AZ EN RU

Azərbaycanın müəllifi olduğu reallıqlar beynəlxalq səviyyədə dəyərləndirilir - ŞƏRH

Azərbaycan bu gün öz sözünü açıq deyən, dövlətin və xalqın mənafeyi naminə qətiyyətli mövqe sərgiləyən ölkədir. Çünki onun rəhbəri Prezident İlham Əliyev haqq və ədalətə, beynəlxalq hüququn prinsiplərinə əsaslanan məqsədyönlü siyasət aparır. Bu siyasət nəinki Azərbaycan, həm də region ölkələri üçün faydalıdır. Bunu Azərbaycanın regiona gətirdiyi reallıqlar bir daha sübut edir. Ermənistanın işğal siyasəti bu coğrafiyanı bataqlığa çevirmişdi. Bununla bağlı Azərbaycan dünyaya çağırış edirdi, münaqişənin sülh yolu ilə həllinə səsləyirdi. Amma nə Ermənistan sülhə gəldi, nə də bu barədə ona beynəlxalq təzyiq oldu. Odur ki, Azərbaycan tərəfi bu münaqişəni beynəlxalq hüquq çərçivəsində özü həll etdi. Azərbaycanın istəyi nə idi: işğalı aradan qaldırmaq, bütün ölkədə dövlət suverenliyini təmin etmək, ərazidən zorla qovulmuş bir milyondan artıq sakinin hüquqlarını bərpa etmək və s. Azərbaycanın formalaşdırdığı reallıqlar isə sülhə, təhlükəsizliyə, iqtisadi inkişafa, əmin-amanlığa söykənir. Bütün bunlar ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda təqdir olundu. Dövlətimizin başçısı dərin məzmunlu, məntiqli və aydın çıxışı ilə baş verən hadisələri, proseslərin gedişini, o cümlədən işğalın acı nəticələrini, Şərqi Zəngəzurun və Qarabağın dirçəldilməsi naminə görülən işləri, bu istiqamətdə üzləşilən çətinlikləri, habelə mina problemini iştirakçıların diqqətinə çatdırdı və onları maraqlandıran sualları cavablandırdı. Ünvanlanan sualların məzmunundan da görünürdü ki, forum iştirakçıları Azərbaycanın bölgəyə gətirdiyi reallıqların mahiyyətini və əhəmiyyətini dərk edirlər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Ceymstaun Fondunu təmsilçisi Metyu Brayza işğaldan azad edilmiş Azərbaycan ərazilərini nəzərdə tutaraq bildirdi ki, dünyanın heç bir yerində darmadağın edilmiş geniş bir ərazinin yenidən qurulduğu ikinci belə məkan yoxdur. Hətta bunu görünməmiş hal adlandırdı. Aydın olur ki, artıq hamı görülən işlərin fərqindədir. Həqiqətən də, Azərbaycan həmin ərazilərdə misli görünməmiş tikinti-quruculuq işləri aparır. Tamamilə dağıdılmış ərazilərdə yeni şəhərlər, qəsəbələr, kəndlər salmaq, özü də dağlıq ərazidə bütün bu işlərin öhdəsindən gəlmək, sözsüz ki, asan deyil. Lakin Azərbaycan sistemli və sürətli şəkildə ərazini yenidən qurur. Təbii ki, bu, dövlətimizin qüdrətini, iqtisadi gücünü göstərir. Görülən bütün işlərə şəxsən nəzarət edən Prezident İlham Əliyev 29 yaşayış məntəqəsinin təməlini qoyub. Ümumilikdə isə 63 müxtəlif təyinatlı obyektin açılışı olub. Bərpa işlərinə indiyədək dövlət büdcəsindən 7 milyard dollar həcmində vəsait sərf edilib. Gələn il isə bu məqsədlər üçün planlaşdırılan minimum büdcə 2,4 milyard dollar həcmində nəzərdə tutulub”, - deyə Milli Məclisin deputatı bildirib.

AHİK sədri qeyd edib ki, həm Ermənistan iqtidarı, həm də müxalifəti Prezidentimizin çıxışından dərs götürməlidir: “Bilməlidirlər ki, onların işğal planları çoxdan məhv edilib, bu xəyallarla yaşamaq artıq əbəsdir. Çünki dəmir yumruq yerindədir. Qarşılarında onları məğlub etmiş qüdrətli Azərbaycan var. Odur ki, onlara mənasız havadarlıq edənlərin fitnələrinə uymasınlar, reallıq başqadır. Ümumilikdə dövlətimizin başçısı Forumda Azərbaycanın sülh səylərini, iqtisadi müstəqilliyini və inkişafını, regionun hərtərəfli tərəqqisinə mühüm töhfələr verən təşəbbüslərini və addımlarını, gələcək perspektivləri iştirakçıların diqqətinə çatdırmaqla ölkəmizin qüdrətini və dünya üçün əhəmiyyətini göstərdi”.

Nəşr edilib : 07.12.2023 17:50