AZ EN RU

Azərbaycanın qədim yaşayış məntəqəsi - Gənzə

    Ordubad rayonunun Gənzə kəndi qədim tarixə malik yaşayış məskənlərindən biridir. Rayon mərkəzindən 7 kilometr şimal-şərqdə, yaşıllıqlar qoynunda yerləşir. İndiyədək kəndin ərazisində arxeoloji tədqiqatlar aparılmadığı üçün onun tarixi haqqında elmi cəhətdən əsaslı fikir söyləmək mümkün deyildir. Ancaq kənddə indiyədək qalan bir neçə maddi mədəniyyət nümunəsi onun orta əsrlər zamanı bölgənin əhəmiyyətli və inkişaf etmiş yaşayış məskənlərindən olduğunu xəbər verir. Məlumdur ki, osmanlılar 1724-cü ildə Naxçıvan bölgəsini tutduqdan sonra ərazi Osmanlı üsul-idarəsinə daxil olub və burada yeni inzibati ərazi bölgüsü – 14 nahiyədən ibarət Naxçıvan sancağı yaradılıb. Bölgədə idarə işlərini asanlaşdırmaq, vergi verəcək əhalidən vergilərin nizamlı şəkildə toplanmasını təşkil etmək üçün osmanlılar bir sıra tədbirlər həyata keçiriblər. Belə tədbirlərdən biri də əhalinin siyahıya alınması olub. Həmin vaxt kişilərdən vergi verəcək adamların adları xüsusi dəftərlərdə qeyd olunurdu. Beləliklə, bu dəftərlərin əsasında 1727-ci ildə “Naxçıvan sancağının müfəssəl dəftəri” tərtib edilib. Dəftərdə qeyd olunduğuna görə, osmanlıların hakimiyyəti illərində Gənzə kəndində vergi yaşına çatmış, yəni 20 yaşdan yuxarı 21 kişi yaşamışdır. 

    Naxçıvanda olan rus məmuru və tədqiqatçısı İ.Şopenin məlumatından bəlli olur ki, XIX yüzilliyin 30-cu illərində Gənzədə 16 ailə (36 kişi, 24 qadın, cəmi 60 nəfər) yaşamışdır. Müəllifin məlumatından o da aydın olur ki, həmin vaxt Gənzədə bir nəfər də olsun qeyri-azərbaycanlı  yaşamamışdır. 12 dekabr 1926-cı ildə keçirilmiş siyahıya­alınmaya görə kənddə 665 nəfər adam yaşamışdır. Hazırda kənddə 1711-ə yaxın sakin yaşayır. 
    Kəndin ərazisində zəmanəmizədək orta əsrlər dövrünə aid bir sıra maddi mədəniyyət nümunələri gəlib çatmışdır. Bu abidələr içərisində kəndin mərkəzində yerləşən məscid xüsusi yer tutur. Məscid bölgəmizdə indiyədək salamat qalan ən qədim memarlıq nümunələrindən biridir. Ancaq təəssüf ki, belə möhtəşəm bir sənət abidəsi indiyədək diqqətdən kənarda qalmış, tədqiq olunmamışdır. Onun haqqında yalnız 1927-ci ildə Ordubadda olan Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin elmi katibi, rus alimi V.Sısoyev qısa məlumat vermiş, məscidin ölçüləri, quruluşu haqqında bir neçə cümlə ilə bəhs etmişdir. Yerli əhali arasında olan fikrə görə, məscid Hacı Hüseynqulu adlı mötəbər bir şəxs tərəfindən inşa edilmişdir. Ancaq məscidin üzərində memarlıq abidəsi haqqında müfəssəl məlumatlar verən epiqrafik sənədkitabə olmadığı üçün onun inşa tarixi haqqında qəti fikir söyləmək çətindir. Hacı Hüseynqulu vəfat etdikdən sonra məscidin qarşısında cənub divarın yanında dəfn olunmuşdur. Son illərdə onun qəbrinin üstü düzəldilmiş, mərmər başdaşı qoyulmuşdur. Başdaşının üstündə ərəb əlifbası ilə ərəb dilində “Mərhum Hacı Hüseynqulu. XVI əsr” sözləri yazılmışdır. Hacı Hüseynqulunun vəfat tarixinin XVI əsr kimi göstərilməsi heç bir tarixi fakta söykənmir və yaşlı sakinlərin söylədiyinə görə, təxmini bir tarix olaraq orada həkk edilmişdir.
    Məscid özünün memarlıq-konstruktiv quruluşu ilə diqqəti cəlb edir. İslamın müqəddəs kitabı “Qurani-Kərim”in “Tövbə” surəsinin 18-ci ayəsində məscidləri abadlaşdırmaq, bərpa və təmir etdirmək təqdir olunduğundan orta əsrlərboyu ayrı-ayrı yaşayış məskənlərinin əhalisi və imkanlı şəxslər çoxlu məscidlər tikdirmiş və ya onları bərpa etdirərək abadlaşdırmışlar. Bu fikir Naxçıvan bölgəsində indiyədək gəlib çatan orta əsr məscidləri üzərində qalan kitabələrdə təsdiqini tapır. Bu ənənə indi də davam etdirilir. Azərbaycanın müstəqilliyi bərpa olunduqdan və insanlara vicdan azadlığı verildikdən sonra Gənzə kəndinin əhalisi də belə bir xeyirxah iş görərək Hacı Hüseynqulu məscidini əsaslı təmir etdirmiş, kənd sakini Hacı İsrafil Sadıqlı məscid üçün gözəl bir minarə tikdirmişdir. Minarənin üstündə ərəb və kiril əlifbası ilə belə bir kitabə qoyulmuşdur: “Minarə 2000-ci ildə Hacı İsrafil Sadıqlı tərəfindən tikdirilmişdir. Memarlar: Kərbalayı Səid, Kərbalayı Qurban”. Hazırda məscid kənd əhalisinin istifadəsindədir.
    Məscidin şimal-şərq tərəfində hamam binası vardır. Kənd ağsaqqallarının söylədiyinə görə, bu hamamı da Hacı Hüseynqulu inşa etdirmişdir. Məscidlə müqayisədə hamam daha çox dağıntıya məruz qalsa da, girişi, soyunma və yuyunma salonları və dam örtüyü salamat vəziyyətdə bizim dövrə gəlib çatmışdır. Hamam son zamanlaradək əhalinin istifadəsində olmuşdur. Qeyd etmək yerinə düşər ki, bu hamamın oxşarı rayonun Nüsnüs kəndində qalmaqdadır. Bu iki hamam inşa edilərkən oxşar memarlıq ünsürlərindən istifadə olunmuşdur. Ona görə də ehtimal etmək olar ki, bu hamamlar eyni memar tərəfindən bir dövrdə inşa edilmişdir.
    Məsciddən və hamamdan, təxminən, 100 metr cənubda kənd qəbiristanlığı yerləşir. Bu qəbiristanlığın yerləşdiyi ərazini də Hacı Hüseynqulu özünəməxsus torpaq sahəsindən ayırmışdır. Hazırda dəfn mərasimləri keçirilən qəbiristanlıqda orta əsrlər dövrünə aid dörd başdaşı tipli xatirə abidəsi qalmışdır.
    Bu abidələrin üzərində dəfn olunan mərhumların xatirəsinə yazılmış məzar kitabələri – epitafiyalar vardır. Həmin epitafiyaların verdiyi məlumatlar əsasında qəbiristanlığın ərazisini əhaliyə bağışlayan Hacı Hüseynqulunun yaşadığı dövr, həmçinin onun inşa etdirdiyi məscid və hamamın inşa tarixi haqqında müəyyən fikir söyləmək mümkündür.
    Ordubad rayonu üçün xarakterik olan boz daşdan (ölçüsü 70x42x7 santimetr) hazırlanmış bir başdaşı üzərindəki kitabə nisbətən salamat qalmışdır. Ərəb dilində 6 sətirdə həkk edilmiş   kitabənin mətninin tərcüməsi belədir:
    “Fanidir həyatı yer üzündə hamının. Təkcə cəlal yiyəsi, kərəm yiyəsi Rəbbin qalandır. Bu bağça (qəbir) bağışlanmış Harunun oğlu Möhsinin oğlu, mərhum, günahları bağışlanmış, xoşbəxt şəhid, uca Allahın rəhmətinə getmiş Əlinindir. Doqquz yüz qırx üçüncü il tarixdə”.
    Hicri-qəməri təqvimi ilə 943-cü il miladi təqvimi ilə 1536-cı ilə müvafiq gəlir.
    Kitabənin məzmunundan aydın olur ki, Harunun oğlu Möhsinin oğlu Əli şəhidlik zirvəsinə yüksəlmiş, bu səbəbdən də mətndə “xoşbəxt şəhid” kimi təqdim olunmuşdur.
    Başdaşının sol tərəfində boz rəng­li daşdan hazırlanmış başqa bir başdaşı (57x39x7 santimetr) üzərində yazılan kitabə güclü aşınmaya məruz qalmış, aşağı hissəsi tam ovulub tökülmüşdür. Kitabənin qalan hissəsinin mətni belədir: “Qurani-Kərim” 26,27. ....Allaha qovuşmuş...”
    Həmin başdaşının sağ tərəfində başqa bir başdaşı (57x37x8 santimetr) da vardır. Boz daşdan hazırlanmış həmin başdaşının üzərindəki kitabə aşındığı və zaman keçdikcə üstünü mamır tutduğu üçün kitabənin oxunuşu çox çətinləşmişdir. Kitabədən ancaq əvvəldə yazılan “Qurani-Kərim”in “Ər-Rəhman” surəsinin 26 və 27-ci ayələri və bir neçə sözü oxumaq mümkün olmuşdur. Qəbiristanlıqda bu başdaşılardan, təxminən, 30-40 metr şimalda başqa bir başdaşı tipli xatirə abidəsi vardır. Qırmızımtıl rəngli daşdan hazırlanmış bu başdaşının (ölçüsü 62x31x6 santimetr) üzərində də kitabə vardır. Ərəbcə yazılmış kitabənin mətni belədir: “Həqiqi, hörmətli alim, şəhid mərhum Əliqulunun – salam olsun – torpaq məzar mülkü. 1062-ci il”. Kitabədən göründüyü kimi, 1651-ci ilə müvafiqdir.
    Bu qəbirüstü abidələrin tarixinə əsasən həm qəbiristanlığın özünün, həm də kənddəki məscid və hamamın tarixi haqqında təxmini də olsa, fikir söyləmək mümkündür. Belə ki, əvvəldə qeyd olunduğu kimi, qəbiristanlığın ərazisini Hacı Hüseynqulu bağışlamışdır. Buradakı məzar kitabələrindən birinin tarixi 1536-cı ilə aiddir. Şübhəsiz ki, bu başdaşını qəbiristanlıqda dəfn olunan ilk mərhumun xatirəsinə hazırlanmış abidə hesab etmək olmaz. Bu kitabənin həkk olunduğu başdaşı qəbiristanlığın cənub hissəsində, digər iki başdaşının ortasındadır. Deməli, XVI yüzilliyin 36-cı ilində vəfat etmiş bu mərhumun sağında və solunda dəfn olunmuş adamlardan biri ondan əvvəl, digəri sonra dünyasını dəyişmişdir. Qəbiristanlıqda vaxtilə bu abidələrdən əvvəlki dövrlərə aid məzar kitabələrinin olması, ancaq sonralar onların təbii qüvvələrin təsirindən aşınaraq sıradan çıxması faktının mümkünlüyünü də unutmaq olmaz. 

Rəsmiyyə NAĞIYEVA
Ordubad Rayon Tarix-Memarlıq 
Qoruğunun elmi işçisi

Nəşr edilib : 22.12.2022 21:44