AZ EN RU

Azərbaycanın bundan sonrakı inkişafı təbii sərvətlərə deyil, insan zəkası və innovasiyalara əsaslanır

Dünya İqtisadi Forumundan çıxan nəticələr

Son iki yüz ildə sənaye sektoru müxtəlif mərhələləri keçərək elm və texnoloji yeniliklərin nəticəsində həyatımızın bütün sahələrində öz əksini tapıb. Hazırda isə sənaye sahəsi özünün yeni mərhələsinə qədəm qoyub. Elmi dairələrdə bu yeni dövrü “IV sənaye inqilabı dövrü” adlandırırlar. Dördüncü Sənaye İnqilabı süni intellekt, robotexnika, əşyaların internet, 3D çap, gen mühəndisliyi, kvant hesablamaları və digər texnologiyalarda irəliləyişlərin birləşməsidir. Qlobal trendlərin tətbiqinə hər zaman adekvat cavab verən Azərbaycanda da IV sənaye inqilabının çağırışları ən yüksək səviyyədə təhlil olunur, ölkəmizdə rəqəmsal iqtisadiyyatın və texnologiyaların inkişafi üçün əlverişli infrastrukturun formalaşdırılması istiqamətində fəal iş aparılır. Elə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 yanvar tarixli Fərmanı ilə yaradılmış Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi də ölkəmizin bu sahədə mövqeyini gücləndirmək, qabaqcıl texnoloji imkanlardan maksimum yararlanmaq, bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlıq və koordinasiya həyata keçirmək məqsədinə xidmət edir. Mərkəz Azərbaycan Respublikası ilə Dördüncü Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı və bu sahədə əlaqələndirməni, həmçinin rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirir.
Xatırladaq ki, 2020-ci il 21 yanvar tarixdə İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti cənab Borge Brende arasında Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Azərbaycan Mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalanmışdır. Bunun əsasında Azərbaycanda Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Mərkəzi yaradılmışdır. Bu, MDB məkanında yaradılan ilk mərkəzdir. Yeri gəlmişkən, IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi 2021-ci il 1 aprel tarixdən bu mərkəzin fəaliyyətini də koordinasiya edir. Mərkəz Dünya İqtisadi Forumunun süni intellekt və maşın öyrənməsi, əşyaların interneti və şəhər transformasiyası, eləcə də rəqəmsal ticarət və iqtisadiyyat platformaları ilə əməkdaşlıq edir. Bir neçə gün bundan əvvəl Davos İqtisadi Forumunda dövlət başçısı ilə forumun prezidenti Borge Brende arasında əməkdaşlıq sazişinin təntənəli mübadiləsinin həyata keçirilməsi Azərbaycanın yeni sənaye inqilabına doğru qətiyyətli addımlar atdığını göstərir. Prezident cənab İlham Əliyev Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun IV Sənaye İnqilabı Mərkəzi arasında əməkdaşlıq sazişinin vacibliyini qeyd edərək bildirdi ki, bu sənəd bizim tərəfdaşlıq ruhumuzu  və qarşılıqlı səylərimizi davam etdirməkdə istəkli olduğumuzu nümayiş etdirir. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan Dördüncü Sənaye İnqilabının hədəflərinin həyata keçirilməsində çox fəal iştirak edəcək. Keçən il Azərbaycanda qeyri-neft sektorunun 9,1 faiz artdığını vurğulayan Prezident cənab İlham Əliyev əminliklə bildirdi ki, biz bu vacib layihədə yaxşı tərəfdaşlar olacağıq.  Forumun dünyada gedən transformasiya prosesinin yeni təmayülləri və çağırışların müzakirəsi baxımından əhəmiyyətini vurğulayan dövlətimizin başçısı Azərbaycanın öz inkişaf strategiyasını yenilənən beynəlxalq və regional təmayüllər nəzərə alınmaqla qurduğunu bildirdi. 
Dünya İqtisadi Forumunun prezidenti cənab Borge Brende də öz növbəsində Forumla Azərbaycan Respublikası arasında əməkdaşlıqdan, ölkəmizin bölgədə oynadığı roldan məmnunluğunu ifadə edərək bu əlaqələri yüksək qiymətləndirdi. 
Buradan isə gəlinən nəticə odur ki, dünyanın ən böyük beynəlxalq qeyri-hökumət təşkilatı olan Dünya İqtisadi Forumu Azərbaycanla əlaqələrə böyük maraq göstərir, bu əməkdaşlığın daha irəliyə getməsi üçün səylə çalışır. Nəzərə alaq ki, Azərbaycan Respublikası ilə forum arasında yaradılmış əməkdaşlığın, eyni zamanda ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin mahiyyətinin nəticəsidir ki, Azərbaycan 2018-ci ildə ənənəvi inklüziv inkişaf indeksində inkişaf edən ölkələr arasında üçüncü yeri tutmuşdur. Həmçinin bu beynəlxalq təşkilat ölkəmizin Şərqlə Qərb arasındakı beynəlxalq əlaqələrin əsas təminatçısı kimi oynadığı mühüm rolu nəzərə alaraq öz tarixi fəaliyyəti dövründə hər il ənənəvi olaraq təşkil etdiyi tədbiri ABŞ-dan əlavə yalnız Azərbaycanda – Bakı şəhərində təşkil etmişdir. 2013-cü ildə “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyinə dair strateji dialoq” mövzusunda keçirilmiş Dünya İqtisadi Forumu, həqiqətən də, bu dünyəvi qurumun ölkəmizin iqtisadi inkişafında qazanılmış uğurlara verilən yüksək tarixi bir dəyər kimi qiymətləndirilir. Görünən odur ki, Azərbaycanın bundan sonrakı inkişafı təbii sərvətlərə deyil, insan zəkası və innovasiyalara əsaslanır.   


 Səbuhi HƏSƏNOV

Nəşr edilib : 27.01.2023 17:35