AZ EN RU

“Azərbaycanın dövlətçilik tarixində Naxçıvan” mövzusunda tədbir keçirilib

Yanvarın 16-də Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında muxtar  respublika Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş “Azərbaycanın dövlətçilik tarixində Naxçıvan” mövzusunda tədbir keçirilib.

      Tədbiri giriş sözü ilə kitabxananın direktoru Ruzi Süleymanov açaraq bildirib ki, 30 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. 

      Vurğulanıb ki, Naxçıvan şəhəri Azərbaycan Atabəyləri-Eldəgizlər dövətinin paytaxtı olmuş, İslam sivilizasiyasının mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi geniş şöhrət tapmışdır. Bünövrəsi Əcəmi Naxçıvani tərəfindən qoyulmuş memarlıq məktəbinin günümüzədək gəlib çatan yadigarları indi də Naxçıvanın görünüşünə xüsusi rəng qatır. Naxçıvan əsrlərboyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr vermişdir.

       Sonra Naxçıvan Muxtar Respublika Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Yadigarın “Naxçıvan ədəbi mühiti 100 ildə”  və Uşaq Kitabxanasının şöbə müdiri Nüşabə Seyidovanın “Muxtariyyat səlnaməsi” mövzulu çıxışıları dinlənilib. Yazıçılar Birliyinin üzvləri Naxçıvan haqqında yazdıqları şeirləri səsləndirmişlər.

      Tədbirdə məktəb şagirdləri tərəfindən muxtar respublika haqqında şüarlar səsləndirlib, “Tarixin 100 səhifəsi” mövzusunda video slayd nümayiş olunub.

        Tədbirin sonunda “Naxçıvan Muxtar Respublika-100” başlıqlı sərgiyə baxış olub. Qeyd edək ki, sərgidə muxtar respublikanın etnik-siyasi tarixinə, mədəni quruculuğuna, iqtisadi həyatına, arxeologiyasına, elmi, ədəbi və mədəni mühitinə həsr edilmiş 70 kitab özünə yer alıb.

 

 Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 16.01.2024 17:07