AZ EN RU

“Azərbaycanın dövlətçilik tarixində Naxçıvan” mövzusunda tədbir keçirilib

Yanvarın 12-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş“ Azərbaycanın dövlətçilik tarixində Naxçıvan” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini Həsən Seyidov açaraq bildirib ki, bu il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 ili tamam olur. Bununla bağlı 30 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. 

Vurğulanıb ki, Naxçıvan diyarının muxtar respublika elan edilməsi Naxçıvan üçün nəinki sosial iqtisadi inkişafın, habelə onun Azərbaycanın tərkib hissəsi olmasını təsdiq edən bir siyasi hadisə idi. Naxçıvanın toxunulmazlığının rəmzi və meyarı idi. Ötən əsrin əvvəllərində imzalanan Moskva və Qars müqavilələri 1924-cü ildə Naxçıvan Muxtar Respublikasının yaradılması ilə nəticələnmişdir. Muxtar respublika statusu qazanması Naxçıvan diyarının Azərbaycan Respublikasının tərkibində daha da möhkəmlənməsində və regionun ərazi bütövlüyünün qorunub saxlanmasında müstəsna əhəmiyyətə malikdir.

Sonra Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti, tarix elmləri doktoru Emin Şıxəliyev “Beynəlxalq müqavilələrdə Naxçıvan” mövzulu çıxışında Naxçıvan Muxtar Respublikasının tarixində mühüm əhəmiyyətə malik tarixi müqavilələr haqqında ətraflı məlumat verib.

Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova “Naxçıvan qədim və zəngin tarixə malik Azərbaycan torpağıdır” mövzusunda çıxış edib.

Tədbirin sonunda “Naxçıvan qədim Azərbaycan diyarı – 100” başlıqlı sərgiyə baxış olub. Qeyd edək ki, sərgidə Naxçıvan Muxtar Respublikasının etnik-siyasi tarixinə, mədəni quruculuğuna, iqtisadi həyatına, coğrafiyasına, arxeologiyasına, elmi, ədəbi və mədəni mühitinə, təhsilinə, səhiyyəsinə, folkloruna, etnoqrafiyasına, fiziki-coğrafi obyektlərinə, geoloji quruluşuna, yeraltı və yerüstü təbii sərvətlərinə, mənəvi inanc yeri olan ziyarətgahlarına, təbiətinə həsr edilmiş Azərbaycan və xarici dillərdə 100 nüsxə kitab nümayiş edilir.

 Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 12.01.2024 17:20