AZ EN RU

Azərbaycanın beynəlxalq nüfuzunun, diplomatik uğurunun daha bir göstəricisi

Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forum ölkəmizin növbəti diplomatik uğuru kimi tarixə yazıldı. 30 ölkədən 64 iştirakçının qatıldığı forum dünya mediasının da diqqət mərkəzində idi.

Azərbaycanın yekdilliklə BMT-nin İqlim Dəyişikliyi Konfransına ev sahibliyi edəcək ölkə kimi seçilməsi onun qlobal miqyasda oynadığı rolun, güclü diplomatiyanın daha bir göstəricisi idi. Ölkəmizin BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq təsisatlara uğurlu sədrliyi, qazanılmış böyük təcrübə məhz COP29 kimi mötəbər tədbirin ölkəmizdə təşkilinə gətirib çıxarır.

Beynəlxalq forum bir daha göstərdi ki, COP29-un ölkəmizdə təşkili dünyada baş verən iqlim dəyişikliyi fonunda dünyanın gələcək gündəliyinin müəyyənləşdirilməsi baxımından faydalı olacaq. Forumda regional təhlükəsizlik məsələləri, enerji keçidi və yaşıl artımla bağlı, enerji potensialı, yaşıl enerji dəhlizlərinin gələcəyi məsələləri ilə bağlı ölkəmizin baxışı təqdim olundu, qlobal qarşıdurma dönəmində regional inkişaf hadisələrinə aydınlıq gətirildi. Bütün bunlarla bağlı dövlət başçısının prinsipial, dəqiq, sərrast cavabları bir daha Azərbaycanın gücünü, qlobal siyasət arenasındakı nüfuzunu ortaya qoydu. O cümlədən erməni işğalından sonra  ekoloji terrorun nəticələrinin, o cümlədən mina problemi və fəsadlarının aradan qaldırılması məsələsinə də bir daha dünyanın diqqətini çəkdi. Həmçinin forumda ölkəmizin son vaxtlarda ard-arda əldə etdiyi diplomatik uğurlar fonunda (Qazax rayonunun kəndlərinin sülh yolu ilə qaytarılması kimi) birgə əməkdaşlıq əsasında regionda sülh və təhlükəsizliyin inkişafına töhfə verməyin vacibliyi ön plana çəkildi. Ölkə başçısının düşünülmüş siyasəti, strategiyası, diplomatiyası sayəsində Qarabağda əldə edilən böyük Zəfərdən sonra Azərbaycanın yaratdığı yeni reallıq, həyata keçirilən layihələr və digər başqa mövzular müzakirə edildi.

Forumda COP29-un ölkəmizdə keçirilməsinin Ermənistan və Azərbaycan arasında münaqişənin həll olunmasının və sülh danışıqlarında irəliləyişin nəticəsi olduğunu, Cənubi Qafqazda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə nəticələnəcəyini qeyd edən dövlətimizin başçısı COP29-un Cənubi Qafqazda gələcək əməkdaşlıq üçün fürsət olduğunu qeyd etdi.  Forumda Azərbaycanın neft və qaz ölkəsi kimi dünyada oynadığı rol, bu istiqamətdə həyata keçirilən əməliyyatların beynəlxalq ətraf mühitin mühafizəsi standartlarına əsasən aparıldığı vurğulandı.

COP29-a sədrlik veriləndən dərhal sonra ölkəmizə qarşı müxtəlif QHT-lər və media tərəfindən hücum edənlərə ölkə başçısı forum vasitəsilə cavab verərək yaradılan resurslardan yalnızca ölkənin inkişafı, yoxsulluğun azaldılması, sərvətin ədalətli paylanılması, infrastruktur, yaşıl enerji üçün istifadə edildiyini, bu gün sabit neft və artan qaz hasilatına malik ölkəmizin yaşıl enerji layihələrini inkişaf etdirdiyini diqqətə çatdırdı.

Ölkə başçısı ixracla bağlı gələcək hədəflərdən də danışaraq qeyd etdi ki, iki il bundan əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq üzrə bəyannamə imzalanıb. Bu sənədə əsasən Avropaya qaz təchizatımız 2021-ci ildə 8 milyard kubmetrdən 2027-ci ildə 20 milyard kubmetrə qədər artmalıdır. Bu il Avropaya qaz təchizatı təqribən 12 milyard kubmetr olacaq. Bu, 2021-ci illə müqayisədə 4 milyard kubmetr çoxdur. Həmçinin dövlətimizin başçısı dedi: – “Bütün bu məsələlər geosiyasət və regional əməkdaşlıq ilə sıx əlaqədardır. Birincisi Azərbaycan həmişə enerji layihələrini siyasətdən ayırmışdır. Lakin, eyni zamanda, onları yalnız müsbət mənada inteqrasiya etmişdir. Bizim bütün enerji layihələrimiz əməkdaşlığa aparır”.

Prezident cənab İlham Əliyev Forumda Zəngəzur dəhlizi ilə bağlı suallara da aydınlıq gətirdi. Qeyd edildi  ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda “Zəngəzur dəhlizi” sözü qeyd olunmayıb, lakin deyilib ki, Azərbaycanın Şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi olmalıdır və Rusiya sərhəd təhlükəsizliyi qüvvələri nəzarəti təmin etməlidir. Ermənistanın 3 ildən artıqdır ki, bu müddəanı faktiki olaraq pozur və Naxçıvan Muxtar Respublikası ilə quru yolu əlaqəsini qurmaq imkanını bloklayır. “Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına Ermənistan ərazisi vasitəsilə quru yolu beynəlxalq nəzarət və təhlükəsizlik mexanizmi ilə təmin edilməlidir”, deyən  ölkə başçısı əgər üçtərəfli bəyanata hörmət edilməzsə yenə də uduzan tərəfin Ermənistan olacağını vurğuladı.

Son vaxtlarda Ermənistanda baş verən hadisələrə, milli təhlükəsizliklə bağlı məsələyə də toxunan dövlət başçısı Fransanın, Hindistanın və Yunanıstanın Ermənistanı bizə qarşı  silahlandırdığını və bunu açıq, nümayişkaranə şəkildə etdiyini qeyd edərək Ermənistan hökumətinə, indi Ermənistanın qayğısına qalmaq istəyənlərə açıq şəkildə cavab olaraq bildirdi ki,  bizə qarşı ciddi təhlükə görsək, ciddi tədbirlər görməli olacağıq. İkinci Qarabağ müharibəsində cəmi 44 gün ərzində əldə edilmiş Zəfər, separatizmə son qoyulan bir neçə saatlıq antiterror əməliyyatı ilə onlara gücümüzü göstərmişik və Ermənistanın bizə qarşı heç bir şansı yoxdur.

Ölkə başçısı əldə edilən uğurların sirrinin məhz ədalətli və düzgün olmaqdan keçdiyini, Azərbaycanın potensial təhlükə yarada biləcək heç bir təşəbbüsə qoşulmadığını və İranla, Rusiya ilə, Gürcüstanla, Avropa ilə, qardaş Türkiyə ilə münasibətlərdə həmişə ədalətli olduğunu bildirərək dedi: – “Düşünürəm ki, əsas üsul və əsas həll yolu ədalətli və düzgün olmaqdır. Qonşularımızla yaxşı, bəzən də gözəl münasibətlər qura bilmişik. Uğurun əsasını bunda görürəm. Çünki onlar bizə etibar edə bilərlər və bilirlər ki, bizdən heç bir sürpriz olmayacaq”. Yekun nəticədə forum ölkəmizin qarşıdakı məqsəd və planlarını ortaya qoydu, qlobal iqlim dəyişikliyi fonunda bütün dünya üçün vacib mesajlarla yadda qaldı.

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 25.04.2024 19:38