AZ EN RU

Azərbaycanın incisi Ordubad abidələr məkanıdır

Ümummilli Liderimiz 1980-ci ilin may ayında Ordubadda olarkən bu qədim yurd yerini “Azərbaycanın incisi” adlandırmışdır. Ordubad yeganə şəhərdir ki, yeraltı kəhriz sistemi hər tərəfdən şəhəri əhatə edir. Bu yaşayış məntəqəsi Azərbaycanın sayca çox olmayan elə şəhərlərindəndir ki, o özünün qiymətli tarixi, memarlıq abidələrinin zənginliyini, orta əsr plan quruluşunu və qədim yaşayış zonasının bütöv bir hissəsini qoruyub saxlamışdır. Bu cəhətdən Ordubad qiymətli tarixi şəhər olaraq şəhərsalma sənətinin görkəmli bir nümunəsidir. Elə bu xüsusiyyətlərinə görə Azərbaycan SSR Nazirlər Sovetinin 10 avqust 1977-ci il tarixli qərarı ilə Ordubad “Qoruq şəhəri” elan olunmuşdur. Azərbaycanda arxeoloji və memarlıq abidələrinin sayına görə Ordubad rayonu 3-cü yeri tutur. Birinci yerdə Bakı şəhəridir ki, burada 1200-dən artıq, ikinci yerdə Şamaxı rayonudur ki, 600-ə yaxın, üçüncü yerdə isə Ordubad rayonudur ki, burada 300-ə yaxın arxeoloji və memarlıq abidələri vardır. Qeydiyyata alınan abidələrin 100-ə yaxını tam bərpa edilmişdir.

Ordubad Rayon Tarix Memarlıq Qoruğu Rayon Mədəniyyət Şöbəsinin nəzdində 1979-cu ildən fəaliyyət göstərməyə başlayıb. Şəhərin Heydər Əliyev prospektinin Füzuli küçəsi ilə kəsişdiyi yerdən şimala olan hissəsi həmin qoruq zonasına daxildir. Burada olan hər bir abidə, hər bir daş dövlət tərəfindən qorunur. Bütün bunlar babalarımızın keçdiyi mübarizə yollarından inamla çıxan və bizə qalan yadigarlardır. Bu zonada olan hər bir bina öz arxitektura quruluşuna görə diqqəti cəlb edən abidə, yaşayış evləri, tarixi sənətkarlıq və elmi cəhətdən böyük əhəmiyyət kəsb edir. Buna görə biz bunlarla öyünür və fəxr edirik. Tarix Memarlıq Qoruğunun fondu, əsasən, Ordubad şəhərində olan tarixi və arxeoloji abidələrlə zənginləşir. Qoruq Ordubad şəhərinin tarixi hissələrini əhatə edir. Şəhər 5 böyük ərazidən ibarətdir – Ambaras, Kürdətal, Üçtürləngə, Mingis, Sərşəhər. Ancaq onu da qeyd edək ki, şəhərdə Qaraçanaq, Dilbər, Əngəş, Qarahovuz başı, Əsgərxan körpübaşı, Qoçqar və bu kimi kiçik məhəllər də mövcuddur.

Ordubaddakı məhəllə adlarının izahı 20-ci əsrin sonlarında dəqiq şəkildə qeyd olunmuşdur. 1. “Ambar rəs” – (Ambara) yəni ambar başında yerləşən yer, sonralar su dəyirmanı yarandığından çayın içində dəyirman və onun ambarı olduğundan buraya bu ad verilmişdir. 2. “Kürdətal” – (Kürələrin, emalatxanaların zərbxana bazarlarının, hamamların yerləşdiyi küçə məhəllədir. 3. “Üçtürləndə” (Hüştürəngə) – Üçtür klassik fars dilində “dəvə”, “ləngə” isə “dayanmaq yeri” deməkdir. 4. “Sərşəhər” – (Şəşəri) şəhərin yuxarısında, başında yerləşən küçədir. 5. “Minkəs” (Mingis) – min nəfərə yaxın adamın məskunlaşdığı məhəllə adıdır.

Ordubadda 72 yeraltı çeşmə olub ki, onlardan 30-u bərpa edilib. Hazırda şəhərdə 34 çeşmədən istifadə olunur.

Qoruq üzrə qeydə alınan 50 tarix və mədəniyyət abidəsindən 9-u tarixi, 6-sı arxeoloji, 33-ü memarlıq, 1-i ziyarətgah, 1-i monumental sənət abidəsidir. Onlardan 1-i dünya, 14-ü respublika, 35-i yerli əhəmiyyət kəsb edir. 291 abidədən 110-nu ölkə, 177-si yerli, 4-ü dünya əhəmiyyətlidir.

Ordubadın tarixi-memarlıq abidələrindən söhbət gedərkən bu şəhərin incilərindən sayılan çeşmələrimiz haqqında danışmaya bilmərik. Ordubadda tarixi abidələrdən ən mühümü yüz illərdən bəri çəkilmiş çeşmələrdir. Bu çeşmələrin çəkilmə tarixi müxtəlif olmaqla su tutumu da bir birindən çox fərqlidir. Bu kəhrizlərin çəkilməsini əsasən, iki dövrə bölmək olar. Birinci qrupa daxil olan çeşmələr, təqribən 12-ci əsrə aiddir. Bir çoxu isə 17-ci əsrin yadigarıdır. Xüsusilə şəhərin “Sərşəhər” məhəlləsində olan “Sərəhər”, “Dilbər”, “Hacı Tağı”, “Qara Hovuzbaşı”, “Əngəc”, “Üçtürləngə” məhəlləsində olan “Nəhər”, “Çuxur” çeşmə, Ambaras məhəlləsində olan “Hacı Məmmədqulu”, “Mingis” məhəlləsində olan “Meyrəmçə”, “Şai”, “Fağıra”, Kürdətal məhəlləsində olan “Qırxayaq” çeşmələrin üzərində qurulan ovdanlardan, onların üzərində yaranan tarixi-memarlıq abidələrindən danışmamaq mümkün deyil. Bunlardan “Şai”, “Sərşəhər”, “Qamet”, “Qırxayaq” çeşmələri üzərində qurulan ovdanlar əhalini içməli su ilə təmin etməklə yanaşı, eyni zamanda yayın isti günlərində onların mənalı istirahətini təşkil etmək üçün yaradılmışdır.

Bu çeşmələrdə buzxana yerləri, ərzaq saxlamaq üçün taxçalar, daş pilləkənlər, ovdanlar və nəhayət, su buxarlarının çıxması üçün gümbəzvari damında deşik də qoyulmuşdur. Lakin sonrakı dövrlərdə tikilənlərdə isə bəzi xidmət yerləri əksildilmiş, daha sadə formada tikili işləri aparılmışdır.

Bu çeşmələrin çəkilmə xüsusiyyətlərinə gəldikdə isə görürük ki, eyni prinsiplə, bir üslubda olmuşdur. Yəni əvvəlcə kənkanların, mühəndislərin fikrini tutaraq hansı səmtə doğru getdiklərini öyrənmiş, yerin üz səthindən başlayaraq tunel qazıb suyun mənbəyini tapmış, həmin yeraltı göllərdən yığılmış suyu hövzələrindən dartıb çox da üzüaşağı olmayan və spiralvari şəkildə gətirib yerin üzərinə çatdırmışlar.

Qoca Şərqin ənənəvi şəhərlərindən fərqli olaraq Ordubad həm də şəhər infrastrukturu baxımından cəlbedicidir. Aydın məsələdir ki, su olmayan yerdə həyat da olmaz. Ordubad şəhərinin ziyalılarından olan Firdovsi Mehdiyev tarixi mənbələrə istinad edərək bildirir ki, qədimlərdə Ordubad şəhərində yüzdən çox çeşmə olub. Elə təkcə XVII əsrdə yaşamış tarixçi Məhəmməd Müfid Mustafa Ordubad şəhərində 70-dən çox çeşmənin olduğunu bildirir. Bu kəhrizlərin inşası zamanı mühəndislik prinsiplərinə düzgün əməl olunub. Kəhrizlərin həm qidalanma zonalarında, həm də sudan istifadə yerlərində yüksək sanitariya mədəniyyəti normalarına riayət edilib. Kəhriz quyuları elə etibarlı yerlərdə mühafizə olunub ki, oraya heç bir yerüstü lil və ya çöküntülər daxil ola bilmir. Kəhrizlərin yer səthindən 3-10 metr dərinlikdə yerləşdirilməsi, şəhərdə kanalizasiya qurğularının mövcudluğu, hamamlar burada qədim şəhər mədəniyyətini təsdiq edən amillərdir. Son dövrlərdə onlarla belə kəhriz yenidən bərpa olunaraq əhalinin istifadəsinə verilib.

Keçmişdə yeraltı suların çəkilişi zamanı, əsasən, saxsı borulardan istifadə olunub ki, bu da suyun həm ekoloji baxımdan təmizliyinin saxlanılmasına, həm də sərin olmasına imkan verib. Eyni zamanda hər kəhrizin suyu əhalinin təsərrüfat sayına görə bölünüb. Beləliklə, saxsı borular şəhərin alt hissəsində labirint kimi dolanaraq əhalinin suya olan tələbatını ödəyib.

Ümumiyyətlə, çeşmə qazmaq, çıxartmaq çox əziyyətli və çətin, lakin çox xeyirxah və savab iş olmuşdur. Məhz bu cəhətlərə görə neçə yüz il bundan əvvəl salınmış çeşmələr bu günə kimi işləyir, xalqa xidmət edir.

Çeşmələrin bir çoxu isə Orubadda 17-ci əsrdə salınmışdır. Deyilənlərə görə, həmin əsrin əvvəlində Şah Abbasın verdiyi fərmana görə ordubadlılar bütün vergilərdən azad olur və iqtisadi vəziyyət düzəlir, əhali artır.

Orubadın çeşmələri üçün qazılmış yeraltı kanallara nəzər yetirsək görərik ki, bu balaca bir ərazinin altında kilometrlərlə kanal var. Bu kanallar seysmik zona olan Ordubadda zəlzələ zamanı yerin aralanmasının qarşısını az da olsa, alır. Bütün bu xüsusiyyətləri nəzərə alsaq görərik ki, çeşmələrin xalqa mənfəəti olduqca böyükdür. Demək olar ki, bu çeşmələr Ordubada həyat vermişdir.

Ordubad şəhərinin yerləşdiyi relyef buraya gələn insanların könlünü açır. Bağlar qoynuna sığınmış Ordubadın iqlimi dörd qütbdən gələn küləklərin qovuşuğundan yaranaraq buranı cənnət-məkan guşəyə çevirir, insanları qurub-yaratmağa, yaşamağa həvəsləndirir. Qədim bir səyyahın dediyi kimi: “Ordubad kiçik şəhərlər içərisində Avropada birinci, dünyada isə ikinci yaşayış məskənidir ki, buraya qonaq gələn nabələd adam da azıb qalmaz. Hər məhəllədə tikilmiş 2-3 məscid və qəbiristanlığı, tinlərin və dalanların kəsişdiyi yerlərdə salınmış karvansaralar, qədim tipli çiy kərpicdən tikilmiş evləri olan bu kiçik şəhərə gələn hər bir kəs hara keçib getsə də yenə gəlib mərkəzi küçədə görüşəcəkdir”.

21 fevral 2024-cü il ildə ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Ordubad” Dövlət Tarix Mədəniyyət Qoruğu elan olunmuşdur ki, bu da dövlət başçısının Ordubada göstərdiyi diqqət və qayğının bariz nümunəsidir, həmçinin bu qədim yurd yerində formalaşmış dəyərlərin qorunmasına böyük töhfədir.

Əminə ALMƏMMƏDOVA

Ordubad Tarix Memarlıq Qoruğunun direktoru

Nəşr edilib : 18.04.2024 11:06