AZ EN RU

Azərbaycanın kənd təsərrüfatı naziri Naxçıvanda olub, vətəndaşları qəbul edib - YENİLƏNİB

    Avqustun 11-də Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov Naxçıvan Muxtar Respublikasına səfər edib. Nazir əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb.
    Səfər çərçivəsində kənd təsərrüfatı naziri Süni Mayalanma Mərkəzində yaradılan şəraitlə də tanış olub, laboratoriya otağı, yem anbarı, tövlə, açıq havada yemsaxlama sahəsinə və inzibati binaya baxış keçirib. Məlumat verilib ki, ölkə başçısının 2018-ci ilin fevralında imzaladığı “Naxçıvan Muxtar Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” və 2019-cu ilin noyabrında imzaladığı “Naxçıvan Muxtar Respublikasında Süni Mayalanma Mərkəzinin yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncamlarına əsasən yaradılan mərkəzin tikintisi 2 hektar ərazidə aparılıb. Burada inzibati bina, karantin binası, baytarlıq klinikası, laboratoriya otağı, toxumalma sahəsi, tövlə, yem anbarı, açıq havada yemsaxlama sahəsi yaradılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Süni Mayalanma Mərkəzinin açılışı olub. Qeyd edilib ki, ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində görülən tədbirlər sırasında heyvandarlığın inkişafı mühüm yer tutur. Bu məqsədlə damazlıq işinin düzgün qurulması və cins tərkibinin yaxşılaşdırılması diqqətdə saxlanılır, səmərəli metod kimi süni mayalanma tədbirlərinə geniş yer verilir. Ötən ilin rəsmi statistikası düzgün aparılmadığından dəqiq məlumat olmasa da, təxminən, Naxçıvanda 100 minə yaxın heyvan vardır ki, onun da 60-70 mini iribuynuzludur. Süni Mayalanma Mərkəzində mayalanan inəklərdən son 6 ayda 52 baş bala alınıb.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər. Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin inzibati binasında Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
    Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciəti, əsasən, əkin sahələrinin təsərrüfat suyu ilə təmin olunması, işlə təminat, kənd təsərrüfatı texnikasının lizinq yolu ilə əldə olunması, sığorta hadisəsi zamanı dəymiş ziyanın ödənilməsi və digər məsələlərlə bağlı olub. Nazir Məcnun Məmmədov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Nazir vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Nail ƏSGƏROV

 

Nəşr edilib : 11.08.2023 08:20