının ən yüksək qiyməti olan XII (fəlakətli) kimi müəyyən edilib və nəticədə, Türkiyədə 53 mindən çox vətəndaş həyatını itirib. Bunların arasında 4 nəfər Azərbaycanlı tələbə də var idi. Zəlzələ 124 rayon, 7000-ə yaxın kənd və məhəllədə böyük dağıntılara səbəb olub, 14 milyon Türkiyə vətəndaşı təbii fəlakətdən birbaşa zərər çəkib. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xilasedici heyəti başda olmaqla, ümumilikdə, 35 min nəfər axtarış-xilasetmə işlərində iştirak edib. Türkiyə dövləti, xalqı bu ağır sınaqdan iradəsi, əzmi ilə uğurla çıxmış, ötən ildən zəlzələ baş verən ərazilərdə yeni binalar inşa edilmiş, təbii fəlakətdən zərər çəkmiş insanlara, onların yaxınlarına maddi və mənəvi dəstək göstərilmiş, ilin sonuna qədər sakinlərə 200 min evin təhvil verilməsi nəzərdə tutulmuşdur. Ölkəmiz Türkiyə ilə həmrəylik nümayiş etdirmiş, hazırda Kahramanmaraş vilayətində böyük bir şəhərcik – Azərbaycan məhəlləsinin inşası davam etdirilir.

Təbii fəlakətin baş verdiyi ilk andan etibarən ölkəmizin hər bir yerindən minlərlə vətəndaşımız türk qardaşlarımızla birlik, dostluq, həmrəylik nümayiş etdirdi. Zəlzələ baş verən ilk andan etibarən Prezident cənab İlham Əliyevin göstərişinə əsasən zəlzələ bölgəsinə ard-arda çevik xilasetmə dəstələri, yaralananların müayinə və müalicəsi məqsədilə səhra çadırları, tibbi ləvazimatlar, maddi yardımlar göndərildi. Dövlətimizin başçısının ötən il fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olması, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verməsi, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə Heydər Əliyev Fondunun xətti ilə göstərilən yardımlar Azərbaycanın hər zaman olduğu kimi, bu çətin gündə də qardaş Türkiyənin yanında olmasının, ondan öz dəstəyini, köməyini əsirgəməməsinin bariz nümunəsi idi. Ölkə başçısı cənab İlham Əliyev həmin çətin günlərdə demişdir: “Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik. Hər zaman Türkiyə də bizim yanımızdadır, yaxşı günlərdə, çətin günlərdə… Yəni Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır”. 2023-cü il fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İstanbula səfər etməsi və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməsi, Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların ailələrinə, yaxınlarına, Prezident Rəcəb Tayyib Ərdoğana və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verməsi bir daha bu iki dövlətin sarsılmaz birliyini, qardaşlığını, sevincli və kədərli günlərdə yan-yana olmasını bütün dünyaya göstərdi.

Həmin günlərdə xalqımızın könüllü olaraq doğma türk qardaşlarına dəstəyi az da olsa, türk qardaşlarımıza təsəlli oldu. Kimin əlində nə var idisə, imkanı nəyə çatırdısa əsirgəmədi. Heydər Əliyev Fondu, özəl şirkətlərimiz bu yardım kampaniyasına qoşuldu, texniki, tibbi yardım göstərildi, xilasedicilərimiz qardaşlarımızın həyatını xilas etdilər. Həm Bakıda, digər şəhərlərdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında xəstəxanalar xəstələri qəbul etməyə hazır vəziyyətə gətirildi. Heydər Əliyev Fondunun nəzdində fəaliyyət göstərən könüllülər, həm ASAN könüllüləri, eyni zamanda Azərbaycan könüllülərinin tərkibində Naxçıvan könüllüləri türk qardaşlarının yardımına yetişdilər, onlara dəstək oldular.

Naxçıvan Muxtar Respublikasında Türkiyəyə hərtərəfli dəstək aksiyaları keçirildi, paytaxt Naxçıvan şəhərində, rayonlarda sakinlər, iş adamları, sahibkarlar, təhsil müəssisələri yardım kampaniyalarına, humanitar aksiyaya qoşuldular. Lazımi avadanlıqlar tırlar vasitəsilə yola salındı, humanitar yardımlar edildi. Türkiyənin Naxçıvandakı Baş Konsulluğu, bu mənada, lazımi köməkliyini göstərdi.

Dövlətimiz hər zaman heç bir təklif gözləmədən qardaş ölkənin köməyinə yetişib. Azərbaycanın ən çətin anlarında qardaş Türkiyə də həmişə yanımızda, bizimlə bir olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qardaş ölkənin dəstəyini yaxından hiss etməyimiz bizə əlavə ruh, güc verdi. Bununla işğal altındakı torpaqlarımız azad edildi, bu gün həmin torpaqlarda Azərbaycan və Türkiyə bayrağı qoşa dalğalanır.

Bu gün də Türkiyə və Azərbaycan dövlət başçıları tərəfindən bu tarixi birlik və sarsılmaz dostluq əlaqələri yüksələn xətlə inkişaf edir. Türk xalqının öndəri Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” və Ulu Öndər Heydər Əliyevin “Azərbaycan-Türkiyə bir millət iki dövlətdir” kəlamlarına sadiq qalan Azərbaycan və Türkiyənin birliyi, bərabərliyi, qardaşlığı, əməkdaşlığı bütün zamanlar üçün dünyaya nümunədir.

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 06.02.2024 11:16