AZ EN RU

Azərbaycanın nüfuzlu mövqeyini dünyada isbat edən fenomenal Lider - ŞƏRH

Təkzibolunmaz fakt ondan ibarətdir ki, ötən əsrin 60-cı illərindən başlayaraq müasir müstəqil və suveren Azərbaycanın əsaslarını qoyan və 1993-cü ildən 2003-cü ilə qədər olan dövrdə möhkəmləndirən, məhz Ümummilli Lider Heydər Əliyev olub. Dövlətçiliyimizin daha da formalaşması yolunda daha bir mühüm tarixi hadisə 2003-cü il oktyabrın 15-də İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsi ilə baş verdi. Bu əlamətdar tarix müasir Azərbaycan dövlətinin siyasi təqviminin incisidir. İlham Əliyevin respublikamızın inkişafı, xalqımızın əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsi üçün verdiyi bütün vədlər həyatda öz təsdiqini tapıb. Azərbaycan bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələsini sürətlə adlayaraq, modernləşmə yoluna qədəm qoyub. Ölkədə istər mənəvi, istərsə də hüquqi baxımından Azərbaycan vətəndaşına verilən önəm aparıcı amil kimi bu gün də ümumi inkişafın stimulverici qüvvəsidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq münasibətlər üzrə analitik Masil Dəmirov deyib.

Onun sözlərinə görə, Azərbaycan dünyada multikultural dəyərlərin inkişaf etdiyi çoxmillətli ölkə kimi tanınır. Respublikamız müxtəlif mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə sivilizasiyalararası dialoqun təmin olunmasında mühüm rol oynayır. Azərbaycanda müxtəlif mədəniyyətlər arasında vəhdət və qarşılıqlı təsirin mövcud olması müasir cəmiyyətimizin əsas xüsusiyyətlərindən biridir. Hazırda Azərbaycanın 158 dövlətlə diplomatik əlaqələri var və 38 beynəlxalq təşkilatın üzvüdür, o cümlədən 2006-cı ilin mayında Azərbaycan BMT Baş Assambleyasının sessiyasında yeni yaradılmış İnsan Hüquqları Şurasının üzvü, 2011-ci ilin oktyabrında isə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərindən biri seçilib.

Masil Dəmirov qeyd edib ki, Azərbaycanın xarici siyasətinin mahiyyəti beynəlxalq hüququn norma və prinsipləri ilə tənzimlənən sivil dövlətlərarası münasibətlərə hörmətdən, beynəlxalq, regional və dövlətlərarası münaqişələrin sülh və danışıqlar yolu ilə həllindən, suveren hüquqlara, bütün dövlətlərin ərazi bütövlüyü və dövlət sərhədlərinə hörmətdən ibarətdir. İqtisadi sahədə xarici siyasətin əsas mahiyyətini qarşılıqlı faydalı əməkdaşlıq, iqtisadi maraqların əlaqələndirilməsi, qarşılıqlı təminat mexanizminin yaradılması və qorunması təşkil edir. Azərbaycanın mədəniyyət sahəsində xarici siyasətinin mahiyyəti dövlətlərarası münasibətlərə və ünsiyyətə mane olan bütün məhdudiyyətlərin aradan qaldırılmasından, mənəvi dəyərlərin maneəsiz, azad və demokratik mübadiləsindən, digər xalqların mədəni-mənəvi irsinə hörmətdən ibarətdir.

“Prezident İlham Əliyevin ölkənin xarici siyasətinin formalaşdırılmasında ən mühüm istiqaməti əməkdaşlıqdır. Nəticədə beynəlxalq (dövlətlərarası) dostluq siyasəti kimi bir fenomen inkişaf edir. Dövlətimizin başçısının mövqeyi öləkələrarası dostluğa, beynəlxalq münasibətlərin inkişafına yönəlib. Azərbaycan beynəlxalq münasibətlər sisteminin iştirakçıları arasında münasibətlərin inkişaf tendensiyalarına və dinamikasına uyğun olaraq praqmatik və balanslaşdırılmış xarici siyasət aparır, qonşu dövlətlərlə hərtərəfli əlaqələrin qurulmasına və inkişafına böyük önəm verir. Region ölkələri ilə yanaşı, beynəlxalq münasibətlər sisteminin hazırkı vəziyyətinə mühüm təsir göstərən qüdrətli dövlətlərlə də, onların regiondakı maraqlarını nəzərə alaraq qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına və bu maraqların Azərbaycanın milli maraqları ilə uzlaşdırılmasına diqqət yetirir. Azərbaycan Respublikası müasir beynəlxalq təhlükəsizlik sisteminin əsasını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasət kursuna sadiqdir. Ötən dövr ərzində Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti kimi dünya birliyində mövqelərini daha da möhkəmləndirib. Digər ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və daxili işlərinə qarışmamaq dövlətimizin xarici siyasət strategiyasının əsas prinsiplərindən birini təşkil edib. Beynəlxalq aləmlə qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlıq, geostrateji maraqların reallaşması, terrorizmlə mübarizə, vətəndaşlarımızın firavan və təhlükəsiz şəraitdə yaşayışının təmin olunması istiqamətində uğurlu siyasət həyata keçirilib”, - deyə analitik əlavə edib.

O bildirilib ki, İlham Əliyev prezidentliyi dövründə Azərbaycan üçün nüfuzlu mövqenin yaradılmasını təmin etdi. Bu da ölkəmizi regionda baş verənlərə, o cümlədən müəyyən beynəlxalq proseslərə təsir etmək iqtidarında olan mühüm aktora çevirib. Bu gün Azərbaycan transmilli layihələrin, qlobal təhlükəsizlik məsələlərinin, Avropanın enerji təhlükəsizliyinin icraçısı kimi müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlığın qurulmasına töhfə verən, fəal aktor və regional güc kimi tanınır. Bundan başqa, Azərbaycanın Qərb və Şərq sivilizasiyaları, eləcə də Şimal və Cənub arasında dəhliz rolu oynaması, onun mühüm ölkə kimi nüfuzunu nümayiş etdirir. Təbii ki, Azərbaycanın bu cür nailiyyətləri rasional və praqmatik xarici siyasətin nəticəsidir.

“Cənubi Qafqazda və bütövlükdə regionda nəzərdə tutulan bütün meqalayihələr Azərbaycanın iştirakı olmadan və milli maraqları nəzərə alınmadan həyata keçirilə bilməz. Coğrafi şəraitdən və siyasi sistemin xarakterindən asılı olmayaraq, burada liderlik fenomeni mühüm rol oynayır. İlham Əliyevin liderlik keyfiyyətləri sayəsində ölkəmizdə siyasi sabitlik təmin edilib, gələcək inkişafın əsası qoyulub. Bu gün əminliklə demək olar ki, Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən Prezident İlham Əliyev dünya azərbaycanlılarının Lideridir”, - deyə Masil Dəmirov diqqətə çatdırıb.

Nəşr edilib : 27.10.2023 18:49