AZ EN RU

Azərbaycanı görmədən ölkəsinə aşiq bir gənclik yetişir

  Cahangir ABDULLAYEV

Azərbaycan diasporu fəalı,
Belçika, Brüssel. 

 

 Mən 1982-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda doğulmuşam. Ali təhsilimi 2003-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində başa vurduqdan sonra Azərbaycandan kənarda, 2010-cu ilə qədər Türkiyədə yaşamışam. Türkiyədə olduğum müddətdə özümü xarici ölkədə hiss etməmişəm. Çünki qardaş Türkiyə mənim üçün həmişə ikinci Vətən olub. Ancaq 2010-cu ildən etibarən mütəmadi olaraq Rusiya, Almaniya və Belçikaya səyahətlər edib ilin müəyyən aylarını həmin ölkələrdə yaşamışam. Azərbaycan həsrətini isə 2012-ci ildən hiss etməyə başladım. Çünki məhz 2012-ci ildən, ailə həyatı qurduqdan sonra tam şəkildə ailəmlə birlikdə xaricdə yaşamağa başlamışam. 

    Yaşadığım ölkələrdə daha çox diaspor təşkilatları ilə birlikdə çalışmağa cəhd göstərmişəm. 2012-2015-ci illərdə Azərbaycanın İspaniyadakı diaspor təşkilatları ilə birlikdə fəaliyyət göstərmişik. 2014-2019-cu illərdə isə Azərbaycan Belçika Dostluq Dərnəyində fəaliyyət göstərmişəm. Bir şeyi xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycandan kənarda yaşayan hər bir həmvətənimiz çalışır ki, bir-birilə mütəmadi əlaqə saxlasın. Siyasi və dini baxış fərq etmədən hamı bir-birinə möhkəm sarılır. Bunu diaspor ilə bağlı dərnəklərdə fəaliyyət göstərəndə çox aydın müşahidə etmək olur.
    Azərbaycanla bağlı hər hansısa tədbir keçiriləndə hamı bir nəfər kimi iştirak etməyə çalışır; qadınlı-kişili, böyüklü-uşaqlı. Avropada yaşayan bir çox azərbaycanlı ailələrin uşaqları Azərbaycana heç gəlməyib, ancaq Azərbaycan Bayrağı çiyinlərində tədbirlərdə iştirak edirlər. Bunu Vətən müharibəsi dövründə Berlində və Brüsseldə Ermənistan səfirliyinin qarşısında keçirilən etiraz aksiyalarında o qədər çox gördük ki, qürurlanmamaq əldə deyil. Hazırda xaricdə yaşayan çoxlu sayda azərbaycanlıların ailələrində ölkəsini görmədən Vətəninə aşiq bir gənclik yetişir. Əslində, ailələrimizdə böyüyən uşaqlara Azərbaycanı görmədən sevdirmək o qədər çətindir ki. Bəzən dinlətdiyimiz bir musiqi, bəzən bişirdiyimiz bir yemək, bəzənsə, uşaqlıq xatirələrimiz köməyimizə çatır. Amma çətinliklər, sadəcə, bununla bitmir. 
    Azərbaycandan kənarda yaşayan həmvətənlərimizin ən böyük arzularından biri uşaqlarının Azərbaycan dilində səlis danışmasına imkan yaratmaqdır. Elə buna görə də xüsusilə uşaqlı ailələr bir-birləri ilə daha çox əlaqə qurmağa və ailəvi dostluqlar yaratmağa çalışırlar. Çünki bu dostluq uşaqları da bir-birlərinə yaxınlaşdırır, onların aralarında öz ana dilimizdə danışmalarına səbəb olur. Bu cəhətdən diaspor dərnəklərinin təşkil etdikləri tədbirlər çox böyük əhəmiyyət daşıyır. Xüsusən bayram tədbirləri Vətəndən kənarda böyüyən uşaqların Azərbaycan tarixi, mədəniyyəti və ənənələri ilə tanış olmasına səbəb olur. Bunları bilənlərin isə unutmaması üçün belə tədbirlər vacibdir. 
    Hazırda xaricdə fəaliyyət göstərən diaspor dərnəklərinin, kiçik dostluq cəmiyyətlərinin görməli olduğu və əslində, planladıqları ən vacib işlərdən biri də səfirliklər nəzdində ana dilimizdə kursların yaradılmasına nail olmaqdır. Əslində, təşkil olunacaq kurslar və yaxud söhbət qrupları uşaqların Azərbaycan dilində daha da səlis danışmalarına imkan yaradacaq. Düşünürəm ki, bu cür kurslar, sadəcə, dilin təkmilləşməsi istiqamətində deyil, Azərbaycan tarixinin və ədəbiyyatının da öyrədilməsi yönündə olmalıdır. Məsələn, bizlər Vətən müharibəsinin şahidi olduq. Xaricdə yaşayan hər bir azərbaycanlı müharibə dövründə əlindən gələn dəstəyi göstərdi. Ancaq xaricdəki ailələrdə böyüyən uşaqlar Azərbaycan tarixinin bu şanlı səhifələrindən xəbərsizdirlər. Bəzilərinin yaşlarının azlığı bu barədə onların xəbərsiz, məlumatsız olmalarına səbəb olur, bəziləri isə xəbərdar olsalar belə qarşıdakı illərdə unuda bilərlər. Çünki Azərbaycan məktəblərində təhsil almırlar, Azərbaycan tarixi onlara tədris olunmur. Ailələri tərəfindən daim bilgiləndirilsələr də, bu kifayət etmir. 
    Sözsüz ki, uşaqların dostları ilə, yaşıdları ilə aralarında sözügedən mövzuda söhbətləşmək onlarda daha çox maraq yaradır və bu maraq onlarda sonradan sevgiyə çevrilir, Vətənə məhəbbət hissinin formalaşmasına səbəb olur. Odur ki, planlanan kursların təşkili olduqca vacibdir. Biz orta nəsil Azərbaycandan gənc yaşda köç edənlərik, ancaq bizim kimilərin ailələrində doğulan uşaqlar Azərbaycanı kifayət qədər görmədən böyüyən nəsildir. Bu nəsildə Azərbaycan sevgisinin formalaşması, bu nəslə Azərbaycan tarixinin, mədəniyyətinin, ədəbiyyatının öyrədilməsi çox çətin və eyni zamanda mühüm məsələdir. 
    Nə yaxşı ki, onlara artıq “Qarabağ işğal altındadır” deməyəcəyik, tam əksinə, onları Qarabağa səyahətə gətirəcəyik və Azərbaycanın ayrılmaz, bütöv olduğunu qürurla danışacağıq. Bu qüruru bizə yaşadan bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik, hər birimiz Azərbaycan şəhidlərinə nəfəs aldığımız müddətcə minnətdar olacağıq.

Nəşr edilib : 15.12.2023 17:43