AZ EN RU

Azərbaycanın ən böyük buzxana abidəsi

    Naxçıvanın zəngin memarlıq tikililəri sırasında özünəməxsus yeri olan abidələrdən biri də buzxana binalarıdır. Keçmişdə, hələ texnologiyanın inkişaf etmədiyi bir dövrdə buzxanalar müxtəlif ərzaq məhsullarının uzun müddət saxlanılmasında, eləcə də insanların buza olan ehtiyacının ödənilməsində mühüm rol oynamışdır. Yəqin ki, çoxumuz görkəmli dramaturq Cəlil Məmmədquluzadənin “Buz” hekayəsini oxumuşuq: “Hər bir yay fəsli küçələrdə arabalarda buz sallarını görəndə, bir tərəfdən o buzu şampanskilərə və ləzzətli marojnalara işlədən xoşbəxtlər gözümün qabağına gəlir...” 

    Böyük ədibin uşaqlıq dövrünün təəssüratları altında qələmə aldığı bu hekayədən bəlli olur ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində Naxçıvan şəhərinin küçə və meydanlarında, bazarlarda buz satışı təşkil olunarmış. Əhali bu cür buz parçalarından sərinləmək üçün soyuq içkilərin hazırlanmasında, müxtəlif ərzaqların saxlanılmasında, eləcə də təbabətdə geniş istifadə edərmiş. Həmçinin buzxana binaları, adətən, çay, suyu bol olan kəhriz və bulaqların yaxınlığında inşa edilərmiş. Buzu hazırlamaq üçün binaya çəkilmiş kəhriz suyu qış aylarında zirzəmiyə yığılaraq buz halına salınar, əriməməsi üçün onların aralarına saman tökülərmiş. Bu işlə məşğul olan adamlar yay aylarında ayaqlarına keçə bağlayaraq buzu buradan çıxarar və satışını təşkil edərmişlər. Bəzi tədqiqatçılara görə isə axan su buzxana yaxınlığında xüsusi hazırlanmış bir meydançaya yığılaraq dondurular, sonra kəsilən buz parçaları buzxana binasına daşınaraq burada saxlanılarmış. Buna görə də orta əsrlərdən üzübəri Şərq aləmində məscid və hamamları, qala və saray kompleksləri ilə məşhur olan Naxçıvan həm də buzxana binaları ilə tanınmışdır. Hazırda belə buzxanalardan ən böyüyü Naxçıvan şəhər buzxanasıdır. 
     “Naxçıvan Abidələri Ensiklopediyası”nda qeyd olunur ki, bu abidə profilinə görə ölkəmizdə qeydə alınan ən böyük tikilidir. Yüksək memarlıq həllinə görə binanın Naxçıvan memarlıq məktəbinin inkişaf etdiyi XII-XIV əsrlərdə tikildiyi ehtimal olunur. Uzunluğu 20, eni isə 9 metrdir. Bina birmərtəbəli olsa da, ümumi hündürlüyü 9,6 metrdir. Dam örtüyünün üzərində isə altı kiçik günbəz ucaldılıb. Təxminən, hər 3 metrdən bir qurulan çatmavarı tağlararası boşluq çatma tağbəndlə örtülmüşdür. Kərpic hörgü cərgələri yükdaşıyan tağlara nisbətən şaquli vəziyyətdə yerləşdirilmişdir. Yüksək texniki səviyyədə kərpicdən qurulmuş örtük konstruksiyasının mükəmməl həlli, naturada tikilməsi, bina örtüyünün uzununa, yüngül və dinamik konstruksiya sxemi tərzində yaradılması Naxçıvan şəhər buzxanasının səciyyəvi cəhətlərindəndir.  
    Naxçıvan şəhər buzxanası ölkə əhəmiyyətli abidədir. Tədqiqatçılara görə, muxtar respublikada mövcud olan bu və digər buzxanaların tikilişindəki oxşar konstruksiyadan o dövrdə Təbriz və Ərdəbildə inşa olunan bazar komplekslərinin örtülü keçidlərində istifadə edilib. Və bu tip abidələr regionda ticarət məqsədilə tikilən obyektlərdir. Buzxanalardan, yuxarıda da qeyd etdiyimiz kimi, əsasən, ərzaq məhsullarının təbii üsulla saxlanılmasında, buz satışında istifadə olunub.
    Ancaq ötən əsrin ortalarından sonra elmi-texniki tərəqqinin inkişafı bir çox sahələr kimi, soyuducu sənayesinə də sirayət edib ki, bu da, öz növbəsində, tarixi buzxana binalarından istifadəni arxa plana keçirib. Nə yaxşı ki belə tarixi binalarımız xalqımız tərəfindən qorunub saxlanılıb. Müstəqilliyimizin bərpasından sonrakı dövrdə isə Naxçıvanda tarixi abidələrə göstərilən dövlət qayğısı buzxana binalarını da əhatə edib. Elə Naxçıvan şəhərindəki buzxana binası da 2020-ci ildə yenidənqurma və bərpa işlərindən sonra istifadəyə verilib. Hazırda Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin balansında olan bu tarixi binada “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi yerləşir. Tarixi buzxana binasından yerli mətbəximizin təbliği məqsədilə istifadə olunması muxtar respublikaya yolu düşən yerli və xarici turistlərin də marağına səbəb olur. 

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 23.06.2023 18:24