AZ EN RU

Azərbaycanın döyünən ürəyisən, Naxçıvanım!

Nurüzlü diyarım, aldığım nəfəsim, ülviyyətim, vüqarımsan, Naxçıvanım. Hər qayan, hər zərrən bir tarixdən soraq verir, Naxçıvanım. Qoca Şərqin qapısında nə qədər məğrur dayanmısan. Hər qarışın qüdrətindən, əzəmətindən ürəkdolusu söhbət açır, ulu diyar! Sən mənim qürur yerimsən. Sən mənim kürəyimi söykəyəcəyim ən uca dağımsan. Necə də xoşdur sənin torpağında böyüyüb boya-başa çatmaq. Təmiz havanı udmaq, suyundan damla-damla içmək necə xoşbəxt edir insanı... Bilirsənmi, səni qarış-qarış gəzdikcə cənnətdə  olduğunu hiss edir insan.

Sən dünya şöhrətli Lider Heydər Əliyevi bu torpağa yetirən diyarsan, Naxçıvanım. Sən Vətən həsrətli Heyran xanımın, maarif fədaisi Məhəmməd Tağı Sidqinin, ölməz sənətkar Cəlil Məmmədquluzadənin, tarixi romanlar müəllifi Məmməd Səid Ordubadinin, böyük kimyaçı alim Yusif Məmmədəliyevin və digər həmişəyaşarların Vətənisən, Naxçıvanım. Məmləkətim qoynunda bir “çinar” ucalır. Bu “çinar”ın göylərə bərq vuran budaqlarında Nəsirəddin Tusi kimi elm xadimi, Hüseyn Cavid poeziyası, ”Molla Nəsrəddin” adı ilə güldürən və gülə-gülə də düşündürən Mirzə Cəlil satirası yaşayır.

İgid oğullar yetirən qədim diyar. 44 gün ərzində 30 illik Qarabağ həsrətinə son qoyan oğullar içərisində olan  bu torpağın onlarla igidi ilə necə qürur duymasın insan? O oğullar ki, yaramıza məlhəm oldular. O oğullar ki, torpaqlarımızın  azadlığını canları bahasına yazanlardan oldular.

Azərbaycanın ayrılmaz parçası, beşminillik tarixin ərməğanı, qədim mədəniyyət ocağı, müqəddəs bir məkansan, məmləkətim. Vətən təəssübünü hər şeydən üstün tutan, dağları kimi məğrur olan naxçıvanlılar zaman-zaman hər qarış torpağını göz bəbəyi kimi qoruyub, onun yadelli tapdağına çevrilməsinə yol verməyiblər. Bir vaxtlar öz əzəmətli keçmişini yalnız tarixi abidələrlə yaşadan Naxçıvanım bu gün gözoxşayan bir diyara çevrilib.

Qədim diyar, sən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli bir yol keçsən də, xalqımızın zəngin mədəni irsini layiqincə yaşadaraq, ölkəmizin ictimai-siyasi həyatında əvəzsiz rol oynamısan.

Muxtariyyətinin yaradılması isə Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətli hadisəsi olub, əziz Naxçıvanım. Bu 100 ilin iki mərhələsi xüsusilə çətin və mürəkkəb dövr olmuşdur. Bunlardan biri  1920-1924-cü illəri əhatə edən muxtariyyətin yaranması, digəri isə 1990-1993-cü illərdə muxtariyyətin qorunub saxlanıldığı dövrdür.

1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaradılması bu qədim diyarın gələcək müqəddəratının həlli,  ölkəmizin ərazi bütövlüyünün təmin olunması baxımından çox mühüm siyasi əhəmiyyətə malikdir. Bu mənada, Ulu Öndər Heydər Əliyevin Naxçıvanın olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi muxtariyyəti böyük tarixi nailiyyət adlandırması təsadüfi deyil.

 Bəli, Naxçıvanın muxtariyyəti, sözün əsl mənasında, xalqımızın və dövlətimizin tarixi nailiyyətidir. Bu muxtariyyət imkan verdi ki, Azərbaycan xalqının çoxəsrlik arzuları reallığa çevrilsin, əcdadlarımızın izi bu torpaqdan silinməsin. Ulu Öndər Naxçıvanın muxtariyyət statusu əldə etməsinin tarixi əhəmiyyətini və bu sahədə beynəlxalq müqavilələrin rolunu qiymətləndirərək deyirdi: “Naxçıvanın muxtariyyəti tarixi hadisə olubdur. Bu, çətin bir dövrdə böyük bir mübarizənin nəticəsidir. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”.

Muxtariyyət dövründə ikinci çətin mərhələ isə 1990-cı ildə Naxçıvanın Ermənistan tərəfindən blokadaya alınması olmuşdur. Həmin dövrdə Naxçıvan Ümummilli Liderimizin də dediyi kimi: “Taleyin ümidinə buraxılmış tənha bir adanı xatırladırdı”.  Bu gündən 33 il əvvəlki tarixə nəzər saldıqda açıq şəkildə görmək olur ki, Ulu Öndər o zaman Naxçıvana qayıtmasaydı, Naxçıvanı daha çətin günlər gözləyirdi. Lakin Ulu Öndərin  diqqət və qayğısı, himayəsi, yerli  potensialın hərəkətə gətirilməsi ilə qədim diyar  blokada şəraitində yaşadı və inkişaf etdi.

Doğma yurdum, sən hər zaman milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanması və möhkəmlənməsində müstəsna xidmətlər göstərmisən.

Sovetlər birliyinin süqutundan sonra Heydər Əliyevin muxtar respublikaya rəhbərlik etdiyi dövrdə ölkədə ilk dəfə Naxçıvanda başlanan aqrar islahatlar uğurla həyata keçirildi. Bu dövrdə mövcud sənaye müəssisələri özəlləşdirildi və yenidən quruldu. Yerli ehtiyatlara əsaslanan müasir istehsal sahələri yaradıldı. Naxçıvan şəhərində, rayon mərkəzlərində, yaşayış məntəqələrində əsaslı quruculuq işlərinə başlanıldı. Sosial-mədəni obyektlər, yaşayış binaları təmir və bərpa edildi, yeni obyektlər tikildi. Təhsil, səhiyyə və digər sahələrin inkişafı prioritet  vəzifəyə çevrildi. Əhalinin elektrik enerjisi, qaz, içməli su problemləri tədricən aradan qaldırıldı. Kommunikasiyalar təzələndi, genişləndirildi. Muxtar respublikanın etibarlı müdafiəsi təmin olundu, hərbi quruculuq məsələləri diqqət mərkəzində saxlanıldı.

Görülmüş işlərin əsas qayəsi ölkəmizin hərtərəfli tərəqqisinə, əhalinin maddi-rifah halının, yaşayış səviyyəsinin daha da yaxşılaşmasına yönəlmişdir. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Naxçıvanla bağlı verdiyi sərəncamlar, bu diyara tarixi səfərləri, ərazi bütövlüyü və təhlükəsizliyi üçün gördüyü tədbirlər,  muxtariyyət  statusunun hüquqi cəhətdən möhkəmləndirilməsi və həlli vacib olan digər məsələlərin həyata keçirilməsi Naxçıvanın hərtərəfli inkişafına zəmin yaratmışdır.

Azərbaycana ikinci dəfə rəhbərliyi illərində Ulu Öndər Naxçıvan Muxtar Respublikasını heç vaxt diqqətdən kənarda qoymadı. O, blokada şəraitində olan bu diyarın yaşaması və yaratmasına hərtərəfli qayğı ilə yanaşdı.

Qürur hissi ilə deyə bilirik ki, dahi rəhbərin müəyyənləşdirdiyi strateji hədəflər uğurla həyata keçirilib, muxtar respublika Ulu Öndərin arzuladığı bir diyara çevrilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərdiyi qayğı nəticəsində isə Naxçıvan Muxtar Respublikası yeni hədəflərə doğru irəliləməkdə, Naxçıvanın daha parlaq gələcəyi üçün mühüm layihələr həyata keçirilməkdədir. Cənab İlham Əliyev prezidentliyi dövründə qədim diyarımızın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair müxtəlif sərəncamlar, Dövlət proqramları imzalamışdır. Son 10 il ərzində cənab Prezidentin sərəncamları əsasında Naxçıvan Muxtar Respublikasına 688 milyon manatdan çox investisiya vəsaitinin ayrılması dediklərimizin əyani ifadəsidir. Ölkə başçısının müvafiq Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi cənab Prezidentin muxtar respublikaya diqqətinin göstəricisidir. Proqramın məqsədi davamlı iqtisadi artımın təmin edilməsi və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması sayəsində Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi və ölkə iqtisadiyyatına tam inteqrasiyasının təmin olunmasıdır. Proqramın icra edilməsi məqsədilə 249 milyon manat vəsait ayrılmışdır.

Ölkə başçısının ötən ilin dekabrın 30-da Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamı sevincimizi birə-beş artırdı. Sərəncamda deyilir: “Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamışdır. Naxçıvan şəhəri Azərbaycan Atabəyləri – Eldəgizlər dövlətinin paytaxtı olmuş, İslam sivilizasiyasının mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi geniş şöhrət tapmışdır. Bünövrəsi Əcəmi Naxçıvani tərəfindən qoyulmuş memarlıq məktəbinin günümüzədək gəlib çatan yadigarları indi də Naxçıvanın görünüşünə xüsusi rəng qatır. Naxçıvan əsrlər boyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr vermişdir”.

Nə xoş bizlərə ki, Naxçıvan muxtariyyətinin 100 illiyini müstəqil və bütöv Azərbaycanda qeyd etmək nəsibimiz oldu. Nə xoş bizlərə ki, bizim olan torpaqlara qayıda bildik. Nə xoş bizlərə ki, Ali Baş Komandanın səyi nəticəsində Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa edə bildi. Şanlı Qələbəmiz bizim iradəmizi, xalqımızın əzmini bütün dünyaya bəyan etdi. 2020-ci ildə əldə etdiyimiz Böyük Zəfərdən sonra imzalanan üçtərəfli bəyanat və həmin bəyanata cənab İlham Əliyevin təkidi ilə Naxçıvanı ölkə ilə birləşdirən maneəsiz dəhlizin açılması müddəasının salınması uzaqgörən siyasətin nəticəsidir. Zəngəzur dəhlizinin açılması ilə Naxçıvan həm də bizim üçün Avropaya qapı, Türk dünyası üçün isə ümid bağına çevriləcək. Bütün maneə cəhdlərinə baxmayaraq Zəngilan-Ordubad dəmir yolu xətti və bütövlükdə, Zəngəzur dəhlizinin açılması üçün real zəmin formalaşıb. Məhz bunu əsas gətirən siyasətçilərin fikrincə, ən yaxın vaxtlarda Zəngilanı Naxçıvanla birləşdirəcək 40 kilometrlik Zəngəzur dəhlizi mütləq açılacaq. Ölkə rəhbərinin dediyi kimi: “Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Ermənistanın revanşist əhval-ruhiyyəli davranış tərzi isə yalnız Ermənistanın özünə ziyan verəcək. Ali Baş Komandanımızın da qeyd etdiyi kimi, “Azərbaycanın “dəmir yumruğ”u hər zaman onların başı üzərindədir və hər an düşməni əzməyə hazırdır”.

Son söz olaraq demək istərdim ki, qalib dövlətin bir parçası olan Naxçıvan, sən artıq bir əsrdir ki, muxtariyyətini qorumusan. Ulu diyar, daim var ol... Sənə var olmaq yaraşır, məmləkətim. Cənnətin qapısı, Azərbaycanımın döyünən ürəyi, əbədi ünvanımsan, Naxçıvanım. Şair çox gözəl deyib:

Bu dünya bir cənnətdirsə,

O cənnətin qapısı sən!

Varım, yoxum-nəyim varsa,

Cümləsi sən, hamısı sən!

Yaşa xoşbəxt anım mənim-

Əbədi ünvanım mənim-

Doğma Naxçıvanım mənim!!!

Nuray ƏSGƏROVA

Nəşr edilib : 28.02.2024 16:24