AZ EN RU

Azərbaycanın müasir təhsil sistemində yenilik

Qarabağ Universiteti təhsil sahəsində yeni rəqabət mühiti yaradacaq

Şanlı Zəfərimizdən ötən müddətdə işğaldan azad edilən torpaqlarda geniş abadlıq, quruculuq işlərinin şahidi oluruq. Uzun illər ərzində viran edilmiş torpaqlarımız artıq dirçəldilir, yeni binalar, təhsil ocaqları tikilib istifadəyə verilir, məscidlər, tarixi-mədəni abidələr bərpa edilir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulduğu kimi, müasir standartlara cavab verən orta, peşə və ali təhsil müəssisələrinin tikilib istifadəyə verilməsi isə ölkəmizdə təhsil sisteminin inkişafına şərait yaradacaq.
Xankəndidə “Qarabağ Universitetinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ölkəmizdə elmin və təhsilin inkişafına göstərilən diqqət və qayğının daha bir nümunəsidir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək Qarabağ Universiteti publik hüquqi şəxsi regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsinə və tarixən yaradılmış təhsil ənənələrinin yaşadılmasına töhfə olacaq. Prezident cənab İlham Əliyevin iyulun 5-də Xankəndi şəhərində Qarabağ Universitetində görülən işlərlə tanışlığı bu ali təhsil ocağının gələcəkdə ölkənin təhsil sistemində mühüm rolundan, müasir ali təhsil müəssisələri içərisində ön sıralarda yer tutacağından xəbər verir. 
Tarixə nəzər salsaq, görərik ki, Qarabağda fəaliyyət göstərən yeganə ali təhsil ocağı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə məhz Xankəndi şəhərində 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulmuş, 1973-cü ildən 1988-ci ilədək müstəqil ali təhsil müəssisəsi kimi fəaliyyət göstərmiş, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırmışdır. Bu gün Azərbaycanın strateji şəhəri olan Xankəndidə müvafiq səviyyələr üzrə ali təhsil, habelə orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirəcək, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparacaq təhsil müəssisəsinin yenidən yaradılması ölkəmizin gücünün, qüdrətinin, əzminin daha bir ifadəsidir. 
Universitetin fəaliyyət istiqamətləri ali təhsil ocağının Nizamnaməsində də əksini tapdığı kimi, bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislərin hazırlanması, magistratura təhsili səviyyəsində ixtisaslaşmalar üzrə ayrı-ayrı ixtisas sahələrinin elmi-tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsi, doktorantura təhsili səviyyəsində yüksəkixtisaslı elmi kadrların hazırlanması, ixtisas və elmi dərəcələrin yüksəldilməsi, orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsi, elmin müxtəlif sahələri və istiqamətləri üzrə tədqiqatların aparılmasıdır. Universitetdə dərslər bu ilin 15 sentyabrından başlayacaq və kadr hazırlığı Pedaqoji, İncəsənət, Humanitar və sosial elmlər, İqtisadiyyat, Mühəndislik və Turizm fakültələrində aparılacaq. Bu tədris ili üçün universitetdə, ümumilikdə, 27 ixtisas üzrə 1120 tələbənin təhsil alması nəzərdə tutulur.  Ali təhsil müəssisəsinin bukleti artıq hazırlanıb, universitetə qəbul planı təsdiqlənib. Universitetdə təhsil alacaq tələbələr ödənişsiz əsaslarla təhsil alacaq, ödənişsiz yataqxana ilə təmin olunacaqlar, dövlət tərəfindən pulsuz kompüterlər veriləcək. Bununla yanaşı, yüksək bal ilə qəbul olanlara əlavə təqaüdlərin verilməsi də nəzərdə tutulub. Həmçinin tələbələr üçün ekoloji təmiz universitet şəhərciyi yaradılacaq.
Ölkə başçısı Qarabağ Universitetinin fəaliyyətinin təşkili üçün maliyyə vəsaiti ayrılması haqqında Sərəncam imzalayıb. Orada tədris və yataqxana binaları müəyyən edilib, həmçinin tələbələrin asudə vaxtlarını düzgün şəkildə keçirmələri üçün də işlər görülür. Universitetdə 8 ixtisas üzrə SABAH qrupları yaradılacaq. İmtahan və müsahibə yolu ilə 200-250 tələbənin sentyabrda universitetin bu qruplarında təhsil alması planlaşdırılır. Digər universitetlərlə mübadilə və mobillik proqramlarının həyata keçirilməsi, növbəti beş ildə tələbələrin sayının 10 minə çatdırılması, birinci tədris ilində professor-müəllim heyəti və tədqiqatçıların həm daimi əsaslarla, həm də dövri (həftəlik, aylıq, semestrlik və sair) fəaliyyət göstərməsi nəzərdə tutulub. Artıq universitetin ştat cədvəli təsdiq edilib və ilkin olaraq universitetdə zəruri vəzifələr üzrə təyinatlar aparılıb. 
Dövlətimizin başçısının “Yeni yaradılan Qarabağ Universiteti isə, şübhəsiz, regionda tarixən mövcud olmuş təhsil mühitini çox yaxın vaxtda canlandıracaqdır” fikri bir daha onu göstərir ki,  tədqiqatyönümlü universitetə çevriləcək Qarabağ Universiteti təhsil sahəsində yeni rəqabət mühiti yaradacaq, Azərbaycanın aparıcı elm və təhsil mərkəzlərindən biri olacaq. 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 15.07.2024 10:00