AZ EN RU

Azərbaycanın siyasi müstəvidəki qələbəsinin təntənəsi

     “Xatırlayıram, nə az, nə çox, düz 30 il bundan öncə sıldırım dağların arasından uzanan dolanbac, palçıq yollar bizi bilmədiyimiz bir ünvana aparırdı. Dayanmadan irəlilədiyimiz dağ yolunun, dağlıq ərazinin ətəklərindən kəndimiz, doğma yurdumuzun gözoxşayan mənzərəsi aydın görünürdü. Uşaqlıq illərimdən bu mənzərənin vurğunu olmuşam desəm, yəqin ki, yanılmaram. Amma bu dəfə görünənlər fərqli idi. Tək mənim üçün yox, xatirələri, ümidləri düşmənin bir gülləsi ilə qaranlığa qərq olan bütün qarabağlı uşaqlar üçün də bu belə idi. Biz Qarabağ uşaqlarıyıq… Vətənin istənilən yerindən bizi soruşsanız, deyəcəklər ki, bu elin davamçıları tar-kaman üstə doğular, elmlə, maariflə böyüyər. Ancaq o illər belə olmamışdı. 90-cı illəri deyirəm. Bu illərdə doğulan, ya da uşaqlığı bu dövrlərə təsadüf edənlərin taleyi mərmi üstə doğulub, dağ-dərələrdə böyüməyə təsadüf etmişdi. Mənim yaşadığım uşaqlıq xatirələrində olduğu kimi… O dolanbac yollar isə bizi yurddan-yurda aparır, Azərbaycanın bir guşəsindən – Kəlbəcərdən qaçqın, məcburi köçkün həyatı yaşamağa aparır. Getdiyimiz səmtin, yolun hara çıxacağını isə biz yox, yalnız bir Allah bilirdi”.

    Yuxarıda qeyd etdiyimiz bu ağrılı-acılı sətirlər Kəlbəcərdə doğulub, boya-başa çatmış, o yurdun havasını udmuş bir sakinin – kəlbəcərli xanımın dilindəndir. İllər əvvəl mətbuat orqanlarının birində müsahibəsini oxumuşdum, o qədər təsirlənmişdim ki, Kəlbəcər işğaldan azad olunan zaman paylaşacağam deyib, qeyd dəftərçəmin bir kənarına həkk etmişdim. Bu kəlmələr yalnız uşaqlığı qaranlıq, zülmət aləmi xatırladan, atasını şəhid verən, ailə üzvləri erməni vandalları tərəfindən girovluq həyatı yaşamağa məhkum edilən kəlbəcərlinin xatirəsi deyil. Bu həm də o illərdə bütün Azərbaycan xalqının qəlbindəki iztirabların, çətinliklərin təcəssümüdür, Qarabağın hayqırtısı, soydaşlarımızın fəryadıdır…
    1993-cü il 2 aprel… Bu tarixdə Azərbaycanımızın ərazi cəhətdən ən böyük rayonu olan Kəlbəcər dörd bir tərəfdən mühasirəyə alınmışdı. İllərdir, bu diyarda yurd-yuva salmış insanlar sıldırım qayaların arası ilə uzanan yollara pənah aparıb, Vətənimizin digər bölgələrinə üz tutmuş, ev-eşiklərini tərk etməyə məcbur edilmişdilər. Onların böyük bir hissəsi isə erməni işğalçıları tərəfindən əsir götürülmüşdü. Evini, ailəsini qorumağa cəhd edən əliyalın insanları isə işgəncələrlə şəhid edilmək kimi bir acı sonluq gözləyirdi. Həmin gün düşmənin ani hücumu qeyri-bərabər döyüşün müqəddəratını da dəyişmişdi. Dörd bir tərəfdən mühasirəyə alınan Kəlbəcərin 60 minə yaxın sakini od-alovun içində qalmışdı sanki. Tək çıxar yol isə Murovdağ silsiləsinin sıldırımlı qayalarına dırmanmaqla Kəlbəcəri, doğma yurdu tərk etmək idi…
    Yurdunu, elini, obasını qorumaq istəyən soydaşlarımızın mübarizəsinə baxmayaraq, Kəlbəcər rayonu işğal edildi. Erməni vandalları tərəfindən rayon ərazisində olan tarixi-memarlıq abidələri, yaşayış binaları, evlər namərd düşməndən öz “nəsibini” aldı. 19 ibtidai, 33 səkkizillik, 44 orta məktəb binası, 1 texnikum, 1 texniki peşə məktəbi, 82 internat, 16 uşaq bağçası, 38 körpələr evi, 41 mədəniyyət evi,  1 rayon mərkəzi xəstəxanası, 1 rayon mərkəzi uşaq xəstəxanası, 9 kənd xəstəxanası, 23 kənd ambulator məntəqəsi, 2 mineral sudoldurma zavodu, 1 qızıl zavodu, 1 civə zavodu və bununla bərabər neçə-neçə maddi mədəniyyət kompleksləri dağıdılıb məhv edildi. Bir sözlə, Kəlbəcər rayonu yerlə-yeksan olundu…
    Kəlbəcər işğal edilənə qədər bu rayonda da soydaşlarımız türk mədəniyyətini yaşadan zəngin irs formalaşdırmış, onu gələcək nəsillərə əmanət etmişdilər. Elə götürək “Kəlbəcər” toponiminin yaranmasını. Tarixi qaynaqlarda qeyd olunur ki, “Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Kevli “çayın üstü”, çer (car) isə “qala” mənasını verir. Onu da qeyd edək ki, Kəlbəcərdəki oronomik toponimlərin hamısı türkmənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır.
    Zəngin tarixi ənənələri, bədii irsi, qonaqpərvər insanları ilə sevilib-seçilən Kəlbəcər rayonu həm də Azərbaycanımızın siyasi müstəvidəki nailiyyətinin, qələbəsinin təntənəsi idi. Çünki 44 günlük Vətən müharibəsində ağır şərtli kapitulyasiya aktı ilə məğlubiyyətini qəbul edən Ermənistan Ağdam və Laçın şəhərləri ilə yanaşı, Kəlbəcəri də məhz siyasi yollarla dövlətimizə geri qaytardı. Tale bu dəfə də düşmənin üzünə güldü. Onlar bir zamanlar Azərbaycandan qoparıb özlərinə “dövlət” yaratmış torpaqlara bizim günahsız soydaşlarımız kimi şaxtalı, sazaqlı havada qayıtmadılar.  Atılmalı, ancaq onlar üçün dəyərli olan əşyalarını alıb, ağacları yandırıb, ev-eşiklərə od vurub, Kəlbəcər rayonunu bir aya yaxın müddətdə tərk etdilər. 
    İllər əvvəl elini, obasını çarəsizcə tərk etmiş bütün kəlbəcərlilər isə Ali Baş Komandandan gələn xoş xəbərləri gözləyirdi. Məqam yetişdi, zaman gəldi. Üç il bundan öncə, bax elə bu gün – noyabr ayının iyirmi beşi idi. Qalib dövlətin mübariz rəhbəri xalqına müraciət edərək dedi: “Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal edilmişdir. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuşdur. Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur”.
    44 günlük Vətən müharibəsindən ötüb keçən bu zamanın qısa təhlili göstərir ki, işğaldan azad edilmiş ərazilərimizdə böyük işlər görülüb, tikinti-quruculuq, abadlıq işləri aparılıb. Bir sözlə, Qarabağ yenidən dirçəlib və müasirləşmək yolunda inamla irəliləyir. Bu gün biz həmin müqəddəs ərazilərə səfər etdikdə yalnız inkişaf və tərəqqi dolu mənzərələr görürük. 
    Şəhid qanları tökülmüş elimizə, obamıza səfərlərinin hər birində Ali Baş Komandanımız “Biz Qarabağı dirçəldəcəyik!” sözlərini xatırlatmaqla yola çıxıb, böyük layihələrə imza atıb, hər səfər yaddaşlarda dərin iz buraxıb. Xatırladaq ki, 2021-ci il 16 avqust tarixdə Kəlbəcərə edilən səfər də maraqlı, əlamətdar hadisələrlə yadda qalmışdı. Səfər zamanı Ali Baş Komandan yol boyunca gördüyü, müşahidə etdiyi mənzərələrin şərhini belə vermişdi xalqımıza: “Yolumuz Kəlbəcərədir, işğaldan azad edilmiş Kəlbəcərə. Ömər aşırımından keçərək Kəlbəcərə gedirik. Bu yol son bir neçə ay ərzində genişləndirildi. Çünki bu yol, demək olar ki, keçilməz idi. İndi yol boyunca tunellər tikilir. Tunellər tikiləndən sonra gediş-gəliş çox rahat olacaq. Amma, hələlik, biz bu yoldan istifadə edirik və bu gözəl mənzərələr də göz oxşayır. Kəlbəcərin mənzərələri indi daha da gözəldir. İndi yolumuza davam edirik. Bu aşırımın hündür hissəsində dayanaraq bir daha Azərbaycan xalqını tarixi Zəfər münasibətilə təbrik etmək istəyirəm”. 
    Ali Baş Komandanın 2021-ci il 16 avqust tarixdə etdiyi səfər Kəlbəcər şəhərinin tarixi taleyi üçün bir sıra maraqlı, taleyüklü işlərlə yadda qaldı. Xüsusən də ölkəmizin iqtisadiyyatına təkan verəcək müəssisələrlə – “Kəlbəcər-1” Su Elektrik Stansiyasında və Kəlbəcər Kiçik Su Elektrik Stansiyasında gedən işlərlə tanışlıq qədim şəhərin müasir inkişaf tendensiyasının xəbərini verdi. Həmçinin Kəlbəcər və Laçın şəhərləri arasında çəkilən 73 kilometrə yaxın yolun və yol üzərində yerləşəcək             4 kilometr uzunluğundakı tunelin tikintisi ilə yaxından tanışlıq da bu tarixi səfərin təntənəsi idi.  
     Dövlət başçısının ötən il 27 may tarixində Kəlbəcər rayonuna etdiyi səfər tarixi əhəmiyyəti, həmçinin bir sıra sosial-iqtisadi layihələrin icrası baxımından seçilib. Belə ki, Ali Baş Komandan səfər zamanı Yanşaq və Zallar kəndlərinin təməlqoyma mərasimlərində, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Qamışlı” və “Meydan” Kiçik Su Elektrik stansiyalarının açılışlarında iştirak edib. Bununla yanaşı, Prezident cənab İlham Əliyevə uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda inşa edilmiş tunellər və Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlər barədə məlumat verilib. Dövlətimizin başçısı bu səfər zamanı Kəlbəcərdə hərbi hospitalın açılışında, yaşayış məhəlləsinin və 960 şagird yerlik məktəbin təməlqoyma mərasimlərində də iştirak etmişdi. 
     Uzun illər erməni vandalizminin qurbanı olmuş Qarabağımız həm də zəngin iqtisadi potensiala, biomüxtəlifliyə malik diyardır. Təsadüfi deyil ki, 30 illik erməni işğalı müddətində buranın istər iqtisadi-sosial, istərsə də milli-mədəni irsinə böyük ziyan dəymiş, zəngin təbiəti məhv edilmişdir. Lakin 44 günlük Vətən müharibəsindən sonra Ali Baş Komandanın göstərişi ilə bir sıra dünya əhəmiyyətli təbii resurslara diqqət artırıldı, onların bərpası istiqamətində böyük işlər görüldü, iqtisadi potensialın güclənməsi istiqamətində qabaqcıl addımlar atıldı. Bu il avqust ayının 25-də dövlətimizin başçısı cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər rayonunda “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 5,3 meqavat gücündə olan ölkəmizin iqtisadiyyatına töhfə verəcək və il ərzində 15,5 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak etmələri də söylədiklərimizin əyani sübutudur. 

    …Düzdür, 2020-ci ilin payızı bu zamana qədər adət etdiyi vərdişindən tamam fərqli gəlmişdi Vətənimizə. Düşmən biabırçı şəkildə torpaqlarımızı tərk etdi. Ağdamdan, Laçından, Cəbrayıldan, Kəlbəcərdən, Şuşadan olan soydaşlarımız Zəfərin şirinliyini canlarında hiss etdilər. Qəlbən hiss etdilər, ruhən hiss etdilər. 25 noyabr da həmin sevincli günlərdən biri, kəlbəcərlilər üçün tarixə əbədi bayram kimi yazılacaq gündür. Zəfərin mübarək olsun, Kəlbəcər! 

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 24.11.2023 22:25