AZ EN RU

Azərbaycanın bankçılıq sisteminin inkişaf strategiyasında Heydər Əliyev irsi

    Güclü bir dövlət üçün onun iqtisadiyyatı mühüm amil sayılır. Dövlətin iqtisadi inkişafı əhalinin rifah səviyyəsini təmin etmək üçün də vacib bir faktordur. İqtisadi inkişaf üçün isə iqtisadi islahatların həyata keçirilməsi və effektiv idarəetmə strukturlarının yaradılması da mütləqdir. İqtisadi inkişaf üçün böyük potensiala malik olan ölkəmizi düzgün siyasət ilə böyük iqtisadi gücə çevirmək Ulu Öndər Heydər Əliyevə nəsib olmuşdur. Belə ki, milli iqtisadiyyatımızın formalaşmasında Ümummilli Liderin xidmətləri misilsizdir. Ulu Öndər ölkəmizin gələcək inkişafını böyük uzaqgörənliklə ifadə etmişdir: “Bir Prezident kimi mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir”.

    Azərbaycanın keçdiyi iqtisadi inkişaf yoluna qısaca nəzər salsaq, görürük ki, 1991-1995-ci illərdə Azərbaycan iqtisadiyyatı iflic vəziyyətində idi. Belə ki, ötən əsrin son onilliyində Azərbaycan ikinci dəfə öz müstəqilliyinə qovuşduqdan sonrakı ilk illərdə ölkədə yaranmış siyasi böhran, torpaqlarımızın işğalı və bunun nəticəsində 1 milyondan artıq soydaşımızın doğma yurd yuvasından didərgin düşməsi, istehsal sahələrinin sıradan çıxması nəticəsində işsizlik səviyyəsinin artması, əhalinin pul gəlirinin kəskin azalması, infilyasiyanın idarəolunmaz səviyyəyə çatması, sosial-iqtisadi böhranı daha da dərinləşdirmiş və beləliklə, ölkə iqtisadiyyatı idarəolunmaz vəziyyətə düşmüşdü. Dərin böhranın müşahidə olunmasının səbəbi köhnə iqtisadi sistemin qalıqlarının mövcudluğu, xüsusilə də milli pul sisteminin olmaması idi. Hərçənd ki, 1992-ci ildə müstəqilliyin əsas atributlarından biri olan milli valyutamız manat dövriyyəyə buraxılsa da, o, ölkədə yeganə ödəniş vasitəsi deyildi. Belə bir şəraitdə bütün ömrünü xalqa həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqın itirilmiş inamını özünə qaytarmaqla, ölkədə yeni inkişaf dövrünün də əsasını qoymuş oldu. Xalqın iradəsi və təkidli tələbi ilə 1993-cü ildə Ulu Öndərin siyasi hakimiyyətə qayıtmasından sonra bütün sahələrdə olduğu kimi, sosial-iqtisadi sahədə də sabitlik baş verdi. Elə məhz həmin dövrdən etibarən də iqtisadiyyatın düşdüyü ağır böhrandan çıxarılması üçün əsaslı islahatlara başlanıldı. Bununla da ölkəmizin iqtisadi həyatında taleyüklü dəyişikliklərin əsası qoyuldu. Dahi siyasətçi Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanın əsasını iqtisadiyyatın inkişafına, mövcud resurslardan səmərəli istifadəyə, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə, vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosial yönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlanıldı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı.
        Ulu Öndərin müdrikliklə, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı iqtisadi siyasət nəticəsində ölkəmizin iqtisadiyyatında mühüm struktur dəyişiklikləri aparılmışdır. Təbii ki, ölkənin bank-maliyyə sektoru da bu inkişaf proseslərindən kənarda qala bilməzdi. Belə ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı digər sahələrdə olduğu kimi, bank sektorunun da formalaşması və inkişafında dönüş nöqtəsi oldu. Qeyd etmək lazımdır ki, bəhs edilən dövrə qədər bank işi zəif hüquqi bazaya əsaslanaraq keçmiş dövrün qanunvericiliyinə uyğun idarə edilirdi. Dünya ölkələrində istifadə olunan çoxsaylı bank əməliyyatlarından yalnız bir qismi respublikamızda icra olunurdu. Əmanət bankı sistemində ciddi nöqsanlar mövcud idi. Ulu Öndərin məşhur “Hər bir xalqın bankı onun iqtisadiyyatının, maliyyəsinin ən mötəbər hissəsidir!” devizi altında apardığı islahatlar əsasında bank sistemi sağlamlaşdırıldı və onun fəaliyyətində mövcud olan nöqsanlar aradan qaldırıldı. Müstəqillik dövründə bankçılıq fəaliyyəti sahəsində hüquqi mexanizmləri tənzimləyən mükəmməl qanunvericilik bazası formalaşdırıldı. Ölkədə müstəqil bank sistemi və pul tədavülünün hüquqi əsaslarını təmin etmək üçün yeni qanunvericilik sənədləri qəbul edildi, mövcud olan qanunvericilik sənədləri isə daha da təkmilləşdirildi. Belə ki, bank qanunlarının yenidən işlənməsi tapşırığı verilməsinin nəticəsi olaraq 1996-cı il 10 iyun tarixdə “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, 14 iyun tarixdə isə “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında” qanunlar yeni redaksiyada qəbul edildi. Bu sahədə mükəmməl qanunvericilik bazasının formalaşdırılması Azərbaycanın bank sisteminin etibarlılığının artırılmasına, əmanətçilərin və kreditorların maraqlarının qorunmasına zəmin yaratdı. 
    Ulu Öndər Heydər Əliyevin birbaşa diqqət və dəstəyi ilə bank islahatları dövlət və özəl bankların yenidən qurulması, bank infrastrukturunun formalaşması istiqamətində həyata keçirilmişdir. Kapitalla bağlı müəyyən edilən aşağı tələblər, bankların fəaliyyəti üçün müəyyən edilmiş son dərəcədə liberal şərtlər çoxlu sayda özəl bankın sistemə daxil olmasını təmin etdi. Sonrakı dövrlərdə isə bank sisteminin davamlılığının təmin olunması məqsədilə banklar qarşısında qoyulan minimal kapital tələbinin mərhələli şəkildə artırılması dövrün tələblərinə cavab verə bilməyən kiçik bankların birləşməsinə, yaxud bağlanmasına səbəb oldu. Aparılan bütün bu islahatlar nəticəsində özəl bank sisteminin kapital bazası möhkəmləndirildi, ölkədə bank sisteminin genişlənməsinə imkan yaradıldı və ümumilikdə, bank sektorunda kəmiyyət və keyfiyyət dəyişiklikləri baş vermiş oldu. Bunun nəticəsi olaraq ölkəmizdə beynəlxalq standartlara tam uyğun bir bank sistemi formalaşdırıldı.
    Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaratdı. Belə ki, müstəqilliyin ilk illərində iflic hala düşmüş Azərbaycan iqtisadiyyatında tərəqqiyə nail olunmasında, çox kövrək və zəif dövlət siyasətinin güclü və aparıcı mövqeyə yüksəlməsində, gənc dövlətimizin dünya miqyasında tanıdılmasında Ümummilli Liderimiz Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Məhz güclü iqtisadiyyatımızın qurucusu olan Ulu Öndərin 90-cı illərin ortalarında təməlini qoyduğu sosial-iqtisadi baza bu gün Azərbaycan xalqının yüksək rifahına, onun parlaq gələcəyinə xidmət edir. Hazırda dünyanın ən sabit və sürətlə inkişaf edən güclü iqtisadiyyatına sahib olmağımız Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Danılmaz faktdır ki, bu gün Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya olan, dinamik iqtisadi inkişafını və etibarlı siyasi sabitliyini təmin etmiş müstəqil bir dövlətdir. Artıq dünya birliyi Azərbaycanı mötəbər kürsülərdən öz sözünü deməyə, öz haqlı mövqeyini bildirməyə və qorumağa qadir, zəngin iqtisadi potensiala malik bir dövlət kimi tanıyır. Buna görə biz Azərbaycan dövlətini davamlı iqtisadi inkişafa aparan düşünülmüş strategiyanın banisi Heydər Əliyevə borcluyuq.
    Bütün bunları nəzərə alaraq, söyləmək olar ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident cənab İlham Əliyev tərəfindən daha da inkişaf etdirilən strateji kurs Azərbaycanı qlobal zirvələrə doğru gedən ölkələr sırasında öncül mövqeyə çıxarmaqdadır. Beləliklə, siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkə, etibarlı tərəfdaş, qlobal layihələrin fəal iştirakçısı, beynəlxalq tədbirlər məkanı kimi tanınan Azərbaycanın bugünkü uğurları məhz Heydər Əliyev siyasətinin layiqincə davam etdirilməsinin məntiqi nəticəsidir. Bu siyasət Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın gələcək tərəqqisinə, daha qüdrətli dövlətə çevrilməsinə, xalqımızın daha firavan həyatına qovuşmasına mütləq əminlik yaradır.
    Əminliklə deyə bilərik ki, həyata keçirilən iqtisadi siyasətin düzgün aparılması nəticəsində hazırda Azərbaycan dünya miqyasında iqtisadi sahədə ən sabit və yüksək inkişaf tempinə malik ölkə hesab olunur. Məhz Ümummilli Liderimizin təşəbbüsü ilə həyata keçirilən islahatları sayəsində qabaqcıl beynəlxalq təcrübəyə uyğun hazırlanmış mütərəqqi qanunvericilik bazası ilə bu gün Mərkəzi Bankın bütün funksional sahələri üzrə fəaliyyətinin daha səmərəli və effektiv həyata keçirilməsi üçün imkan yaradılıb. Özünü doğrultmuş bu iqtisadi strategiya əsasında Mərkəzi Bank da öz missiyası çərçivəsində üzərinə düşən vəzifələri yerinə yetirərək dəfələrlə qlobal iqtisadi böhranların ölkəmizə təsirini minimuma endirməyə nail olmuşdur. Bank-maliyyə sektorunda aparılan islahatların nəticəsidir ki, hazırda banklar müştərilərinə geniş çeşidli xidmətlər göstərir və pərakəndə bank xidmətləri sürətlə inkişaf edir. Əhaliyə bank məhsulları internet-bank, sms-bank, mobil-bank, avtomatlaşdırılmış bank köşkləri kimi ən müasir texnoloji vasitələrlə təklif edilir.
    Ümummilli Lider Heydər Əliyevin iqtisadi quruculuq sahəsində atdığı strateji addımları, iqtisadi islahatların keçirilməsindəki səy və təşəbbüsü iqtisadi inkişaf tarixinin parlaq səhifəsi kimi daim yaddaşlarda yaşayacaqdır.

Aytac AXUNDOVA
Azərbaycan Respublikası Mərkəzi Bankının

Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşı

Nəşr edilib : 12.05.2023 22:46